RU

İsrailin Qəzzanı işğal planı ümumərəb-İsrail müharibəsinə aparır?..


Mehman İsmayılov: “...Bu qeyri-realdır”

Bir neçə gün əvvəl İsrailin Təhlükəsizlik Kabineti Baş nazir Benyamin Netanyahu tərəfindən təklif olunan Qəzzanın işğal edilməsi planını təsdiqləyib.

İsrail ordusunun Qəzzada qalan girovların həyatının risqə atılacağına və eyni zamanda humanitar fəlakətə səbəb olacağına dair xəbərdarlıqlarına baxmayaraq, qərar qəbul edilib.

Bununla yanaşı, Netanyahunun ofisinin açıqlamasında qəbul edilmiş təklifin əsas məqsədinin HƏMAS-ı məğlub etmək olduğu qeyd edilib. İsrailin “Ynet” saytı isə yazıb ki, qərarda hüquqi səbəblərə görə “işğal” sözü işlədilməyib, əvəzində “nəzarətə götürmək” ifadəsindən istifadə olunub.

“Bu, İsrailin Qəzzadakı mülki əhali qarşısında hüquqi məsuliyyəti ilə bağlıdır”, - nəşr bildirib.

Adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi bunun formal xarakter daşıdığını və qərarın əslində tam hərbi idarəçiliyi nəzərdə tutduğunu deyib.

Məlumatda o da bildirilib ki, girovlarla bağlı razılaşma əldə olunarsa, Qəzzanın tam ələ keçirilməsi əməliyyatı dayandırıla bilər.

BBC-nin yaydığı məlumata görə, Netanyahu deyib ki, onun hökumətinin Qəzza şəhərini ələ keçirmək planı müharibəni bitirmək və Həmas-ı məğlub etmək üçün "ən yaxşı yol"dur.

Onun bu açıqlaması Qəzza sakinlərini narahat edib.

Onlardan biri bunu Qəzza sakinləri üçün "ölüm hökmü" adlandırıb. O deyib ki, onlar ya aclıqdan, ya da bombalardan öləcəklər. Başqa bir qəzzalı isə deyib ki, insanlar öldürüləcəklər və rəqəmlərə çevriləcəklər: "Ölüm və dağıntıdan başqa bir şey görməyən uşaqların günahı nədir?"

"Bizim artıq başqa yerə köçməyə gücümüz yoxdur", - bir fələstinli deyib.

İsrailin Qəzzada yeni işğal planları ümumərəb - İsrail müharibəsinə çevrilə bilərmi?

“İsrailin Fələstinin üzərində bu cür hökmranlıq etməsinin baiskarları, səbəbkarları ərəb dövlətləridir”

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Netanyahu hökumətinin, hərbi-siyasi rəhbərliyinin 10 saatlıq müzakirədən sonra gəldikləri nəticə Qəzzanın tamamilə nəzarətə götürülməsi, işğalı məsələsidir: “Netanyahunun hökuməti 5 prinsipdən ibarət bir qərar qəbul edib ki, Qəzza şəhərinin götürülməsinin məqsədi bu 5 prinsipdən ibarətdir-HƏMAS-ın tərksilah edilməsi, götürülmüş girovların diri və ya ölü geri qaytarılması, Qəzza sektorunun silahsızlaşdırılması, Qəzza sektoruna İsrailin təhlükəsizlik nəzarətinin yaradılması və həm Fələstin adminstrasiyasının, həm də HƏMAS-ın nəzarətindən kənarda yeni bir mülki nəzarət administrasiyanın yaradılması. Bu gün işğalı nəzərdə tutulan ərazinin 75 fazinə İsrail nəzarət edir. Məsələnin ən paradoksal və ziddiyyətli tərəfi odur ki, Netanyahu hakimiyyəti ümumiyyətlə Fələstin adlı dövlətin orda olmasını qəbul etmir. Dünya bu məsələdən çox narahatdır. Baxmayaraq, İsrail hakimiyyəti dönə-dönə təkrar edir ki, Qəzza zolağını işğal etmək istəmirik və təklif edilən planları ondan ibarətdir ki, HƏMAS tərkisilah olunmalıdır, HƏMAS-ın əlində qalan 50 nəfər girov geri qaytarılmalıdır və HƏMAS tamamilə məhv edilməlidir ki, müharibə bitsin. Mahiyyət budurmu? Əslində bu deyil. Netanyahu hakimiyyəti müharibəni durdura bilmir. Necə ki, Putin Ukraynaya qarşı başlatdığı təcavüzü dayandıra bilmir, çünki müharibənin dayandırılması Putin üçün siyasi ölüm deməkdir, İsrailin də HƏMAS-a qarşı başlatdığı müharibənin bitməsi, durdurulması, atəşkəs rejiminə gedilməsi Netanyahu hakimiyyətinin ölümünə bərabərdir. Çünki girovların ailələri Netanyahu hakimiyyətinin Qəzza zolağını tamamilə işğal etmək, orda yeni administrasiya qurmaq planlarına qarşı çıxırlar ki, onların qohum-əqrabaları, girovluqda olan insanlar HƏMAS tərəfindən məhv ediləcək. Digər tərəfdən də çıxış yolu olmadığını bütün dünya Netanyahu hakimiyyətinə çatdırır. Ancaq Netanyahu və onun koalisiya tərəfdaşları birmənalı şəkildə tələb edirlər ki, Qəzza zolağı tamamilə nəzarətə götürülsün. Bu nəzarətə götürülmə, yəni işğal nəticə verəcəkmi? Əlbəttə, yox. Nə qədər ki, Netanyahu hakimiyyəti nə Fələstin administrasiyası, nə HƏMAS-ın rəhbərliyi ilə səmimi şəkildə danışıq aparmır, bu problemin danışıqlar yolu ilə həll edilməsini rədd edir, bu məsələ nəticə verməyəcək. Üstəlik də Netanyahu hakimiyyəti indi Qəzza zolağında yaşayan insanların guya tamamilə, yüzdə yüz faiz humanitar təchizatla təmin ediləcəklərini vəd edir, amma buna nə dünya, nə də Qəzza zolağında yaşayan insanlar inanır. İndi Netanyahunun təklif etdiyi yol budur ki, ordakı əhali Qəzza şəhərini tərk etsin və onlara hər cür humanitar yardım ediləcək. Əlbəttə ki, dünya buna inanmır. Əlbəttə ki, nə Federativ Almaniya, nə Böyük Britaniya, nə Birləşmiş Ştatların özü inanır ki, Netanyahu hökuməti Qəzza zolağında yaşayan dinc insanları humanitar yardımla kəsilməz bir şəkildə təmin edəcək. Buna heç kəs inanmır. Çünki Netanyahu höküməti vaxtaşırı olaraq o humanitar yükləri gah göndərir, gah da dayandırır. Orda insanlar böyük humanitar fəlakət qarşısındadırlar.

