RU

100 işğalçını, 63 texnikanı məhv etdi, Şuşada snayperə hədəf oldu - Şəhid Ruslan Bayramov...


Aygün Bayramova: “Yaralanmasına və kontuziya almasına baxmayaraq o, hospitala getməkdən imtina edir, qrupu başsız qoya bilməyəcəyini deyir”

Gedəndə “mütləq qayıdacağam, hər şey yaxşı olacaq, darıxmayın” deyib, sonra vədinə xilaf çıxan oğulların heç biri Vətəninə, yurduna, el-obasına, bayrağına xilaf çıxmadı. Arxalarında buraxdıqları ailələrini, balalarını, ana və atalarını, yar-yoldaşlarını gözü yaşlı qoysalar da, Vətəni dardan qurtarıb düşmənə dar ağacı qurdular, işğalçını məhşər ayağına çəkdilər.

Belə oğulların səfində Ruslan adlı bir igid də vardı, üzünü görmədiyi körpəsinin həsrətini içində yaşatsa da, özünü balası naminə qoruya bilməsə də, Vətənin qanayan yaralarını sarıya bildi.

XTQ-nin kəşfiyyatçısı baş leytenant Ruslan Azər oğlu Bayramovdan danışacağıq. Bu igidin arxasında gözü yaşlı Arzu adlı bir balası qalıb. Arzu ilə bağlı o qədər arzuları, xəyalları vardı ki...

Sonuncu dəfə ailəsi ilə 23 oktyabr 2020-ci ildə danışıb, özü də çox qısa olub söhbəti. Deyib ki, salamatam, narahat olmayın, hər şey yaxşı olacaq, indi danışa bilmirəm, imkan yoxdur...Vətən torpaqlarının işğaldan azad edilməsini hər şeydən uca tutan baş leytenant Ruslan Bayramov 5 oktyabr 1996-cı ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. O, 2003 – cü ildə Musab Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Oranı bitirdikdən sonra isə 2015-ci ildə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsilini davam etdirib.

XTQ-nin kəşfiyyatçısı baş leytenant R.Bayramov vətənə, torpağa bütün varlığı ilə bağlı igidlərimizdən olub.

Ali Hərbi Məktəbi bitirdikdən sonra 2019-cu ildə ailə həyatı quran Ruslan bundan sonra Naxçıvan Muxtar Respublikasının “N saylı” Hərbi hissəsində xidmət göstərməyə başlayır. Bununla yanaşı o , Naxçıvan Xüsusi Təyinatlılarının kursunu müvəffəqiyyətlə başa vurur.

Ruslan Bayramovun anası Aygün Bayramova ilə ötən ay Qubada yaradıcılıq ezamiyyətində olarkən tanış olmuşduq.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Zəfər tarixi”nin II və III cildlərinin Qubada keçirilən təqdimat mərasimində söhbətləşdiyimiz analardan biri də Aygün ana oldu.

Ruslan Aygün ananın üçüncü övladı olub və uşaqlıqdan Vətənə, torpağa bağlı böyüyüb, hərb sənətini də bu səbəbdən seçib.

“O, qızına Arzu adını qoydu, lakin balasının üzünü görə bilmədi”

“Mənim üçün Ruslan barədə danışmaq çətindir Bir ana ağrı-acılar içində nə danışa bilər ki. Mənə ən böyük zərbə Ruslanı il yarım görməməyimdir. Naxçıvanda xidmət edirdi deyə il yarım balamın üzünə həsrət qaldım. Bu gün də həsrətindəyəm ki, kaş mən də Ruslanı görərdim, onun axırıncı sözünü bilərdim. Heç kim Ruslanın axırınıcı sözünün nə olduğunu bilmir. Döyüş gedə-gedə ona baş leytenant rütbəsi verdilər. Ruslan mərd, qorxmaz, bütün çətinliklərə qalib gələn, özünə inamı olan oğul idi...

O qorxan oğlan olsaydı 7 il hərbidə oxumazdı, uşaq yaşdan bu yolu seçməzi...Ruslan müəllimlərin sevimlisi idi. Nə orta məktəbdə, nə də hərbi məktəbdə ondan bir şikayət eşitmədim. Təyinatını Naxçıvana verdilər, Naxçıvandan evə gəldi, 10-15 gün qaldı və yoldaşı ilə Naxçıvana qayıtdı...

Müharibəyə gəlincə, onlar Naxçıvandan gələn Xüsusi Təyinatlılardan idilər, kəşfiyyatçı olub oğlum. Sonuncu dəfə atası ilə danışıb deyib ki, mənim müharibəyə getdiyimi nə yoldaşım, nə anam bilməsin. Telefonla əlaqə saxlaya bilmirdi. Qəhrəmanlıqla döyüşüb, axıra qədər gedib. Onun nə əziyyətlər çəkdiyini heç kim bilmir. Komandiri şəhid olduğu üçün oğlum barədə danışan da olmayıb. Düzdür, yanından gələn uşaqlar danışıblar. Amma Xüsusi Təyinatlıların kəşfiyyat qrupu çox işlər görüb. Vətən müharibəsində Füzulidən Şuşaya çatana qədər çox böyük əziyyətlər çəkiblər, çox böyük şücaətlər göstəriblər. Komandirləri şəhid olub və bundan sonra tağıma komandirlik etməyi Ruslana həvalə ediblər. Ruslan onlara başçılıq edib. Orda maşınları vurulub. Ruslan yaralanmasına baxmayaraq hospitala getməkdən imtina edib. Ona deyiblər ki, yolunu gözləyən övladın var, sən müalicə al, getməyib, uşaqları tək qoymayıb”.

