Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6-8 avqust 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Beyləqan rayonuna növbəti səfər təşkil olunub.
“İki sahil” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yuxarı Kəbirli, Birinci Şahsevən, Dünyamalılar, Əlinəzərli və Kəbirli kəndlərində yaşayan ümumilikdə 130 uşaq üçün “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında maarifləndirici təlimlər keçirilib.
Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlar verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb.
Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.