RU

“Dəmir Reyn” yenidən dirçəlir: Avropa hərbi logistik gücünü artırır

Politico nəşrinin məlumatına görə, Belçika, Niderland və Almaniya XIX əsrdə inşa olunmuş “Dəmir Reyn” dəmir yolu xəttinin bərpası ilə bağlı danışıqlar aparır. Bu təşəbbüsün əsas məqsədi Avropa İttifaqının (Aİ) hərbi qüvvələrinin çevikliyini artırmaq və Rusiyadan gələ biləcək təhlükələrə qarşı daha sürətli reaksiya verməkdir.

Vaxtilə “Dəmir Reyn” xətti Belçikanın Antverpen limanını Almaniyanın sənaye mərkəzi olan Rur bölgəsi ilə birləşdirirdi. İkinci Dünya müharibəsi dövründə və sonrasında bu marşrut müttəfiq qoşunlar üçün həyati əhəmiyyət kəsb edirdi. Lakin sonrakı onilliklərdə əhəmiyyətini itirdi və bəzi hissələri 1991-ci ildən bəri istifadəsiz qaldı. Rusiyanın Avropada yaratdığı təhlükəsizlik çağırışları, NATO-nun şərq cinahında hərbi infrastrukturun gücləndirilməsi zərurəti və mövcud dəmir yolu xətlərindəki yüklənmə problemi Aİ-ni bu köhnə, lakin strateji əhəmiyyətli marşrutu yenidən gündəmə gətirməyə vadar edib.

Bununla belə, layihəyə qarşı hər kəs eyni həvəsi göstərmir. Xüsusilə Niderland tərəfi ehtiyatlı mövqe tutur, çünki onların ərazisindəki hissə qısa, Rotterdam limanını Almaniya ilə birləşdirən alternativ Betuve xətti mövcuddur və Antverpen limanının güclənməsi Rotterdamın regional üstünlüyünə təhlükə yarada bilər. Belçika mətbuatına danışan dəmir yolu eksperti Herman Veltər hesab edir ki, əgər Avropa Komissiyası layihəyə maliyyəni tam təmin etsə, hətta tərəddüd edən Niderland da prosesə qoşula bilər.

Bu məsələ yeni deyil. Hələ 2003-cü ildə Belçika və Niderland arbitraj məhkəməsinə müraciət edərək yolun yenidən istifadəyə verilməsinin hüquqi tərəflərini aydınlaşdırmışdılar. Məhkəmə Belçikaya layihəni həyata keçirməyə icazə versə də, ekoloji xərclərin də əsasən bu ölkənin üzərinə düşəcəyini bildirmişdi. Almaniya isə prinsipial olaraq layihəyə müsbət yanaşır, lakin Aaxen şəhəri ətrafındakı mürəkkəb relyef və 2017-ci ildə Rəşştat tunelinin çökməsi ilə bağlı yaranmış infrastruktur problemləri kimi texniki çətinlikləri nəzərə alır.

Avropa İttifaqı son illər "Hərbi Şengen" adlanan, yəni qoşunların və texnikanın sərhədlərdən sürətli keçidini təmin edən vahid nəqliyyat şəbəkəsi konsepsiyası üzərində çalışır. "Dəmir Reyn" kimi marşrutların bərpası NATO-nun şərq cinahında manevr imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu, həm Ukrayna müharibəsinin yaratdığı təhlükələrə cavab, həm də gələcəkdə baş verə biləcək böhranlara qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir.

Səbuhi MƏMMƏDOV

XQ

Избранный
4
1
xalqqazeti.az

2Источники