ABŞ Prezidenti zəmanətlərin alyans çərçivəsində verilməsini istəmir...
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropa ölkələrinin liderləri ilə onlayn görüşdə, Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu, lakin bunun NATO çərçivəsində həyata keçirilməməsi şərtini irəli sürdüyünü bildirib.
Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti üç mənbəyə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp “ABŞ-ın atəşkəs əldə olunduğu halda Ukraynaya gələcəkdə mümkün Rusiya təcavüzünün qarşısını almaq üçün müəyyən dəstək göstərə biləcəyini” deyib. O, belə bir öhdəliyi yalnız NATO vasitəsilə həyata keçirilməyəcəyi təqdirdə qəbul edəcəyini vurğulayıb.
Tramp zəmanətlərin məzmununu dəqiq açıqlamasa da, daha əvvəl ABŞ-ın Kiyevə birbaşa silah tədarük etməyəcəyini, bu tədarüklərin Avropa dövlətləri tərəfindən NATO vasitəsilə maliyyələşdiriləcəyini bəyan etmişdi. Britaniyalı bir rəsmiyə görə, Tramp ABŞ təhlükəsizlik zəmanətlərinin yekun sülh razılaşmasının bir hissəsi olmalı olduğunu qəbul edir və bu prosesdə ABŞ-ın rol oynayacağını düşünür.
Müzakirə çərşənbə günü Almaniya tərəfindən təşkil edilən virtual görüş zamanı aparılıb. Görüşün məqsədi ABŞ və Avropa ölkələrinin mövqelərini, cümə günü Alyaskada keçiriləcək ABŞ–Rusiya sammitindən əvvəl uzlaşdırmaq olub.
Poliqon.info