Ana danışır ki, Ruslanın Arzu adlı qız övladı yadigar qalıb və oğlunun iyini gül üzlü nəvəsindən alır, Arzu onlara yaşamaq ümidi verir: “Ruslan evli idi və 2020-ci ilin iyul ayında qız övladı dünyaya gəldi. O, qızına Arzu adını qoydu, lakin balasının üzünü görə bilmədi. Arzu Ruslanımın yadigarıdır. Oğlum qızının üzünü ancaq şəkillərdə gördü, körpəsini bircə dəfə də olsa qucağına ala bilmədi...Amma gəlin evdən ona bağlama göndərəndə bağlamanın içinə Arzunun bir cüt corabını da qoymuşdu. Döyüşdə olanda da qızının corabını cibinə qoyubmuş...Müharibədə olduğunu bircə atasına demişdi. Müharibə başlayandan zəfər gününə qədər Ruslandan bizə zəng gəlmədi, telefonları yox idi. Zəfər də oldu. Mən Ruslanla danışa bilmirdim deyə çox narahat idim, sevinmədim. Atası “yəqin set yoxdur” bəhanəsilə başımı çox aldatdı. Bircə balamı görərdim. Kimdən Ruslanı soruşsanız haqqında yaxşı sözlər deyər, mərd, cəsur, dost canlı, ailənin, ata-ananın qədrini bilən, böyük-kiçik yolu gözləyən bir övlad idi. Çox təəssüf ki, Ruslan şəhid oldu. Bəxtəvər bir ailə idik, Ruslan elə olandan sonra çox sarsıldıq...”

Atasının isti nəfəsinə həsrət qalan Arzu balamızın gözü hər yerdə atasını axtarır, onu şəkillərdə görür, şəkilləri ilə təskinlik tapır. Şəhid balası olmaq yazılıb alnına Arzu balamızın, igid bir kişinin övladıdır...Onun atası düşmənin qorxulu yuxusu idi. Onun atasının adı gələndə yağıların canına vəlvələ düşürdü. Arzu, sən igid Ruslanın qızısan, odur ki, başın həyatın boyu tik durmalıdır.

Tanınmış şairə Nəzakət Məmmədovanın “Şəhid qızı” Arzu balamıza da bir təsəlli olar fikrimizcə.

Ağlama, şəhid qızı,

Dərdin mənə tanışdı...

Ürəyim paramparca,

Qəmim naxış-naxışdı...

N.Məmmədlinin şəhid analarına həsr etdiyi bu şeir də anaların ağrısına bəlkə bir qədər məlhəm olar, anaların dərdinə, qəminə şərik olmaq payı sayılar. Balasının məzarı başında ağlayan analarımız o qədər çoxdur ki…Aygün ana da onlardan biridir.

Göyləri titrədir ahı-naləsi,

Ana layla deyir qəbir daşına.

Hər gün qucaqlayıb soyuq məzarı,

Sanki gəlib keçir beşik başına.

Həzin layla çalır qəbir daşına.

Aygün ana oğlundan danışır, deyir ki, sentyabrın 27 - də Ali Baş Komandanın döyüş əmrini eşidən Ruslan hazırlıqlara başlayır, könüllü olaraq Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində döyüşə qatılır. “Füzuli, Hadrut, Xocavənd, Laçın dəhlizi, Şuşa və bir sıra yüksəkliklərin alınmasında peşəkar kəşfiyyatçı kimi Ruslanın əməyi çox böyük olub. O, düşmənin yüzə yaxın canlı qüvvəsini və bir çox texnikasını məhv edib”.

Döyüşlərin birində Ruslanın komandiri yaralandığı üçün komandirlik Ruslana həvalə olunur. Döyüş yoldaşları deyirlər ki, Ruslan qrupu çox gözəl idarə edir, döyüşlər arası fasilələrdə isə cibindən balaca qızının corabını çıxardıb əzizləyir. Döyüşlər zamanı Ruslanın içində olduğu avtomobil qəzaya uğrayır. Yaralanmasına və kontuziya almasına baxmayaraq, o, hospitala getməkdən imtina edir, qrupu başsız qoya bilməyəcəyini deyir. Göstərdiyi şücaətlərə görə elə döyüşdəcə ona Baş Leytenant rütbəsi verilir. Müharibəyə gəldiyi ilk günlərdən onun çantasında iki ədəd Azərbaycan Respublikasının bayrağı var idi. Ruslanın arzusu bu bayraqları Şuşaya sancmaq idi. Rəsmi yazılanlara görə, Ruslan noyabrın 9-u məhz Şuşa uğrunda gedən döyüşlərdə ürəyindən snayper yarası alaraq şəhid olur.

O, şəhadətindən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda”, “Füzulinin azad olunması uğrunda” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni” ilə təltif olunur.

Bəli, bizim qəhrəman Ruslan Azər oğlu Bayramov təkbaşına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb.

Uşaqlıqdan öz istəyilə hərb sənətini seçən Ruslan qısa, lakin mənalı ömrünü bu ülvi sənətə həsr edib, torpaqlarımızın azadlıq simfoniyasını yaradanlardan olub.

İradə SARIYEVA
Quba-Bakı

Избранный
13
baki-xeber.com

1Источники