RU

Deputatdan ixtisas seçimi ilə bağlı ÇAĞIRIŞ – “Bunu etmək əks nəticə verə bilər”

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək in­ter­­net vasitəsilə aparılır.

Təbii ki, ixtisas seçimi abituriyentlər üçün ən məsul işdir.

Çünki seçiləcək ixtisas həmin gəncin taleyinində mühüm rol oynayır. Çox təəssüf ki, ixtisas seçimi daha çox valideynlərin istəyi ilə həyata keçirilir. Bəzi hallarda isə bu işi repetitorlar görür. Arzuolunan keçid balı toplamayan abituriyentin diplom xatirinə qəbul olunması üçün valideynlər ixtisas seçimi və kodlaşdırma üçün repetitorlara müraciət edirlər. Bunun üçün də hər bir valideyn 100-150 manat ödəniş də edir.

Amma gəncdən soruşan olmur ki, sən kim olmaq istəyirsən?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin deputatı Günay Ağamalı deyir ki, hər bir gəncin öz istedadı, maraq dairəsi və həyat planı var:

“Ancaq bəzən valideynlərin və ətraf mühitin ən doğru hesab etdiyi seçimlər, gəncin şəxsi istəkləri ilə üst-üstə düşmür. Bu isə onların potensialının tam şəkildə üzə çıxmasına və həqiqətən sevdiyi peşəyə sahib olmasına mane olur.

Ümumiyyətlə, gəncin həyat yolunu məcburi istiqamətləndirmək əks nəticə verə bilər. Gənclərin uğurlu və xoşbəxt olması üçün onların maraqlarına, yaradıcılıq qabiliyyətlərinə və şəxsi seçimlərinə hörmətlə yanaşmaq vacibdir”.

Müsahibimiz qeyd edib ki, dövlətimiz təhsil və məşğulluq siyasətində gənclərin azad seçim imkanlarını genişləndirməyə xüsusi önəm verir:

“Xüsusilə, cənab Prezident İlham Əliyevin müxtəlif zamanlarda etdiyi çıxışlar, gənclərə düzgün karyera qurmaq istiqamətində verdiyi tövsiyələr bu kontekstdə ciddi irəliləyişlərin əldə olunmasına zəmin yaradıb. Artıq əvvəlki illərdən fərqli olaraq  valideynlərin ciddi təzyiqi, yönləndirməsinin sayı əhəmiyyətli dərəcədə azalıb və dünyanın müxtəlif ölkələrində öz təhsilini davam etdirən gənclərimizin də sayı kifayət qədərdir. Təbii ki,  ailə institutu da  bu prosesdə gənclərin azad qərar verməsinə  dəstək və  onların istedadlarının üzə çıxarılmasında yardımçı olmalıdırlar.

Gənclərə güvənmək, onların ideyalarına önəm vermək və seçdikləri yolda onlara dəstək olmaq onlar üçün əvəzsiz motivasiyadır. İnsan sevdiyi işlə, peşəylə məşğul olanda cəmiyyətə daha böyük fayda gətirir”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
63
50
bizim.media

10Источники