“Yəqin ki, hər kəs fərqindədir, müəyyən adlar və soyadlar insanda konkret assosiasiyalar yaradır. Bu baxımdan, Konstantin Zatulin ad və soyadını səsləndirən kimi ağlıma “Zatulin” ifadəsinin qarşılığı olaraq Azərbaycan dilinə məxsus söz yadıma düşür: zatıqırıqlıq. Zatulin və zatıqırıqlıq sanki sinonim sözlərdir, bir-birinə çox yaxındır. Konstantin Zatulin Rusiya Dövlət Dumasında komitə sədrinin müavini səviyyəsinə yüksəlsə belə, yenə də zatıqırıq olaraq qalır ki qalır. Bu adam dəfələrlə Ermənistanda Köçəryan və Sarkisyan hökumətlərindən ordenlər, medallar, təltiflər, ənamlar almış şəxsdir. Erməni lobbisi və diasporunun əlində bir oyuncaqdır. Həmişə ondan istifadə ediblər. Hətta onu Ermənistanın ta vətəndaşlığına qədər yüksəltmişdilər. Az qala “Ermənistanın milli qəhrəmanı” elan etmişdilər. O, hərbi canilər Köçəryan və Sarkisyanın ən yaxın dostlarından biri idi. Yaxşı ki, Paşinyan hökuməti 2022-ci ildən onu “persona non qrata” elan edib. Daha onun Ermənistana gəlməsinə icazə vermirlər. “Kimi görək, Zatulini görməyək” deyirlər. Onun Ermənistana bütün yolları bağlanıb. İndi isə gecə-gündüz Ermənistandakı hakimiyyəti hədəfə alır, vaxtilə ənamlar aldığı, böyük vəsaitlər qopardığı Ermənistana münasibətdə həqarətli ifadələr işlədir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Zatulin avqustun 13-də yenə də cızmaqarasını yayıb: “Deyib ki, guya Azərbaycan və Türkiyənin regionda ambisiyalarının gerçəkləşməsi fonunda Ermənistan tam olaraq milli ləyqaətini itirməkdədir. Zatulin gərək milli ləyaqətdən danışmasın. Əvvəlcə, güzgüyə baxsın, öz eybəcər sifətini görsün və bilsin ki, Zatulinə milli ləyaqətdən danışmaq olmaz. Çünki o, ləyaqətini çoxdan itirmiş adamdır və ləyaqətini itirmiş adamın milli ləyaqətdən danışması nonsensdir. Kimə desən, buna gülər. Bişmiş toyuğun da gülməyi gələr. O, Rusiyanı sülhpərvər dövlət kimi təqdim edir və deyir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiya həmişə sülh tərəfdarı olub, münaqişənin sülh yolu tənzimlənməsini istəyib, lakin Azərbaycan və Türkiyə müharibəyə üstünlük verib. Ay Zatulin, məgər sən bilmirsən, səni əllərində maşaya çevirmiş, səndən eninə-uzununa istifadə edən Ermənistandakı Sarkisyan-Köçəryan rejimləri də, onu müdafə edən Rusiya hakim dairələri də buna görə sülhdən danışırdılar ki, sülh münaqişəni həll etməyəcəkdi, münaqişənin dondurulmasına gətirib çıxaracaqdı. Azərbaycanı itirilmiş torpaqları faktı ilə barışmağa sövq edirdilər. Lakin cənab İlham Əliyev qətiyyətli mövqeyi nəticəsində söylədi ki, bir qarış torpağımızın belə işğal altında qalması ilə barışmayacağıq və sona qədər mübarizə apardı. Fərqində oldu ki, bizim nicatımız yalnız müharibədən keçir. Yalnız müharibə yolu ilə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edə bilərik. Zatulin, o yol isə sizi narahat edirdi ki, həmin yol Azərbaycanı qələbəyə aparır. Azərbaycan güclüdür və güclü lideri var. Bunu həzm edə bilmirdin. Sənin Ermənistana gəlişinə qadağa qoyan Nikol Paşinyanı ittiham edirsən ki, Qarabağda özününkülərə - ermənilərə qarşı xəyanət yolunu seçib, guya Qarabağdan erməni əhalisinin qovulması prosesi baş verdi, Paşinyan buna göz yumdu. Əvvəla, Qarabağdan erməniləri heç kim qovmayıb. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd etdi ki, qalın, yaşayın, qanunlarımıza tabe olun, işlə təmin olunun. Amma Qarabağdakı ermənilər könüllü şəkildə ərazidən getdilər. Hətta rahat getmələri üçün şərait də yaradıldı, avtobuslar verildi. Yemək, su ilə təmin edildilər ki, əziyyət çəkməsinlər. Halbuki sən Zatulinin gözləri kor olub, görmürdü ki, 1990-cı illərin əvvələrində depirtasiya və soyqırımı siyasəti nəticəsində azərbaycanlıların Qarabağdan qovulmaları hansı şəraitdə həyata keçirilmişdi. Əliyalın... Ayaqqabı belə geyinməyə imkan vermədiniz. Dağda, meşəlikdə qar içində, buzlu, soyuq havada min bir əziyyətlərə düçar edildilər. Bir qismi Azərbaycana gələ bildi, bir qismi yollarda şəhid oldu. Qarabağdan könüllü köçən ermənilərin guya deportasiyaya məruz qaldıqlarını