Prezident İlham Əliyevin ABŞ paytaxtı Vaşinqtona səfəri günü – avqustun 8-də “The Washington Post” qəzetində “Qəzza bəlasından öncə Dağlıq Qarabağ vardı” (“Before Gaza’s woe, there was Nagorno-Karabakh”) adlı yazı yayımlanıb. İşaan Tharur (Ishaan Tharoor) adlı müəllif öz yazısında Azərbaycanla bağlı açıq təhriflərə yer verib. Yazıda Ermənistanın işğal dövründə darmadağın etdiyi Ağdam şəhərinin şəkli verilərək Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə apardığı iddia edilib.
Daha sonra iddia edilib ki, Azərbaycan son hərbi əməliyyatlarda 150 min ermənini Qarabağdan qovub. Ümumiyyətlə anti-Azərbaycan ovqatında tərtib edilmiş yazıda ermənilərin törətdiyi heç bir cinayət əməlindən danışılmadığı halda Azərbaycan etmədiyi əməllərə görə hədəfə çıxarılıb.
Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət yazıyla bağlı arqumentləri əks etdirən “The Washington Post faktları təhrif edir – VİDEO” (“The Washington Post is distorting the facts… – VIDEO“) adlı məqalə hazırlayaraq e-poçtla qəzetin müvafiq redaksiyalarına göndərib. Aradan iki gün keçsə də nəşrdən hər hansı reaksiya verilməyib.