Sizin verdiyiniz “İsrailin Qəzzada yeni işğal planları ümumərəb - İsrail müharibəsinə çevrilə bilərmi” sualına gəlincə, əlbəttə, yox. Ərəb dünyası param-parçadır. İsrailin Fələstinin üzərində bu cür hökmranlıq etməsinin baiskarları, səbəbkarları ərəb dövlətləridir. Zamanında BMT-nin verdiyi qərara uysaydılar, zamanında iki dövlətin yaranması məsələsini dəstəkləsəydilər bu gün bu faciələr baş verməzdi. Amma ərəblərin birləşəcəyinə, Fələstinə birmənalı şəkildə dəstək verəcəklərinə inam da 10 milyonda 1 faiz ola bilər. Heç biri Fəsləstini dəstəkləməyəcək. Necə ki, indiyə qədər gerçək mənada dəstək verməyiblər. Yəni bu amil ərəb dünyası ilə İsrailin müharibəsinə gətirər? Əlbəttə gətirməz. Ərəb dünyası birmənalı şəkildə Birləşmiş Ştatların ağzına baxır, Birləşmiş Ştatların onlar üçün yaradacağı şəraitə meyllənirlər, ABŞ-dan gələcək komandaları gözləyirlər. Ona görə də onların Fələstinə görə özlərini hədəfə çevirəcəkləri, əlbəttə ki, böyük sual alıtınandır”.

M.İsmayılovun fikrincə, amma Fələstini qurban vermək, Fələstinin vasitəsilə İranın və ərəb dövlətlərinin siyasət qurması, geosiyasi sövdələşmə, bazarlıq aparmaq məsələləri ortadadır. O vurğuladı ki, onlara fələstinlilər gərək deyil, öz maraqları gərəkdir. “Bu səbəbdən baxın, Federativ Almaniya İsrailə silah göndərməkdən imtina etdi və deyirlər ki, siz fəlakətin qarşısını almalısınız, siz HƏMAS-ı tərkisilah edə bilməyəcəksiniz, sonunda bu, girovların öldürülməsinə, tamamilə məhv edilməsinə səbəb olacaq. Böyük Britaniya deyir ki, siz sentyabr ayına qədər bu təcavüz müharibəsinə son qoymasanız Fələstin dövlətini dövlət kimi tanıyacağıq. Fələstinlilərə qarşı dünya da, ərəb dünyası da, İsrail hakimiyyəti də səmimi deyil. Ona görə də burda ərəblər yığışsın İsrailə qarşı müqavimət göstərsin, inandırıcı deyil. Əlbəttə, buna heç kəs reallıqda inanmaz ki, ərəb dünyası yenidən İsrailin üstünə getsin. İsrailin arxasında ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Federativ Almaniya dayanır. Ona görə də bu qeyri-realdır”-deyə M.İsmayılov qeyd etdi.

İradə SARIYEVA

Избранный
6
baki-xeber.com

1Источники