Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla söhbət zamanı İranın Ali dini lideri Ayətullah Xamnəinin baş müşaviri Əli Əkbər Vilayəti Qarabağda vurulan İran təyyarəsini xatırladıb: “Biz hətta bu yolda qurbanlar vermişik, o cümlədən Qarabağ müharibəsi zamanı təyyarənin raketlə vurulması nəticəsində bir sıra iranlı diplomatların ailələri şəhid olub”.
Ötən əsrin 90-cı illərində baş vermiş bu hadisə hələ o zaman xeyli şayiələr və fərziyyələr doğurmuşdu.
Hadisənin təfərrüatı: 17 mart 1994-cü ildə İranın Rusiyadakı səfirliyinin əməkdaşlarını daşıyan İslam Respublikası Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130” hərbi-nəqliyyat təyyarəsini Ermənistan silahlı qüvvələri vurub. Qəza nəticəsində təyyarədə olan 32 nəfər (19 sərnişin və 13 ekipaj üzvü) həlak olub.
“C-130 Hercules” təyyarəsində Novruz bayramına görə ölkəyə qayıdan İran səfirliyinin əməkdaşları və onların ailə üzvləri olub. Moskvadakı səfirliyin məlumatına görə, təyyarədə 9-u uşaq və 13 ekipaj üzvü olmaqla, 19 sərnişin olub.
Ekipaj Qarabağ bölgəsinə, Azərbaycanın hava məkanına daxil olmazdan əvvəl mexaniki problem barədə məlumat verib, bundan sonra təyyarə məhv edilib.
İlkin bəyanatlar: Qəzadan sonra Ermənistan xarici işlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirib ki, təyyarə İrana çatmazdan əvvəl Rusiya, Gürcüstan və Ermənistan ərazisindən uçmalı idi. Lakin o, Gürcüstanı tərk edərkən bu dəhlizdən təxminən 65 mil şərqə doğru kənara çıxıb və planlaşdırıldığı kimi, saat 10:08-də Ermənistanın hava məkanına daxil olmayıb, əksinə, Qarabağı əhatə edən döyüş bölgəsi üzərindən uçub.
Qəzada həlak olanların qalıqları təyyarə ilə əvvəlcə Ermənistana və daha sonra İrəvanın “Zvartnots” hava limanından Tehrana aparılıb. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyan və Ermənistanın baş nazirinin müavini Vigen Çitçiyan iştirak ediblər.
Sonrakı addımlar: İran qəzanın səbəblərini araşdırmaq üçün bölgəyə xüsusi hava qüvvələri komissiyası göndərib. Komissiyanın rəhbəri Aminian Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanın irəli sürdüyü fərziyyəni rədd edib.
Arutyunyan təyyarənin idarəetməni itirdiyini və uçuş sistemindəki bəzi nasazlıq səbəbindən qəzaya uğradığını iddia edib.
Amininian bildirib ki, təyyarə Ermənistan silahlı qüvvələrinin atdığı 2 raketlə vurulub. O, Ermənistan tərəfinin qəzaya görə birbaşa məsuliyyəti öz üzərinə götürmədiyini, Ermənistan hərbi qüvvələrinin təyyarənin şəxsiyyətini müəyyənləşdirməyə çalışmadığını və onu guya Azərbaycan təyyarəsi ilə səhv saldıqlarını bildirib.
Yekun qərar: İran XİN bəyanat yayaraq, atışmada erməni qüvvələrinin təqsirkar olduğunu təsdiqləyən araşdırmasının nəticələrini açıqlayıb.
Bəyanatda deyilir: “İran qanuni addımlar atmaq və təyyarə qəzasının qurbanları üçün təzminat tələb etmək hüququnu özündə saxlayır və Ermənistan hökumətini təyyarə qəzasına görə məsuliyyət daşıyanları müəyyənləşdirib cəzalandırmağa çağırır”.
Öz növbəsində, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) faciə baş verən gün Azərbaycan kəşfiyyatının lentə aldığı radio danışığını İran tərəfinə təqdim edib. Mesajda eşidilən sətirlərdən biri bu olub: “Biz indicə Azərbaycan hərbi təyyarəsini vurmuşuq”.
Azərbaycan kəşfiyyatı “C-130”-un “Osa”raket sistemi ilə vurulduğunu iddia edib.
Bəzi rusiyalı hərbi ekspertlər iddia edirdilər ki, “C-130” kəşfiyyat məqsədilə öz uçuş yolunu qəsdən dəyişib. Lakin İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edib.
Qəzadan sonra ozamankı İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Tehranda Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanla görüşündə təqsirkarların cəzalandırılmasını tələb edib. Tehrandan yola düşməzdən əvvəl Arutyunyan İran təyyarəsinin “səhvən” vurulduğunu etiraf edib, lakin konkret kimin səhv etdiyini açıqlamayıb.
Yenisabah.az