Azərbaycanda nikah yaşı qanunla 18 olaraq müəyyən edilsə də, erkən nikah problemi hələ də tam aradan qalxmayıb. Sosioloqların sözlərinə görə, son illərdə bu sahədə müsbət irəliləyişlər müşahidə olunsa da, hər il yüzlərlə yeniyetmə qız ana olur.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Operativ Media-ya danışıb.
Onun sözlərinə görə, erkən nikah təkcə hüquqi məsələ deyil, həm də ciddi sosial, psixoloji və sağlamlıq problemlərinə yol açır:
"BMT-nin konvensiyalarına əsasən nikah yaşı 18 olaraq müəyyən edilib. Lakin bəzi ölkələrdə istisnalar mövcuddur. Azərbaycan da BMT-nin bu konvensiyasına qoşulan ölkələrdəndir və qanunvericilikdə nikah yaşı 18 yaş kimi təsbit olunub.
Əvvəllər Azərbaycanda bəzi istisna hallar mövcud idi. Son dəyişikliklər nəticəsində bu istisnalar ləğv olundu və hazırda nikah yaşı yalnız 18-dir.
Bununla belə erkən nikah problemi hələ də qalmaqdadır. Əgər ölkədə hər il doğulan uşaqların təxminən 200-300-ü 16-17 yaşlı analardan dünyaya gəlirsə, bu problemin tam aradan qalxmadığını göstərir. Bununla belə rəqəmlər əvvəlki illərə nisbətən xeyli azalıb. Bir vaxtlar bu göstərici minlərlə idi.
Bəzi bölgələrdə, Bakı kəndlərində erkən nikah halları geniş yayılıb. Təəssüf ki, bəzi valideynlər övladlarının gələcəyini düşündüklərini zənn edərək, əslində, onlara zərər vururlar. Çox vaxt bu nikahlar uğursuzluqla nəticələnir, boşanma halları artır, ana ölümü göstəriciləri yüksəlir.
Erkən nikahın sosial nəticələri çox ağırdır: təhsildən yayınma, psixoloji zərər, işsizlik, yoxsulluq və qadınların sosial təcridi. Statistik göstəricilərə görə, erkən yaşda uşaq dünyaya gətirən analar arasında ölüm faizi digər yaş qruplarına nisbətən daha yüksəkdir.
Azərbaycan qanunvericiliyində erkən və məcburi nikahla bağlı ciddi hüquqi məsuliyyətlər nəzərdə tutulur. Cinayət Məcəlləsinin 176-cı maddəsi nikaha məcbur etməyi, 152-ci maddəsi isə 16 yaşına çatmamış şəxslə cinsi münasibət və cinsi xarakterli hərəkətləri qadağan edir. Bu hallara görə həm cərimə, həm də azadlıqdan məhrumetmə cəzaları tətbiq olunur.
Amma yalnız hüquqi tədbirlər kifayət deyil. Davamlı maarifləndirmə işi aparılmalıdır. Valideynlər başa düşməlidirlər ki, övladlarını erkən nikaha məcbur etməklə onların həyatına mənfi təsir göstərirlər. Məktəblərdə sosial işçilər, müəllimlər və yerli qadın təşkilatları daha fəal olmalıdır. Təhsil almış, uğur qazanmış qadınların hekayələri qız şagirdlərə nümunə kimi təqdim edilməlidir.
Televiziya, sosial media və yerli icma tədbirləri vasitəsilə erkən nikahın fəsadları barədə ictimai maarifləndirmə davamlı aparılmalıdır. Məktəb rəhbərləri isə dərsə davamiyyətdə problem aşkar etdikdə, səbəbi dərhal araşdırmalı və müdaxilə etməlidirlər.
Yalnız bu tədbirlər erkən nikah hallarını minimuma endirməyə kömək ola bilər".
Azərbaycanda erkən evliliklərin qarşısının alınması istiqamətində hansı işlər görülür?
