RU

Rusiyada miqrant uşaqlara məktəbin qapısı bağlanır - EKSPERT

Gəlmələrə qarşı antipatiya güclənir, qanunsuzlar deportasiya olunacaq

Rusiyalı deputatlar ölkə məktəblərində bir sinifdə bir nəfərdən artıq miqrant uşağın təhsil almasının qadağan olunmasını təklif ediblər. Bu barədə Rusiya təhsil naziri Sergey Kravtsova ünvanlanan müraciətdə qeyd olunub. Müraciətdə nazirdən təklifin məqsədəuyğunluğunu qiymətləndirməsi və dəstəklədiyi halda Təhsil Nazirliyinin müvafiq departamentlərinə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması tapşırığının verilməsi xahiş olunur. 

Dövlət Dumasına həmçinin, Rusiyada miqrant uşaqların məktəblərdə pulsuz təhsil almasının qadağan edilməsini və yalnız ödənişli əsaslarla təhsil imkanının tətbiqini nəzərdə tutan qanun layihəsi də təqdim edilib. Dövlət Dumasının deputatları Aleksey Neçayev, Sardana Avksentyeva və Anna Skroznikova, eləcə də təhsil naziri Sergey Kravtsova bir sinifdə birdən çox miqrant uşağın təhsil almasını qanunvericiliklə qadağan etməyi təklif ediblər. Xatırladaq ki, bundan öncə də Duma deputatları Rusiya təhsil nazirinə məktəblərdə miqrant uşaqlarının sayının azaldılması təklifi ilə müraciət etmişdilər. Müraciətdə qeyd olunurdu ki, 500-dən çox məktəbdə miqrant uşaqların sayı 10 faizi ötür. Parlamentarilərin fikrincə, bu, tədris prosesinin səmərəliliyinə təsir edir. “Buna görə də, bir sinifdə birdən çox miqrant uşağının qəbulunu qadağan edən normanın qanunvericiliklə təsbit edilməsini zəruri hesab edirik”, - deyə sənəddə qeyd olunurdu.

Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Rusiya hökuməti uzun müddətdir miqrasiya sahəsində yeni qaydalar tətbiq edir, bəzi elementlər üzrə qadağaların hətta daha çox sərtləşdirilməsi gözlənilir. Nəticə etibarilə bu qadağalar, təbii ki, əməkçi miqrantlara, həmçinin Rusiyada daimi qeydiyyatı olan, illərdir ailəsi ilə birlikdə orada məskunlaşıb işləyən miqrantların yaşayışına da mənfi  təsir göstərir:

- Rusiya hökumətinin tətbiq etdiyi qadağalardan biri rus dilini bilməyən uşaqların məktəbə götürülməsinin qadağan edilməsiylə bağlıdır. İndi də siniflərdə say məsələsini gündəmə gətiriblər. Bəzi məktəblərdə tamamilə miqrant uşaqlardan komplektləşdirilmiş siniflər var. Bu da Rusiya hökumətini görünür narahat edir. Buna görə də miqrant şagirdlərlə bağlı limit təklif olunur. Burada say manipulyasiyası da var. Bəzi deputatlar 1 uşaq deyir, bəziləri 2-3... Belə bir qadağa miqrantların ailələrinə də təsirsiz ötüşməyəcək. Miqrant ailələrə maneçilik törədən qaydalar tətbiq ediləcək. Hesab edirəm ki, Dumanın payız sessiyasında biz miqrantlarla bağlı yeni qadağaların tətbiqinin şahidi olacağıq. Rusiya hökuməti əməkçi miqrantlara nəzarəti daha da sərtləşdirmək siyasəti yürüdür. Orta məktəblərdə 1 sinifdə miqrant uşaqlarının sayı ilə bağlı təkliflər də bu sərtləşmənin bir elementidir. Bununla Rusiya hökuməti əməkçi miqrantların ölkəni tərk etməsini hədəfləyir, yoxsa onların rəsmi qeydiyyata düşmələrini, birmənalı söyləmək çətindir. Rusiyanın özündə də miqrantlara münasibət birmənalı deyil. Miqranta qarşı bu cür sərt qaydaların əleyhinə olanlar da var. Amma Rusiya cəmiyyətində antimiqrant münasibət də özünü kəskin göstərir. Qanunsuz miqrantlarla bağlı qərar dəyişməzdir, ölkədən çıxmalıdırlar. Müəyyən dairələr çalışırlar bu prosesi əngəlləsinlər. Nəticə necə olacaq, Dumanın payız sessiyasında bilinəcək.
Избранный
10
2
sherg.az

3Источники