Müasir dövrün ən çox müzakirə olunan mövzularından biri də psixoloji sağlamlıqdır. Gərgin iş rejimi, sosial təzyiqlər, sürətlə inkişaf edən texnologiya və informasiya bolluğu bir çox insanın emosional yüklənmə ilə üzləşməsinə səbəb olur. Mütəxəssislər təəssüflə bildirirlər ki, bu səbəblərdən xüsusən böyük şəhərlərin sakinləri depressiyaya kənd yerlərində yaşayanlardan 20-40 faiz daha çox düşürlər.
Bundan qurtulmaq üçün ruhun təbii dərmanı, şəfa mənbəyi olan təbiətin müalicə gücündən istifadə etməliyik. Çoxsaylı tədqiqatlar göstərir ki, açıq havada vaxt keçirmək stresin səviyyəsini azaldır, ovqatı yüksəldir, konsentrasiyanı artırır, yuxu keyfiyyətini yaxşılaşdırır, immuniteti və psixi sağlamlığı gücləndirir. Bunu təsdiq etmək üçün amerikalı mütəxəssislər tədqiqat aparıblar. Təcrübə zamanı iştirakçılara ciddi konsentrasiya tələb edən tapşırıqlar verilib. Sonra birinci qrup şəhərətrafı gəzintiyə göndərilib, ikinci qrup isə heç yerə getmədən evində istirahət edib. Bir müddət sonra iştirakçılara başqa bir tapşırıq verilib - səhvləri tapmaq və düzəltmək. Təbiət qoynunda istirahət edənlərin nəticələri dəfələrlə yaxşı olub.
ABŞ-nin Stanford Universiteti tərəfindən aparılan yeni araşdırmaya görə, gündə cəmi 15 dəqiqə təbiətdə vaxt keçirmək psixi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Mütəxəssislərin sözlərinə görə, mütəmadi park və meşə gəzintiləri vaxtından əvvəl ölüm riskini 15, demensiyanı 30, ürək xəstəliyini 35 və diabeti 40 faiz azaldır. Araşdırmalar nəticəsində məlum olub ki, gündə 45 dəqiqədən çox açıq havada vaxt keçirmək xüsusən yeniyetmə və gənclər üçün faydalıdır.
Müasir uşaqlar daha çox ekran qarşısında böyüyür. Bu isə diqqət dağınıqlığı, sosial bacarıq zəifliyi və aqressiv davranışlar kimi problemlərə yol açır. Uşaq və yeniyetmələrin təbiətlə təması onların yaradıcılığını artırır, sosial münasibətləri yaxşılaşdırır və daxili tarazlıqlarını qorumağa kömək edir. Meşə və park gəzintilərinin görmə qabiliyyətinə birbaşa təsir etdiyi də müəyyən edilib. Oftalmoloqlar gündəlik gəzintinin miopiyanın inkişaf riskini 14 faiz azaltdığını qeyd edirlər. Bununla bağlı Tayvanda maraqlı bir tədqiqat aparılıb. Miopiyadan (yaxından görmə) əziyyət çəkən uşaq sayının təxminən eyni olduğu iki məktəb müşahidə edilib. Məktəblərdən birində şagirdlər dərs ili boyu tənəffüs və tətillərdə açıq havada çox vaxt keçiriblər. Bir il sonra miopiyalı uşaqların bu məktəbdəki sayı 8,41, digərində isə 17,65 faiz təşkil edib.
Hər kəsə bəllidir ki, D vitamini Günəş şüalarının təsiri ilə orqanizmin öz-özünə istehsal etdiyi yeganə vitamindir. Elm adamları onu "ən vacib vitamin" adlandırırlar. Orqanizmdəki maddələr mübadiləsini tənzimləyən bu vitamin uşaqlar, hamilə qadınlar və qocalar üçün xüsusilə vacibdir. D vitamini çatışmazlığı zamanı xəstəliklər xroniki hal alır. Buna görə həftədə ən azı üç dəfə 10-15 dəqiqə olmaqla ultrabənövşəyi şüalanmanın aktiv olmadığı saatlarda gəzmək məsləhət görülür. Günəş şüaları, həmçinin melatonin səviyyəsinə və bədənin daxili saatını tənzimləməyə də kömək edir. Axşam saatlarında açıq havada 30-60 dəqiqə vaxt keçirən insanlar gündə orta hesabla 46 dəqiqə daha çox yatırlar.
Günəş şüalarına birbaşa məruz qalma ağrıları azalda və sağalmağa kömək edə bilər. Tədqiqatçılar onurğa əməliyyatı edilən xəstələrin günəş işığına məruz qaldıqdan sonra ağrı və stres səviyyələrində azalma yaşadıqlarını aşkar ediblər. Digərlərinə nisbətən günəşli havada 46 faiz daha çox zaman keçirən xəstələr daha az ağrıkəsici dərman qəbul ediblər.
Yaponiyada stresdən azad olmaq üçün həkimlər "meşə hamamları"nı tövsiyə edirlər. 1982-ci ildə təbiətdən uzaqlaşmaq stresi ilə ilk üzləşənlər elə yaponlar olub. Artıq o dövrdə ölkə əhalisinin təxminən 93 faizi məhz şəhərlərdə yaşayırdı. Buna görə meşə təsərrüfatı idarəsi xəstəliklərin qarşısını almaq üçün meşədə gəzməyi və "sinrin-yoku" (yəni "meşə hamamları") qəbul etməyi təklif edirdi. Tədqiqatçılar meşədə bir saat yarım gəzməyin beynin mənfi duyğulardan və depressiyadan məsul olan hissəsinin fəaliyyətini azaltdığını bildirirlər.
Mütəxəssislər təbiətin insan sağlamlığına müsbət təsirini artırmaq üçün müxtəlif orqanik dekor məhsullarını tövsiyə edirlər. Təmiz, sağlam və harmonik atmosfer yaradan təbii materiallar ruha təsir edir və psixoloji rahatlıq hissi bəxş edir. Buna görə də, hörmə çətirlər, samanlı damlar və bambuk hasarlar kimi təbii bəzək əşyaları təbiətin faydalarını optimallaşdırır.
Bambuk təbii materiallar arasında ən davamlı və ekoloji baxımdan təmiz olanlardan biridir. Həm funksional, həm də estetik cəhətdən müxtəlif istifadələr təklif edən bu bitki sürətlə böyüyən və minimal ətraf mühit təsiri ilə istehsal edilən bir materialdır. O, xüsusilə yataq otaqları, mətbəx və vanna otaqlarında istifadə edilmək üçün idealdır. Ekoloji tarazlığı pozmadan təbiətin bir parçasını hər zaman yanımızda daşıya və ya yaşadığımız mühitə inteqrasiya edə bilərik.
Gün ərzində ən azı 15 dəqiqə açıq havada gəzməklə, həftəsonlarını təbiət qoynunda keçirməklə, bağçılıq və ya bitki baxımı ilə məşğul olmaqla, günün müəyyən saatları mobil telefonlar və digər texnoloji alətlərdən tamamilə uzaqlaşmaqla zehnimizi qoruya, emosional yükümüzü azalda bilərik.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"