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi, Mərkəzlərlə iş sektoru, baş məsləhətçisi Zülfiyyə Sadıq Operativ Media-ya danışıb.
Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu sahədə bir neçə istiqamətdə tədbirlər görülür:
"Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, şəhər və kənd yerlərində maarifləndirmə işinin aparılması, qız uşaqları ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi. İlk olaraq onu qeyd edək ki, ölkədə erkən evlilik və qohum nikahları ilə bağlı mənfi halların qarşısını almaq məqsədilə Dövlət Komitəsi tərəfindən hazırlanan “Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi 28 iyun 2024-cü ildə qəbul edilib və dəyişikliklər 2025-ci il iyul ayının 1-dən etibarən qüvvəyə minib.
Həmin dəyişikliklərdə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı (nişan, toy və digər mərasimlər) mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı normalar əks olunub. Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyə məcbur edilməsində həm valideynlər, həm azyaşlı ilə evlənən yetkin şəxslər, həm də bu sövdələşmələrdə iştirak edən din xadimləri, hüquqi şəxslər məsuliyyətə cəlb olunacaqlar. Ümid edirik ki, qanuna edilən dəyişikliklər sayəsində erkən evlilik və qohum nikahlarının aradan qaldırlması istiqamətində yetkin vətəndaş mövqeyi formalaşacaq, insanlarımız bunu cəza kimi deyil, mədəni hüquqi davranış norması kimi mənimsəyəcəklər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nı xüsusi qeyd etmək lazımdır. Qaydanın icrası 14 aidiyyəti quruma və yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Dövlət Komitəsi və Komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən şəhər və kənd yerlərində müxtəlif formatlarda maarifləndirmə işi aparılır. Müxtəlif yaş qruplarından olan əhali arasında erkən evlilik hallarının fəsadları, valideyn bacarıqlarının artırılması, erkən evlilik və qohum nikahların qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə, həmçinin rayon daxilində bu sahədə yerli qurumların əlaqəli fəaliyyətini təşviq etmək məqsədilə maarifləndirici görüşlər keçirilir, erkən evlilik faktlarının aşkarlanması və aidiyyatı qurumlarla birgə qarşısının alınması məqsədilə ailələrə monitorinq səfərləri edilir. Belə ki, Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən cari ilin 6 ayı ərzində Mərkəzlərə daxil olan məlumatlara əsasən 22 ailə səfəri edilib,18 erkən evlilik faktının qarşısı alınıb.
Belə hallarla üzləşən şəxslər üçün Dövlət Komitəsinin dəstəyi ilə Uşaq hüquqlarının müdafiəsi üçün 116111 qaynar hətti yaradılıb.
Qeyd edək ki, erkən evlilik hallarının mənfi cəhətlərindən biri də qızların təhsil hüququnun pozulmasıdır. Bu məqsədlə, cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaq məqsədilə bir sıra layihələr həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə 2021-ci ildən etibarən “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” həyata keçirilir. Bu layihə sayəsində 93 tələbə qıza dəstək göstərilib. Eləcə də Dövlət Komitəsinin Kapital bankla birgə qızların təhsilinə dəstək göstərmək məqsədilə “Arzumuz var” sloqanı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində Bakı və bölgələrdən olan 15 abituriyentə dəstək göstərilib.
Son olaraq vurğulamaq istərdik ki, erkən evlilik hallarının aradan qaldırılmasında valideynlər, məktəb və qurumlarla birgə tədbirlər görülməlidir, yetkinlik yaşına çatmayanlara qarşı münasibətdə valideynlər və ya onları əvəz edən şəxslərin məsuliyyətliliyi artırılmalı, vətəndaş mövqeyi formalaşdırlmalıdır. Bütün bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi cəmiyyətdə erkən evlilik hallarına düzgün münasibətin formalaşmasına ciddi təsir göstərəcəkdir".
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb.