“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingiz Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşünü böyük fəxrlə izlədiyini bildirib.
O, QHT.az-a açıqlamasında qeyd edib ki, bu görüş sadəcə iki liderin söhbəti deyil, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və mövqeyinin təsdiqi idi:
"44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan bu uğuru Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və milli birliyimiz sayəsində əldə etdi. O gün biz tarixi ədaləti bərpa etdik, bu gün isə dünya arenasında qalib ölkə kimi sözümüzü deyirik. İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik müstəvidə də qələbələr qazanır."
Cəmilə Çingiz vurğulayıb ki, əvvəllər Azərbaycanı xəritədə kiçik ölkə kimi görən nəhəng dövlətlər indi ölkəmizin güclü iqtisadiyyata, sarsılmaz siyasi mövqeyə, qalib orduya və müdrik bir lidərə sahib olduğunu yaxşı bilirlər:
"Bu görüş bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da önəmli oyunçudur. Bir vətəndaş, bir ictimai birlik rəhbəri və bir ana olaraq qürurla deyirəm: Bizim Prezidentimiz var! Bu lider xalqının səsinə səs verir, haqqımızı dünyada uca tutur və Azərbaycan adını zirvələrdə dalğalandırır. Bu, hər birimizin qürurudur, bu, qalib xalq olmağın fərəhidir."
Pərvanə Fərhadqızı