RU

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib

Laçın, 15 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Konstitusiya və Suverenlik ili" çərçivəsində təşkil olunan mediatur öz suverenliyini tam bərpa etmiş dövlətimizin işğaldan azad olunmuş ərazilərində də sakinlərin məşğulluğunun təminatı, o cümlədən kiçik təsərrüfatlara yiyələnmələri üçün həyata keçirdiyi tədbirlər barədə media təmsilçilərini əyani şəkildə məlumatlandırmaq məqsədi daşıyıb.

Mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərlə bağlı agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 5 min 420 şəxsin məşğulluğu təmin olunub. Onlardan 422-si üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 249 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 621 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsinin müdiri Əsmər Nəcməddinqızı jurnalistlərə açıqlamasında bildirib ki, Vətən Müharibəsindən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. "Köç prossesi baş tutduqca diqqətdə saxlanılan əsas məsələlərdən biri də, burada məskunlaşan vətəndaşların sosial dəstək tədbirləri ilə təmin olunması, eyni zamanda, onların dayanıqlı məşğulluğunun təminatıdır. İlk günlərdən başlayaraq Dövlət Məşğulluq Agentliyi də bu prossesdə aktiv şəkildə iştirak edir. Qarabağ və Şərqi Zəngəzur Regional Məşğulluq idarələri tərəfindən vətəndaşlarla mütamadi olaraq görüşlər təşkil edilir, onların məşğulluq imkanları qiymətləndirilir və bunun əsasında vətəndaşların aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan alətlər əsasən burada fəaliyyət göstərən işəgötürənlərin təqdim etdiyi münasib vakansiyalar, işlə təmin olunmaları, peşə hazırlıq kurslarının təşkil edilməsi, əmək yarmarkalarının keçirilməsi, özünü məşğulluq proqramının icrası və sairlərdir. Əlbəttə ki, özünüməşğulluq proqramı işğaldan azad olunmuş ərazilərdə həm iqtisadiyyatın canlanması, həm də şəxslərin kiçik biznesə çıxışı üçün önəmli rol oynayır. Proqrama cəlb edilən şəxslərə ərazilərdə tələb olunan sahələr, onların bacarıqları da nəzərə alınmaqla istehsal, xidmət və kənd təsərrüfatı üzrə zərflər təqdim edilir və bunun əsasında avadanlıqlar verilməklə iş yerlərinın yaradılması təmin olunur. Bu gün isə Laçında yaradılan həmin müəssisələrdən bəziləri ilə sizin də iştirakınızla tanışlıq oldu. Qeyd edim ki, artıq təkcə Laçın rayonunda 74 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə bu rəqəm 420-ni keçib. Proses əsasında uyğun şəxslər seçilir, onlar təlimlərə cəlb edilirlər və daha sonra aktivlər verilir. Bu son deyil. Həm özünüməşğulluq, həm də digər aktiv məşğulluq tədbirləri üzrə azad olunmuş ərazilərin sakinləri ilə işlər davam etdirilir", - deyə o diqqətə çatdırıb.

Media nümayəndələri əvvəlcə Laçın rayonunun Sus kəndinin sakini Namiq Əhmədovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində “Kişi bərbərxanası” zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub. Daha sonra jurnalistlər Laçın şəhər sakinləri Təhminə Abdullayeva, Reyhan Abdullayeva və Altay Qoşnalızadə üçün yaradılmış iş sahələri ilə tanış olublar. T.Abdullayeva və R.Abdullayeva “Kiçik dərzi sexi” zərfi, A.Qoşnalızadə isə “Səyyar kofe evləri” layihəsi üzrə müvafiq aktivlərlə təmin ediliblər.

Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Избранный
37
7
azertag.az

8Источники