Vaşinqtonda imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında qarşılıqlı münasibətlərin normallaşması üçün hüquqi və siyasi zəmin yaradır.
Bu tarixi addımlar müxtəlif reaksiyalar doğurub. ABŞ-da fəaliyyət göstərən erməni lobbi təşkilatları sülh prosesinə açıq şəkildə qarşı çıxırlar. Əslində, bunda təəccüblü heç nə yoxdur. Çünki hay lobbi təşkilatları, o cümlədən Armenian National Committee of America (ANCA) və Armenian Assembly of America (AAA) kimi qurumlar uzun illər ABŞ Senatı, Kon-
qresi, digər siyasi platformalarda Qarabağ məsələsini Ermənistanın mövqeyinə uyğun şəkildə, təhrif edilmiş formada təqdimatına çalışıblar. Onlar bununla Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımamaq və bu bölgənin Ermənistanla əlaqəli olduğunu dünya ictimaiyyətinə qəbul etdirmək məqsədini güdüblər. Erməni diasporası, lobbi təşkilatları müxtəlif siyasi kampaniyalar, maliyyə toplama tədbirləri və ictimai rəyi manipulyasiya vasitəsilə ardıcıl olaraq təsir güclərini artırmağa çalışıblar. Bu fəaliyyət nəticəsində uzun illər ABŞ-ın xarici siyasətində, xüsusən də Qarabağ məsələsində erməni tərəfinin mövqeyi daha çox ön plana çıxıb, nəticədə Azərbaycan təcrid olunmuş vəziyyətə düşüb.
Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatları bu təzyiqləri ciddi şəkildə zəiflətdi. Nəticədə Azərbaycan ərazisinin tam suverenliyi bərpa olundu, separatçı silahlı birləşmələr bölgədən çıxarıldı və qondarma rejim ləğv olundu. Bu hadisə həm də Qarabağ məsələsinin siyasi və hüquqi status-kvonu tamamilə dəyişdi. Vaşinqtonda imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul edildiyinin təsdiqi oldu. Bu sənədlər erməni lobbi təşkilatlarının təzyiq kampaniyalarının uğursuz olduğunu göstərdi, onların strategiyalarının artıq keçərsizliyini bir daha ortaya qoydu. Bu, həm də ermənilərin ABŞ siyasətinə lobbi təsirinin zəifləməsi deməkdir. Bunu “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişin dayandırılması ilə bağlı Donald Trampın imzaladığı sərəncam da təsdiqləyir.
Bəli, müstəqilliyinin yenicə bərpa olunduğu o çətin şəraitdə bu məhdudiyyətlər Azərbaycan üçün ciddi maneələr yaratdı. O dövrdə Azərbaycanın iqtisadiyyatı zəif idi, qaçqınların sayı çox idi və dövlət müstəqilliyini qorumaq üçün ciddi çətinliklərlə üzləşirdi. 33 il sonra ABŞ Prezidenti Donald Trampın imzaladığı qərarla bu məhdudiyyət aradan qaldırıldı. Bu, Azərbaycan üçün ədalətin bərpası və beynəlxalq arenada müstəqilliyinin tanınmasının rəmzi oldu.
Prezident İlham Əliyev bu qərarı “ədalətin bərpası” kimi qiymətləndirdi. Prezidentin sözlərinə görə, 907-ci düzəlişin ləğv edilməsi yalnız siyasi deyil, həm də rəmzi olaraq Azərbaycanın müstəqilliyinin və beynəlxalq mövqeyinin qəbul edilməsinin bir simvoludur. Bu həm də Cənubi Qafqazda sülhün bərpası üçün daha geniş bir yanaşmanın tətbiqinə yol açmış oldu.
***
Onu da qeyd edək ki, Donald Trampın imzaladığı sərəncam yalnız ABŞ ilə Azərbaycan arasındakı əlaqələri gücləndirmək məqsədi daşımır, həm də erməni lobbi qruplarının ABŞ-dakı təsirini ciddi şəkildə zəifləməsi deməkdir. Erməni lobbisinin Qarabağ ermənilərinin geri qayıtması məsələsinin danışıqlardan kənarda qalmasına etirazı da əsassızdır. İndiki mərhələdə bu məsələ Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının mövzusu deyil. Çünki Qarabağda yaşayan erməni əhalisi könüllü şəkildə Ermənistan ərazisinə köçüb. Azərbaycan hökuməti bu köç prosesində hərbi və inzibati zor tətbiq etməyib, əksinə, mülki əhalinin təhlükəsiz və sərbəst şəkildə bölgəni tərk etməsinə imkan yaradıb. Bu faktlar BMT müşahidəçiləri və təşkilatlar tərəfindən də təsdiqlənib.
