Ölkəmizdə diabetik qida məhsullarının yerli istehsalı yoxdur. Bu məhsulların böyük əksəriyyəti idxal olunur. Ekspertlər qeyd edirlər ki, şəkər xəstələri bu məhsullardan istifadə edərkən bir sıra vacib məqamlara diqqət yetirməlidirlər.
Azərbaycan Standartlaşdırma İnstitutu “Diabetik təbii meyvə şirələri” dövlət standartını ləğv edilməsi üçün ictimai müzakirəyə çıxarıb. Onun ləğv edilmə səbəbi isə həmin standart ilə istehsalın olmamasıdır. Bu müzakirə istehlakçılar, xüsusilə şəkərli diabet xəstələri arasında suallar doğurub. 2024-cü ildə qüvvəyə minmiş bu standartın istehsal olmaması səbəbindən ləğvi, bazarda bu kateqoriyaya daxil olan məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
Məlumdur ki, satışda şəkərli diabet xəstələri üçün kifayət qədər məhsullar var. Bəs diabet xəstələri üçün nəzərdə tutulan digər məhsulların təhlükəsizliyi necə təmin olunur? Şəkərli diabeti olan xəstələr onlar üçün nəzərdə tutulan məhsulları alarkən nələrə diqqət etməlidir?
Meyvə düzgün seçildikdə...
İstehsal meneceri Sayat Quliyeva “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda bəzi diabetik dərmanların qablaşdırılması həyata keçirilir, lakin diabetik qida məhsullarının yerli istehsalı yoxdur. Bu məhsulların böyük əksəriyyəti idxal olunur. Onun sözlərinə görə, standartın ləğvi də məhz bu səbəblə, daxili istehsalın olmaması ilə əlaqələndirilir: “Hazır meyvə şirələrinin tərkibində qatılaşdırılmış və əlavə olunmuş şəkər miqdarı yüksək olduğundan şəkərli diabet xəstələri üçün tövsiyə edilmir. Meyvənin özü düzgün seçildikdə və porsiya ölçüsünə nəzarət olunduqda isə şəkərli diabet xəstələri üçün zərərli deyil, əksinə, faydalıdır. Əsas məsələ düzgün meyvə növlərinin seçilməsi və miqdarın nəzarətdə saxlanmasıdır. Meyvələrin tərkibindəki şəkər təbii fruktoza şəklindədir və yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqlarda şəkərin sorulmasını yavaşladaraq qanda şəkər səviyyəsinin ani yüksəlməsinin qarşısını alır. Hazır meyvə şirələrinin tərkibində qatılaşdırılmış və əlavə olunmuş şəkər miqdarı yüksək olduğundan şəkərli diabet xəstələri üçün tövsiyə edilmir. Diabetiklər üçün ən düzgün seçim meyvənin təzə formada istehlak edilməsidir. Eyni zamanda, meyvələrin qlisemik indeks və şəkər miqdarı baxımından tanınması da onların sağlam qidalanması üçün vacibdir”.
Adi meyvə şirələrindən fərqi
Həmsöhbətimiz bildirir ki, diabetik meyvə şirələri adi meyvə şirələrindən fərqlənir. Çünki onlar şəkərsiz və qanda şəkər səviyyəsini artırmayan maddələrdən hazırlanır: “Bu məhsullarda şəkər əvəzedicisi kimi süni və ya təbii maddələrdən istifadə olunur: steviosid (stevia bitkisindən alınır), eritritol, sukraloza, aspartam və s. Lakin diabetik məhsullarda istifadə olunan süni dadlandırıcıların miqdarı çox olduqda, bu, insan orqanizminə mənfi təsir göstərə bilər. Məsələn, aspartam uzun müddət yüksək dozada qəbul edilərsə, mədə-bağırsaq problemləri, insulin müqavimətinin artması və hətta ürək-damar xəstəlikləri kimi ciddi fəsadlara səbəb olur”.