“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ölkəmizin münasibətləri qarşılıqlı hörmət prinsipi üzərində qurduğunu göstərir. Müharibədən sonra genişlənən imkanlardan istifadə edərək çoxşaxəli xarici siyasət kursu çərçivəsində Azərbaycan dünyaya açılıb. Bütün bu müsbət tendensiyalara baxmayaraq, Azərbaycan Rusiya əleyhinə tətbiq edilən sanksiyalara qoşulmayıb.”
Bunu Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq xatırladıb ki, Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı açıq şəkildə bildirib: “Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur”. Ardınca dövlət başçısı “Rossiya-1” kanalına müsahibəsində də bu mövqeyini bir daha ifadə edərək vurğulayıb ki, beynəlxalq münasibətlərdə sanksiya siyasətinə yer yoxdur və hər cür sanksiyaya qəti şəkildə qarşıdır.
Ş.Həsənova qeyd edib ki, Prezident III Şuşa Qlobal Media Forumunda da qonşuların, hətta qonşuların qonşularının maraqlarının nəzərə alınmasının vacibliyinə toxunub:
“Milli maraqların qorunması prosesində regional və qlobal kontekstdən ayrılaraq bu amildən sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, onu qonşunun prizmasından görməyə çalışmaq çox şeyi aydınlaşdırır”. Onun fikrincə, bu mesajla ABŞ-a səfər olduqca sayıq addım idi. Eyni sayıq yanaşma AZAL təyyarəsi ilə bağlı məsələdə də nümayiş etdirildi.
“Buna baxmayaraq, Rusiyadan təzyiqlər, şantajlar, anti-Azərbaycan ritorikası eşitdik. Son olaraq Rusiya Dövlət Dumasının üzvü Andrey Qurulyovun kənd təsərrüfatı məhsullarına görə səsləndirdiyi təhdidlər buna nümunədir. Halbuki o, belə açıqlama verməzdən əvvəl idxal və ixrac göstəricilərinə nəzər yetirməli idi,” – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Ukraynaya hərbi yox, humanitar yardım edir: “Elə ölkələr var ki, hərbi yardım göndərir, amma Rusiyanın reaksiyası bu qədər sərt olmur. Biz Rusiyanın dövlət büdcəsindən pul istəmirik, xarici siyasətindən güzəşt gözləmirik. Yalnız AZAL təyyarəsi ilə bağlı məlum tələblərimizin təminini istəyirik. Buna adekvat mövqe gözlədiyimiz halda isə azərbaycanlılar təqib olunur. Ukraynadakı enerji infrastrukturumuzun hədəfə alınması isə Rusiyanın yanlış addımı oldu.”
Ş.Həsənova xatırladıb ki, 2020-ci il 10 noyabr Bəyannaməsinin 9-cu bəndinin icrası üçün beş il gözlənilib: “Yay-qış camaat yollara çıxır ki, ən təbii ehtiyaclar üçün blokadadan çıxsın. Ukrayna-Rusiya müharibəsində nə qalib var, nə məğlub. Məhv olan yalnız Ukraynadır. Dəhliz isə beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycan heç bir tərəfə hesabat vermək niyyətində deyil, yalnız ümumi formada ictimaiyyətə açıqlama ola bilər.”
Politoloq qeyd edib ki, Rusiya indiyədək nə edibsə, onu davam etdirir: “Barmaq sallaya-sallaya durur, amma dəhliz yenə gedəcək. Azərbaycan Ermənistan sərhədçisini görmək istəmir və bu istəksizlik yalnız Ermənistanla məhdudlaşmır.”
Onun fikrincə, rəsmi mövqe yalnız bütün detallar bilindikdən sonra açıqlanacaq: “Hələ açıqlanmayan sənəd heç kimin mövqeyi deyil. Azərbaycan heç bir tərəfdən ilişməli məqama yol verməyəcək. Hər hansı sənəd müsbət məqamlar baxımından nəzərə alına bilər. Aktuallığı isə bu günün reallığı diktə edir.”
//Gülnarə Abasova, Editor.az