RU

Makron Fransanın Kamerundakı müstəmləkə cinayətlərini açıq etiraf etdi - səbəb var...


Rauf Zeyni: “Makron müstəmləkə cinayətlərində Fransanın iştirakını etiraf etsə də, ancaq Kamerun xalqından üzr istəməyib, onlara təzminat ödənilməsinin nəzərdə tutulduğunu deməyib”

Fransa Prezidenti Emmanuel Makron, Kamerunun müstəqilliyindən əvvəl və sonra - 1945-1971-ci illər arasında - bu ölkədə aparılan kolonial müharibədə Fransanın rolunu və məsuliyyətini rəsmi şəkildə tanıyıb. Bu etiraf 2025-ci il iyulun 30-da Kamerun Prezidenti Pol Biyaya ünvanlanan, lakin yalnız avqustun 12-də ictimaiyyətə açıqlanan məktubda yer alıb.

Makron məktubunda Fransa kolonial hakimiyyətinin və ordusunun Kamerunda repressiv zorakılıqlara əl atmış olduğunu bildirir. O, bu zorakılıqları açıq şəkildə “müharibə” olaraq adlandırır və etiraf edir ki, 1960-cı ildə Kamerun müstəqillik qazandıqdan sonra belə, Fransa yeni müstəqil hökumətin repressiv fəaliyyətlərini dəstəkləməyə davam edib.

Bu dövrdə siyasi və silahlı mübarizə aparan müstəqillik hərəkatlarına qarşı həyata keçirilən zorakılıqlar Fransa və Kamerun tarixində qaranlıq səhifələr kimi qalır.

Prezident Makron, xüsusilə 1956-cı il dekabrın 30-31-də Ekite kəndində baş vermiş qətliamı qeyd edir. Bu hadisə zamanı Fransa kolonial qüvvələri tərəfindən onlarla mülki şəxs və UPC (Union des Populations du Cameroun) üzvü qətlə yetirilmişdi.

Makron, həmçinin, Kamerunun müstəqillik liderlərindən Ruben Um Nyobenin və digər üç rəhbərin Fransa hərbi əməliyyatları nəticəsində öldürülməsini də qəbul edir. Bu, Fransa-Kamerun tarixi komissiyası çərçivəsində tarixçilərin apardığı araşdırmaların nəticəsidir.

Bununla belə, 1960-cı ildə Cenevrədə zəhərlənərək öldürülən digər tanınmış antikolonial lider Feliks-Rolan Mumye ilə bağlı məsuliyyət məsələsində Fransa tərəfi hələlik yeni dəlil ortaya qoymayıb.

Makron Fransa-Kamerun tarixçilərindən ibarət birgə komitənin yaradılacağını bildirib. Bu komitənin məqsədi kolonial dövrün tam şəkildə araşdırılması və tarixi ədalətin bərpasına töhfə verməkdir. Fransız tərəfi bu təşəbbüsü əlamətdar irəliləyiş kimi qiymətləndirir.

Lakin heç bir siyasi və ya hüquqi təzminatın nəzərdə tutulmadığı da məktubda vurğulanır. Yəni Fransa məsuliyyəti tanıyır, lakin bu mərhələdə rəsmi üzr və ya kompensasiya addımı atmır.

Emmanuel Makronun bu bəyanatı Fransanın Afrikadakı kolonial keçmişinə tənqidi yanaşma cəhdlərinin davamı kimi qiymətləndirilə bilər. Bu etiraf həm Afrika-Fransa münasibətlərində şəffaflıq və etimadın artırılması, həm də tarixi ədalətin gec də olsa tanınması baxımından mühüm addımdır. Lakin əsl barış və ədalət üçün təkcə etiraf yetərli deyil – konkret siyasi və hüquqi mexanizmlərin tətbiqi, vətəndaşların tanınması və gələcək nəsillərə doğru tarix öyrədilməsi vacib olacaq.

Makron Kamerunda müstəmləkə cinayətini niyə könüllü etiraf edir?

Başqa yerlərə münasibətdə bunu niyə etmir? Səbəb nədir?

“Hələ bu son deyil, bundan sonra bu istiqamətdə növbəti birgə komissiya yaranacaq, çünki buna ehtiyac var”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Fransa prezidenti Makronun Kamerunda həyata keçirilən müstəmləkə cinayətlərində Fransanın iştirakını etiraf etməsi təsadüfi deyil. “Makronun Kamerunda baş verən müstəmləkə cinayətlərində Fransanın iştirakını illərdən sonra etiraf etməsi diqqət çəkən məsələdir. Maraqlıdır ki, Makron bu cinayəti niyə etiraf edib. Görünür bu, ilk növbədə Kamerunun fəallığı ilə bağlıdır. Çünki bu dövlət uzun illər araşdırma aparıb, Fransa hökumətinə və başqa yerlərə müxtəlif müraciətlər edib. Orda son illərdə fəaliyyət göstərən birgə komissiyanın fəaliyyəti və birgə əməkdaşlığın nəticəsində müəyyən fikirlər yaranıb, bu da Makronun etirafı ilə nəticələnib. Düşünürəm ki, hələ bu son deyil, bundan sonra bu istiqamətdə növbəti birgə komissiya yaranacaq, çünki buna ehtiyac var. Makron müstəmləkə cinayətlərində Fransanın iştirakını etiraf etsə də, ancaq Kamerun xalqından üzr istəməyib, onlara təzminat ödənilməsinin nəzərdə tutulduğunu deməyib. Yəni nə üzr istənilib, nə də təzminat haqqında danışılıb. Amma bunlar kompleks şəkildə həyata keçirilməlidir. Makron yalnız Fransanın Kamerunda həyata keçirdiyi müstəmləkə cinayətlərini etiraf etməklə kifayətlənməməlidir, ötən illər ərzində Əlcəzairdə, Mərakeşdə, eləcə də digər dövlətlərdə yürütdüyü müstəmləkəçilik siyasəti, o cinayətlərini də dilə gətirməlidir. Belə olarsa, bu həm Fransa, həm beynəlxalq münasibətlər, həm də dünya üçün çox böyük əhəmiyyət kəsb edə bilər”.

Artıq XXI əsr olduğunu deyən R.Zeyni vurğuladı ki, örnəklər göstərmək zamanıdır və ABŞ prezidenti D.Tramp müharibələrin dayandırılması, sülh müqavilələrinin imzalanması ilə bağlı danışıqların intensivləşdirilməsi və digər istiqamətlərdə danışıqlar aparır, Makron ondan nümunə götürməlidir. “Fransa başda olmaqla, digər dövlətlər də bu addımlardan örnək götürsünlər və onlar da bu tipli addımların atılmasında bu metodlardan istifadə etsinlər. Öz imkanları daxilində nə qədər sülh, sabit dünya üçün çalışarlarsa bir o qədər faydalı olar. İnsan hüquq və azadlıqlarının müdafiəsi, müstəqillik, azadlıq üçün xalqların öz müqəddəratını təyin etmək imkanlarından istifadə edərlərsə, bir o qədər dünyada hörmətləri artar. Belə bir aforizm var: “Güclü olduğunuz qədər ədalətli olun. Onda daha güclü olarsınız”.

Fikrimcə, Fransa digər müstəmləkə cinayətlərini də etiraf edərsə, ölkələrdən üzr istəyib təzminat ödəyərsə bu daha ədalətli olar”-deyə R.Zeyni qeyd etdi.

İradə SARIYEVA

Избранный
17
6
baki-xeber.com

8Источники