Hazırda Ermənistan rəhbərliyinin bu məsələdə mövqeyi əhəmiyyətli dərəcədə dəyişib. Baş nazir Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir və sülh danışıqlarında bu mövzu müzakirə predmeti deyil. Bu, uzun illər münaqişənin ən mürəkkəb və həssas məsələlərindən biri olmuş Qarabağ ermənilərinin statusunun artıq əsas müzakirə mövzusu olmaması deməkdir. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı zaman-zaman Qarabağdan köçmüş ermənilərin fərdi qaydada geri dönüş hüququ ilə bağlı ümumi çağırışlar etsələr də, bu çağırışlar hüquqi baxımdan məcburi xarakter daşımır və gələcək sülh sazişinin tərkib hissəsi kimi nəzərdə tutulmur. Bu məsələlər daha çox insan hüquqları və humanitar aspektlər səviyyəsində gündəmə gətirilə bilər. O da Ermənistandakı yurdlarından qovulmuş soydaşlarımlızın Qərbi Azərbaycana qayıdışının təmin olunacağı təqdirdə.
Bu real vəziyyət regional balansın qorunması və gələcəkdə sülh müqaviləsinin uğurla imzalanması baxımından böyük əhəmiyyətə malikdir. Göründüyü kimi, erməni lobbi təşkilatlarının bu məsələdə yaratdıqları səs-küy və təzyiqlərin heç bir əsası yoxdur və onların mövqeyi artıq beynəlxalq və regional siyasətdə dəstəklənmir. Bu isə sülh və stabilliyin bərpası üçün əlverişli şərait yaradır.
***
Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva XQ-yə dedi ki, Vaşinqtonda imzalanmış birgə Bəyannamə və paraflanmış sülh sazişi Cənubi Qafqazda sülhə gedən yolun əsasını qoyur və erməni lobbi qruplarının destruktiv fəaliyyətlərinə baxmayaraq, regionda sabitliyin bərpası üçün geniş imkanlar açır: “Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanla normallaşan münasibətlər bu sənədlərin əsas prinsipləridir və gələcəkdə davamlı sülhün təmin olunmasına xidmət edir”.
Yeganə Hacıyeva daha sonra Ter-Petrosyanın ABŞ-ın vasitəçiliyi ilə bağlanmış Azərbaycan–Ermənistan sülh bəyannaməsinə münasibət bildirməkdən çəkinməsinə də toxundu: “Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Vaşinqtonda imzalanmış sənədlərə münasibət bildirməkdən çəkinməsi siyasi motivlər və strategiya ilə əlaqədardır. Bu yanaşma, sadəcə, Ermənistanın razılığa gəldiyi məsələlərlə ölkə konstitusiyası arasında ziddiyyətlər olduğunu vurğulamağa yönəlib. Lakin bu, əslində, yalnız görüntü yaratmağa xidmət edən məqsədli bir addımdır.
Ter-Petrosyanın sərgilədiyi mövqeyin əsas məqsədi erməni lobbi qruplarının maraqlarını müdafiə etməkdir. Bu yanaşma müəyyən bir ideoloji nüvəni itirmiş lobbi üçün yeni əsaslar formalaşdırmağa, gələcəkdə siyasi manipulyasiya etməyə yönəlib. Bu cür strategiyanın Ter-Petrosyanın əvvəlki mövqeyini və Ermənistan hakimiyyətindəki erməni lobbisinin təmsilçisi statusunu nəzərə alsaq, məsələ daha aydın olar.
907-ci düzəlişin aradan qaldırılmasına gəldikdə isə, bu, yalnız Azərbaycan diplomatiyasının uğuru deyil, həm də erməni lobbi qruplarına vurulan sarsıdıcı zərbədir”.
Beləliklə, Vaşinqtonda imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi Azərbaycan–Ermənistan münasibətlərində yeni bir dövrün başlanğıcını qoydu. Bu prosesdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquq çərçivəsində təsbit olunub. Qalır İrəvanın konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəanın aradan qaldırması və yekun sülh sazişinin imzalanması.
Pünhan ƏFƏNDİYEV
XQ