RU

Rusiya Cənubi Qafqazı itirirmi? – Təhdid ritorikasının arxasındakı reallıqlar - ÖZƏL

Rusiya mediası və siyasətçiləri son günlər Cənubi Qafqazda hərbi əməliyyat ehtimalından danışaraq həm Azərbaycanı, həm də Ermənistanı hədəfə alır. Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Bakıdan gələn sərt bəyanatları vurğulayaraq, Rusiya qoşunlarının regiondakı problemləri həll etməyə qadir olduğunu bildirir. Paralel olaraq, Gümrüdəki 102-ci Rusiya hərbi bazası gücləndirilir, bölgəyə hərbi texnika daşınır ki, bu da ekspertlərə görə regional sabitlik üçün risk yaradır.

Rusiya mediasının Cənubi Qafqazdakı təhdid ritorikası regional sabitliyə necə təsir edir?

Mövzu ilə bağlı politoloq Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Rusiyanın xarici siyasətinin mahiyyətində onun qonşu ölkələrə qarşı yanaşması tarixdən bəri məlumdur. Qlobal imperiya ambisiyaları ilə idarə olunan və qonşu ölkələri "arxa baxçası" görən siyasətinə və dövlətlərin ərazisini işğal etmək planlarına görə əksər ölkələrlə münasibətlərini pisləşdirən Rusiya qeyri-konstruktiv və ya qarşılıqlı hörmətə əsaslanmayan ritorikasını bu gün də davam etdirir.  Belə ki, 2024-cü ilin sonundan başlayaraq Azərbaycana qarşı hibrid təhdidləri artıran Rusiyanın təhdidləri absurddur və heç bir məntiqə sığmır. Çünki Azərbaycan heç zaman öz qonşularına qarşı koalisiyalara qoşulmayıb və ya qərb sanksiyalarını dəstəkləməyib.  Mövcud reallıqları və beynəlxalq aləmdən təcrid olunmasını, həmçinin regional aktorlardan faydalandığını nəzərə alaraq, Moskva öz strategiyalarına və prioritetlərinə yenidən baxmalıdır. 
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsi və hələ də davam edən savaş Moskvanın Cənubi Qafqazda güc və nüfuz itirməsinə səbəb olub. Bu vəziyyət regionun hər üç ölkəsində açıq şəkildə görünməkdədir, çünki müharibənin Rusiyaya vurduğu zərərlərin kompensasiya edilməməsi onun resurslarının azalmasına səbəb olur. Bu da təbii ki, onun təsir imkanlarını azaldır. Bundan əlavə, Gürcüstanın nə qədər də Avropa İttifaqı (Aİ) ilə əlaqələri sabit olmasa da, Aİ-yə inteqrasiyada qərarlı görünür, Ermənistan isə İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə Qərbə istiqamətlənən siyasət yürüdür. Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan isə regionda yaratdığı yeni reallıqlarla qlobal səviyyədə də manevr imkanları artırır, çoxşaxəli əməkdaşlıq əlaqələrini dərinləşdirir.  Bir vaxtlar Ermənistanın əsas müttəfiqi olan, ona hər cür dəstək göstərən Rusiyanı artıq Qərb bloku əvəzləyir. Beləliklə, Rusiyanın regiondakı güc balansı azalmağa doğru gedir. Bunun əksinə isə qazandığı Zəfərlə güc balansı Azərbaycan və Türkiyənin xeyrinə dəyişib. 
Hazırkı reallıq isə ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazı itirir və bu prosesi artıq başlayıb. Buna baxmayaraq, regionda Moskvanın təsir və təxribat alətlərinin çoxu qalmaqdadır. Belə ki, İrəvan nə qədər də qərbyönülümü siyasət xəttini izləsə də, Rusiyanın bu gün Ermənistanda güclü təsir rıçaqları mövcuddur. Bunun ən mühüm aktivləri isə hərbi baza, Rusiyaya bağlı biznes və siyasi elita, qondarma və Ermənsistanın da imtina etdiyi Qarabağ klanı və ən önəmlisi isə Moskvanın iqtisadi rıçaqlarıdır. Lakin öhdəliklərini tam olaraq yerinə yetirərək Azərbaycanla ədalətli sülh müqaviləsinin imzalanması Ermənistana böyük siyasi və iqtisadi imkanlar pəncərəsi açaraq, təhdidləri də neytrallaşdıra bilər. Ona görə də Azərbaycan və Ermənistan arasında əldə edilmiş sövdələşmələrin yerinə yetirilməsini Rusiya maraqlarına təhdid kimi görür. Bu səbəbdən də Rusiya Ermənistandakı müəyyən təsir vasitələri ilə sabitliyi pozmağa çalışaraq, ölkədə özünün nəzarət edə biləcəyi hökumət formalaşdırmağa cəhd etsə də, bunu reallaşdıra bilmir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
65
50
olaylar.az

10Источники