deyirsən. Gözünün içinə kimi yalan danışırsan, çünki səni deputat edən erməni lobbisi səndən bunu tələb edir. Sən bu və ya digər məsələyə Rusiya dövlətinin milli maraqları fonunda deyil, öz şəxsi maraqların, mədənin və cibinin gözü ilə baxırsan. Bunu hər kəs bilir. Sənin prinsipin budur ki, əl əli, əl də üzü yuyar. “Pul verin, məni maliyyələşdirin, mən də Azərbaycan, Türkiyə əleyhinə danışım”. Sənin fəaliyyətinin mahiyyəti bundan ibarətdir. O qədər siyasi həyasızlıq səviyyəsinə yüksəlmisən ki, olmayan, vaxtilə qondarma mövcud olmuş “Dağlıq Qarabağ respublikası”nın rəhbrərlərinin əsir saxlandığını söyləyirsən. Əvvəla, qondarma “Dağlıq Qarabağ” yoxdur, onları Azərbaycan ordusu iti qovan kimi qovub, məhv edib, separatizmin kökünü kəsib. İndi onların bəzi törtöküntüləri var. Yeri gəlmişkən, sən o zatıqırıq Zatulinsən ki, hələ 2022-ci ildə separatizmin kökünün tam kəsilməsi ərəfəsində - 2023-cü ildə buna nail olduq, sentyabrın 2-də separatçıların məhz “müstəqillik günü” elan etdikləri qondarma gündə sən Zatulin onlara təbrik məktubu göndərdin. 30 ildir, bunu edirdin. Ancaq Qarabağ torpaqları üzərində ərazi bütövlüyümüz təmin edildikdə, erməni separatizminin kökünün lap kəsilməsinə az qalmış məqamda da sən onları təbrik edirdin, separatizmi dəstəkləyirdin. Bilmirsən ki, separatizm və terrorizm arasında, demək olar, məsafə qalmayıb, onlar əslində eyni zəncirin həlqələridir? Sən separatizmi dəstəkləməklə terrorizmi dəstəklədiyinin fərqindəsən? Terrorizmi dəstəkləyənin özü terrorçudur. Məgər bunu bilmirsən? Bunun başqa adı yoxdur. İndi də bu gün Azərbaycanda dindirilən, cinayət məsuliyyətinə cəlb edilən, konkret hərbi cinayət əməllərinə, Azərbaycan xalqının qanını tökdüklərinə, xalqımıza qarşı soyqırımı siyasəti və hərbi cinayətlər törətdiklərinə görə Araik Arutunyan və onun kimilər məhkəmə qarşısındadırlar. Onları ““Dağlıq Qarabağ respublikası”nın əsir saxlanılmış şəxsləri” adlandırırsan. Niyə cinayətkarı öz adı ilə çağırmırsan? Səbəbini biz bilirik. Çünki sən təsadüfən parlamentdə - Rusiya Dövlət Dumasında oturmamısan. Bu gün müdafiə etdiyin canilərin verdikləri pullar, məsləhətlər hesabına deputat seçilmisən. Hətta Paşinyan hökumətini ittiham edirsən ki, o, “erməni soyqırımı”nın adını belə çəkmir, sən isə çəkirsən. Olmayan bir hadisəyə qiymət verirsən. Deməli, sən ermənidən çox ermənisən. Məntiq özü bu reallığı diqtə edir. Həm də Zatulin, unutma ki, qatar artıq gedib, sən istəsən də, istəməsən də, Qarabağa əbədi, daimi, uzunmüddətli sülh gələcək. Artıq Ermənistan dövləti də, Azərbaycan dövləti də bunu istəyir. Təkcə istəmirlər, hətta Vaşinqtonda 8 avqustda Donald Trampın təşəbbüsü, vasitəçiliyi və təşkilatçılığı ilə hər iki tərəf sülh müqaviləsini paraflıyıblar da. Sənin isə ürəyin partlayır, yuxularına haram qatıb dırnaqarası olmadan deyirsən ki, “dost Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri bu sənədləri paraflayıblar”. “Dost” deyirsən. Bəli, sən artıq bu həqiqəti də qəbul edə bilmirsən ki, necə oldu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu addımı atdılar. Bu reallıq da sənin yuxuna haram qatır. Ona görə də bu gün əsəbisən, şər-böhtan ifraz edirsən ki, ABŞ kimi fövqəl dövlətin Prezidenti bu gün qarant kimi sülh prosesində iştirak edir. Bütün bunlar sənin kimilərin planlarını pozub, alt-üst edib. Bu səbəbdən də vurnuxursan, isterik vəziyyətdəsən. Gah Ermənistana, gah Azərbaycana, gah da Türkiyəyə böhtanlar yağdırırsan, dezinformasiya yaymaqla məşğulsan. Get işinlə məşğul ol, Zatulin. Bir zamanlar xəyal etmək belə mümkün deyildi ki, sənin kimi bu qədər ermənidən çox erməni olan şəxsə Ermənistanda qapılar bağlanacaq. Heç röyada da bunu görmək mümkün deyildi, indi isə həqiqətdir. Azərbaycan da sənə “persona non qrata” elan edib, Ermənistan da. İnan ki, səni əlində saxlayan, bu gün səndən əlcək kimi istifadə edən Rusiya hakimiyyəti də bir gün sənə qapıları göstərə bilər. Lazımlılıq əmsalın sıfıra düşəndə bu hadisə baş verəcək. Bu sözlərimi yadında saxla, unutma!”
Aytəkin Qardaşova