RU

AzPOS-la bir neçə saniyədə dəqiq koordinat əldə etmək mümkündür

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən istinad stansiyaları olan AzPOS (Azerbaijan Positioning Observation System-ing) informasiya sistemini kadastr-ölçü işlərində tətbiq edir.

2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 8 stansiya quraşdırılaraq idarəetmə mərkəzinə qoşulub.

Ölkə ərazisində AzPOS şəbəkəsinin tam şəkildə əhatə etməsi məqsədilə cari ildə Naxçıvan MR ərazisində 4 ədəd yeni AzPOS məntəqəsi quraşdırılıb. Bununla yanaşı 2010-cu ildən qurulmuş və istifadə müddətini başa vurmuş 37 AzPOS məntəqəsinin yenilənməsi işləri həyata keçirilib. Belə ki, 37 məntəqəyə aid bütün avadanlıqlar yenilənib və əlavə olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi qurğular quraşdırılıb, müasir dövrdə texniki tələblərə cavab verməyən DSL şəbəkə qoşulmalarının hamısı optik xətlə əvəz olunub. Beləliklə, hazırda texniki olaraq tam şəkildə yenilənmiş 49 stansiya ölkə ərazisində fasiləsiz fəaliyyət göstərməkdədir və bu stansiyalar vahid sistem olaraq bir mərkəzdən idarə edilir. Stansiyaların istifadə radiusu 30 km, əlaqə məsafəsi 70 km-ə qədərdir.

Sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və dəmir yolları, su və kanalizasiya, neft-qaz kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir. Binaların tikintisi zamanı dəqiq koordinatların verilməsi üçün, faydalı qazıntıların çıxarılması zamanı, xətti obyektlərin, su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə etmək mümkündür. Bundan başqa, aqrotexniki vasitələrə quraşdırılan monitorlara AzPOS vasitəsilə ötürülən informasiya ilə məhsul yığımı, bitkilərin becərilməsi və bir sıra digər proseslər daha sistemli və səmərəli olur.

AzPOS xidmətlərindən istifadə edərək ölkə daxilində görülən bütün ölçmə işləri eyni sistemdə və formatda yerinə yetirilir.

Qeyd edək ki, AzPOS sisteminə qoşulmaq istəyən hüquqi və fiziki şəxslər (012) 562 82 70, 050 229 25 23 əlaqə nömrələrinə və [email protected] elektron poçt ünvanına rəsmi şəkildə müraciət edə bilərlər.

Избранный
9
3
vergiler.az

4Источники