RU

Sülh müqaviləsindən sonra quru sərhədlər açılacaq? — AÇIQLAMA

“Ağ ev zirvəsində paraflanan sülh müqaviləsi Ermənistanın üzərinə ciddi öhdəliklər qoyur. Artıq bu sənədin ABŞ-ın liderinin iştirakı ilə razılaşdırılması, onun icrasını Ermənistan üçün ikiqat məsuliyyətə çevirir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. 

Deputatın sözlərinə görə, indiyədək Azərbaycanla bağlı qapalı müzakirələrdə keçirilən bu proses, artıq sənədin açıq şəkildə gündəmə gəlməsi ilə dünya ictimaiyyətinə, xüsusilə də xalqlara təqdim olunub:



“Bu isə öz növbəsində vətəndaşlardan və ictimaiyyətlərdən həmin sənədin imzalanması üçün hökumətlərə təzyiq göstərmək ehtiyacını doğurur. Hazırda sülh sazişinin imzalanmasının yeganə hüquqi maneəsi Ermənistan Konstitusiyasında qalan təxribatçı müddəalardır. 90-cı illərin ağır mirası olan bu maddələr aradan qaldırıldıqdan sonra Prezident İlham Əliyevin müəyyən etdiyi tarix, yer və formatda sülh müqaviləsinin imzalanması mümkün olacaq. Bəzi fikirlərə görə bu imzalanma prosesi 2026-cı ilin parlament seçkilərinə qədər təxirə salına bilər, lakin bu yanaşma yanlışdır. Ermənistanın daxili siyasi vəziyyəti kifayət qədər qarışıqdır, radikal qüvvələrin bu prosesi silahlı qarşıdurmaya çevirmək riski də mövcuddur. Ona görə də gecikdirmə təhlükəlidir”. 

Millət vəkili qeyd edib ki, ən qısa müddətdə sülh müqaviləsi imzalansa, Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması mümkün olacaq:

“Azərbaycanın sərhədləri müvəqqəti bağlama qərarı isə bu müqaviləyə zidd deyil, çünki bu qərar ölkənin təhlükəsizliyini təmin etməyə yönəlib. 30 il əvvəl Ermənistanın işğalı nəticəsində bağlanmış sərhədlərin açılması yalnız sülh və qarşılıqlı inam şəraitində mümkün ola bilər. 

Qardaş Türkiyənin də həmin dövrdə Kəlbəcərin işğalına cavab olaraq sərhədləri bağlaması bunun nümunəsidir. Belə olan halda Azərbaycanın Ermənistanla birtərəfli münasibət qurması nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunan olmazdı. Sərhədlərin bağlanması sülh müqaviləsi, diplomatik münasibətlər və iqtisadi əlaqələrə ziddiyyət təşkil etmir. Bu məsələdə Prezident İlham Əliyevin siyasi iradəsi və qərarları əsas rolu oynayacaq. Yetər ki, Ermənistan tərəfi prosesi ləngitməsin və imzalanma üçün maneələri aradan qaldırsın”.


Leyla Turan
Demokrat.az
Избранный
17
1
demokrat.az

2Источники