RU

Prezidentlərin Alyaskada hərbi bazada görüşünün proqramı RAZILAŞDIRILIB

Yazını böyüt
Yazını kiçilt

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın ABŞ Hərbi Hava Qüvvələrinin Alyaskadakı Elmendorf-Riçardson bazasında keçiriləcək görüşünün proqramı tam şəkildə razılaşdırılıb və hazırlığın son mərhələsinə qədəm qoyub.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, iki liderin görüşü Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə 23:30 - red.) ancaq tərcüməçilərin iştirak etdiyi təkbətək söhbətlə başlayacaq.

"Bundan sonra Putin və Tramp danışıqları səhər yeməyi arxasında davam etdirəcəklər. Onlar, xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıq son mərhələyə daxil olub. Görüşün cəmi beş gün əvvəl, yəni ötən cümə günündən şənbə gününə keçən gecə elan edildiyini nəzərə alsaq, hər şey intensiv şəkildə həyata keçirilir, bir çox texniki məsələlər, o cümlədən viza məsələləri həll olunur. Və əlbəttə ki, ilk növbədə sammitin siyasi komponentlərinin aktiv şəkildə işlənib-hazırlanması üzərində iş aparılır".

Onun sözlərinə görə, Kreml Putinlə Trampın görüşünün Alyaskada sovet pilotlarının dəfn olunduğu yerin yaxınlığında baş tutmasını simvolik hesab edir.

Yuri Uşakov, həmçinin qeyd edib ki, Putin və Trampın nümayəndə heyətləri çərçivəsində danışıqları "5-in 5-ə" formuluna əsasən aparılacaq.

Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev daxil edilib. Diplomat əlavə edib ki, ABŞ nümayəndə heyətinin tərkibi də müəyyənləşib, lakin bunu ABŞ tərəfinin bunu açıqlaması daha düzgün olardı.

Uşakovun sözlərinə görə, Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq, lakin liderlər bir sıra digər mühüm beynəlxalq məsələləri də müzakirə edəcəklər.

"Sammitin gündəliyinə gəlincə, yəqin, hamıya aydındır ki, əsas mövzu Ukrayna böhranının həlli olacaq, o cümlədən, xatırladığınız kimi, avqustun 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə Kremldə keçirilən müzakirəni də nəzərə alaraq", - deyə o qeyd edib.

"Lakin təbii ki, sülh və təhlükəsizliyin təmin edilməsi üzrə daha geniş məsələlərə, həmçinin aktual və ən kəskin beynəlxalq və regional problemlərə də toxunulacaq", - deyə prezidentin köməkçisi əlavə edib.

Danışıqlardan sonra Putin və Tramp KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçirəcəklər və danışıqların nəticələrinə yekun vuracaqlar.

Uşakov onu da qeyd edib ki, Rusiya və ABŞ liderləri arasında danışıqların müddəti müzakirənin necə gedəcəyindən asılı olacaq. Rusiya nümayəndə heyəti sammitdən dərhal sonra Alyaskadan Rusiyaya uçacaq. /TASS/

Избранный
7
1
hafta.az

3Источники