Hazırda "Veres"də forma geyinən, "Ferentsvaroş"un sabiq futbolçusu İqor Xaratin Macarıstan klubunun saytına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Ferentsvaroş"un Çempionlar Liqasında əsas mərhələyə düşmə şanslarını və "Qarabağ"ı dəyərləndirib:
"Məncə, futbolçular ÇL-də liqa mərhələsinə vəsiqə qazanmaq qabiliyyətindədirlər. Düzgün rəftar, fokus və güc altında birləşərək "Ferentsvaroş" bu il Çempionlar Liqasında əsas mərhələyə düşə bilər. Bəli, "Qarabağ" çətin rəqib olacaq. Biz beynəlxalq təcrübəsi və rutini olan komandadan danışırıq. Ona görə də "Ferentsvaroş" üçün asan matç olmayacaq. Lakin komanda qalib gəlmək keyfiyyətindədir".
Qeyd edək ki, İqor 2019-2021-ci illərdə "yaşıl-ağlar"da çıxış edib. Onun macar klubundakı yadda qalan qollarından biri 2020-ci ildə ÇL-nin qrup mərhələsinin cavab oyununda səfərdə "Barselona"ya (5:1) qarşı olub.
Xatırladaq ki, Ağdam təmsilçisi ÇL-nin pley-off mərhələsi çərçivədində "Ferentsvaroş"a qarşı ilk oyununu 19 avqust Bakı vaxtı ilə saat 23:00-da səfərdə keçirəcək. Cavab matçı 27 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.