RU

Vaşinqtonda tarixi zəfər

Prezident İlham Əliyevin diplomatiyası Qafqazda sülhün yolunu açdı

"Azərbaycan dövlətçiliyi tarixinin ən əlamətdar səhifələrindən biri 8 avqust 2025-ci il tarixində yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfəri çərçivəsində Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə yüksəksəviyyəli görüşlər keçirdi".

Bu fikirləri "Azərbaycan" qəzetinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova deyib. Rektor bildirib ki, bu görüşlərdə imzalanan sənədlər təkcə iki ölkənin münasibətlərində deyil, bütün Cənubi Qafqaz regionunda siyasi tarazlığın dəyişməsinə səbəb olacaq miqyaslı tarixi hadisədir. Ən mühüm məqamlardan biri Azərbaycanın illərdir beynəlxalq siyasi gündəlikdə qaldırdığı ədalətli tələblərin hamısının qəbul edilməsi, dövlətimizin milli maraqlarının tam şəkildə təmin olunmasıdır.

G.Məmmədova qeyd edib ki, illərdir ölkəmizə qarşı tətbiq olunan, ABŞ tərəfindən humanitar və bir sıra iqtisadi yardımların qarşısını alan qərəzli 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin diplomatik iradəsinin nəticəsidir: "Bu addım təkcə hüquqi məhdudiyyətlərin aradan qaldırılması deyil, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni strateji səhifənin açılması deməkdir. Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə Anlaşma Memorandumunun imzalanması isə gələcəkdə enerji, təhlükəsizlik, innovasiya, təhsil və iqtisadiyyat sahələrində daha sıx əməkdaşlığın əsasını qoydu".

Professor bildirib ki, səfərin ölkəmiz, eləcə də regionumuz üçün ən əhəmiyyətli məqamı isə üçtərəfli görüş və görüşə dair Birgə Bəyannamənin imzalanmasıdır. Bununla da ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətni tərəflərin xarici işlər nazirləri tərəfindən paraflandı, ATƏT-in Minsk qrupunun ləğvinə dair XİN rəhbərləri tərəfindən birgə müraciət imzalandı, regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılması, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının yaradılması və digər mühüm öhdəliklərin icrası rəsmiləşdirildi.

G.Məmmədova vurğulayıb ki, regionda mütləq sülhün və əməkdaşlığın yaradılması məqəsədilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən şərtlər hamının gözü önündə qəbul edilib: "Bu parlaq uğur Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra başladığı "postmünaqişə diplomatiyası"nın məntiqi nəticəsi, onun diplomatik dühasının, dövlətimizin milli maraqları və xalqımızın rifahı uğrunda nümayiş etdirdiyi əzmkarlığın, uzaqgörən siyasətin və qətiyyətin bəhrəsidir. Şübhəsiz ki, Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. "Dəmir yumruq" əməliyyatı ilə ölkəmiz işğal altında olan torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Ardınca 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə suverenliyimiz tam təmin edildi. Hərb meydanında əldə edilən parlaq zəfər diplomatik cəbhədə qazanılan uğurlarımızla daha da möhkəmlənir və dünya Azərbaycanın formalaşdırdığı geosiyasi gerçəkliklə barışmaq məcburiyyətindədir. Bu uğurlar xalqımızın və regionun gələcək taleyini müəyyənləşdirir. Bununla 8 rəqəmi artıq növbəti dəfə qələbənin, qayıdışın və dirçəlişin simvoluna çevrildi və regionda sülhün, əmin-amanlığın yaranmasına heç bir şübhə qalmadı. Əlbəttə ki, regionda sabitliyin təmin olunması Zəngəzur dəhlizinin ("Tramp yolu") açılması ilə nəticələnəcək, Naxçıvana uzanan yolumuzun üzərindəki bütün maneələri aradan qaldıracaq, türk dünyasını birləşdirəcək və daha da qüdrətlənməyimiz üçün zəmin formalaşdıracaq. Bütün bunlara nəzər saldıqda bir daha aydın olur ki, Prezident İlham Əliyev Vaşinqton səfəri ilə böyük, tarixi və strateji diplomatik zəfərə imza atdı". 

Rektor Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbəri olaraq bu sülh sazişinin iqtisadi və şəhərsalma baxımından geniş imkanlar açacağına əminliyini ifadə edib. Azad olunmuş torpaqlarda həyata keçirilən Böyük qayıdış proqramı çərçivəsində müasir şəhərsalma layihələri, davamlı memarlıq nümunələri, ekoloji təmiz yaşayış massivləri və strateji infrastruktur obyektləri inşa olunur. Biz də bu prosesi daha da sürətləndirmək üçün var gücümüzlə çalışacaq, böyük vandalizmə uğradılmış, tamamilə məhv edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qurmaq, bu torpaqların milli, tarixi ruhunu özünə qaytarmaq üçün yüksəkixtisaslı mühəndis kadrlar, memarlar, inşaatçılar yetişdirməyə davam edəcəyik.  "Biz, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim və tələbə heyəti olaraq, bu uğurları böyük fəxr və minnətdarlıq hissi ilə izləyirik. Əminik ki, Prezidentimizin rəhbərliyi ilə xalqımızın qarşıda duran ən böyük hədəfi - Qərbi Azərbaycana qayıdış da gerçəkləşəcək", - deyə Gülçöhrə Məmmədova əlavə edib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
18
azerbaijan-news.az

1Источники