RU

Əliyevin ABŞ-da uğurları Rusiyanı geri çəkilməyə məcbur edir...


Əli Mustafa: “Rusiya Birləşmiş Ştatların Azərbaycana verdiyi xüsusi önəmi nəzərə almağa məhkumdur”

Rusiya Xarici İşlər Nazirliyi Bakı ilə münasibətlərin düzəlmə variantından bəhs edib. Sözügedən məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev keçirilən brifinqdə bildirib ki, Moskva Azərbaycanda saxlanan rusiyalıların tezliklə azad edilməsi və evlərinə qayıtması variantları üzərində Bakı ilə iş aparır:

“Belə bir qərar Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində mühüm addım olardı”.

Məlumat üçün qeyd edək ki, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Bundan bir neçə gün sonra - iyunun 30-da Azərbaycanda narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşları saxlanılıb. Bütün bunlar iki ölkə münasibətlərinin pisləşməsinə səbəb olub.

Maraqlıdır, Moskvadan belə bir açıqlamanın verilməsini Azərbaycanın Birləşmiş Ştatlarla yaxınlaşması qarşısında Rusiyanın geri çəkilməsi kimi qəbul etmək olar?

“Bunun dolayı olaraq Moskvanın Bakıya münasibətdə siyasətinin yumşalmasında rolu var”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa bunu istisna etmədi: “Əlbəttə ki, burada Birləşmiş Ştatlar amili ola bilər. Çünki ötən müddət ərzində Moskva gördü ki, Azərbaycanı nə iləsə qorxutmaq olmaz. Azərbaycan Rusiyadan ərazi və əhali sayına görə dəfələrlə kiçik dövlət olsa da, müstəqil siyasət yeridir. Təyyarəmizin vurulması məsələsində geri çəkilmədi. Rusiyanın buna görə üzr istəməsini, günahkarların cəzalandırılmasını və kompensasiyanın ödənilməsini tələb edir. Eyni zamanda, harada yaşamalarından asılı olmayaraq dövlətimiz azərbaycanlılara sahib çıxır. Söhbət ondan gedir ki, Rusiyada diaspor nümayəndələrimizin həbsi, öldürülməsi Azərbaycanın sərt rəsmi etirazına səbəb oldu. Dövlətimiz sübut etdi ki, Azərbaycan müstəqil siyasət yeridir, Rusiyanın koloniyası deyil. Təbii ki, bütün bunlar Moskvanı qıcıqlandırır və hakimiyyət bunu həzm edə bilmir. Ancaq Azərbaycanın qətiyyəti sübut etdi ki, Rusiya Azərbaycanla güc dilində danışa bilməz. Çünki Rusiya nə qədər böyük və güclü dövlət olsa da, Azərbaycan tək deyil. Azərbaycanın Türkiyə kimi güclü strateji müttəfiqi var. ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanması, imzalanan bəzi razılaşmalar, iki ölkə arasında xartiyanın hazırlanması ilə bağlı işə başlanılması Azərbaycana verilən önəmin göstəricisidir. Təbii ki, Rusiya ABŞ-ın Azərbaycana verdiyi xüsusi önəmi nəzərə almağa məhkumdur. O baxımdan hesab edirəm ki, bunun dolayı olaraq Moskvanın Bakıya münasibətdə siyasətinin yumşalmasında rolu var. Ən azından ona görə ki, ABŞ sıradan bir dövlət deyil, super gücdür”.

Vidadi ORDAHALLI

Избранный
20
baki-xeber.com

1Источники