RU

Paşinyanın göstərəcəyi liderlikdən çox şey asılı olacaq - RƏY

8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan sülh bəyannaməsi Cənubi Qafqazda uzun illərlə davam edən münaqişəyə rəsmi şəkildə son qoydu. Sazişin yeni siyasi mənzərə formalaşdırması ilk növbədə regionda mövcud olan qüvvələrin fərqli maraqlara sahib olduqlarını bir daha göstərdi. Həm Rusiya, həm də İran Cənubi Qafqazda xüsusi maraqlar nümayiş etdirdiklərinə görə regionda onların nəzarəti olmayan heç bir dəyişikliyi istəmirlər. Xüsusən də, ABŞ-nin vasitəçiliyi ilə başlayan bu vəziyyət Tehran və Moskvanın kəskin bəyanatları ilə qarşılandı.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regiona sülh, sabitlik və davamlı inkişaf gətirəcək.

 

Milli

 

Deputat bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması və qonşuluq münasibətlərinə keçərək əməkdaşlığa başlanması heç bir ölkəyə qarşı deyil:

 

“Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələri üçün yeni imkanlar açacaq.  Bu baxımdan regionda sülhün və təhlükəsizliyin yaranması Asiyadan Avropaya qədər böyük bir coğrafiyada yerləşən ölkələr üçün rentabelli yeni iqtisadi əməkdaşlıq imkanları formalaşdırır.  Amma təəssüf ki, sülh prosesindən kənarda qalması və ABŞ-də sənədlərin imzalanaması Rusiyanı narahat edir. Buna görə də son vaxtlar Rusiyanın deputatlarının və Solovyovun Azərbaycana qarşı hədə dolu çıxışlarını, Rusiyada yaşayan azərbaycanlılara qarşə ədalətsiz hərəkətlərin genişləndirildiyini müşahidə edirik. Biz bütün qonşularımızla normal qonşuluq münasibətlərini davam etdirməyinin tərəfdarıyıq. Bizə qarşı qərəz nümayiş etdirənlərə  isə cavabımızı dərhal veririk və verməkdə davam edəcəyik.  Rusiya hakimiyyəti bilməlidir ki, Azərbaycanla təzyiq dilində danışıb, nəyəsə nail olmaq olmaz.  Bu baxımdan Rusiya ilə Azərbaycan arasındakı fikir ayrılıqlarını uzaqdan təzyiq ritorikası ilə yox, dövlət rəsmilərinin masa arxasında əyləşərək müzakirə etməli olduqlarını düşünürəm. O cümlədən münasibətlərdə gərginliyin yaranmasına səbəb olan məsələlər dövlət səviyyəsində danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycanla Rusiya arasında münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına uyğundur. Çünki nə biz Rusiyanın qonşuluğundan, nə də Rusiya bizim qonşuluğumuzdan gedəsi deyil. Qonşu olmağımız taleyimizin yazısıdır. Münasibətlərimizin normallaşdırılması hər iki qonşu üçün vacibdir və iki ölkə arasında gərginliyin azalmasına doğru tərəflərin müəyyən addımlar atmaq zamanının gəldiyini hesab edirəm”.

 

Siyasi şərhçi Abutalıb Səmədov isə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 2026-cı ilin sonlarında imzalana bilər:

 

Azərbaycan

 

“Ermənistanda parlament seçkilərindən sonra yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilməsi planlaşdırılır. Təxminən, bu da 2026-cı ilin sonlarına gəlib çıxa bilər. Ağ Evdə sülh müqaviləsinin xarici işlər nazirləri tərəfindən paraflanması artıq bölgədə ciddi dəyişikliklərə şərait yaradacaq. Məlumdur ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Minsk prosesi ilə bağlı strukturların ləğv olunmasını tələb edirdi. Ermənistan isə saziş imzalanandan sonra belə bir addım atacağını deyirdi. Ancaq bu dəfə sülh sazişi imzalanmadan paraflanmadan sonra Ermənistan Minsk prosesinin strukturlarını, Minsk konfransını və Minsk Qrupunu ləğv etmək üçün ATƏT-ə müraciət etmək qərarına gəldi. Bu onu göstərir ki, Ermənistan artıq sülh müqaviləsinin imzalanacağına əmindir. Eyni əminliyi Ağ Evdə Azərbaycan Prezidenti də söylədi. Sülh sazişinin imzalanması bölgədə ilk növbədə 30 ildən çox davam edən gərginliyə son qoyacaq, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin yaranmasına şərait yaradacaq, diplomatik münasibətlər qurulacaq, İrəvanda və Bakıda səfirliklər açılacaq, iqtisadi əməkdaşlıq genişlənəcək. Azərbaycan və Ermənistan arasında indiyə qədər heç bir iqtisadi əməkdaşlıq olmayıb. Bu da təbii ki, hər iki ölkənin iqtisadiyyatına zərərli təsir göstərib. Yaxın qonşuların bir-biriləri ilə iqtisadi əlaqələr qurmamaları iqtisadiyyata əks təsir göstərməyə bilməz. Eyni zamanda Zəngəzur dəhlizinin açılması Orta dəhlizin - Şərq və Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətini gücləndirəcək. Bu yolla daha çox yük daşınacaq. Bunlar da bölgə dövlətlərinə, Azərbaycan və Ermənistana öz müsbət təsirini göstərəcək”.

 

O bildirib ki, həm İran tərəfindən, həm də Rusiya tərəfindən Zəngəzur dəhlizinə, Azərbaycan və Ermənistan arasında normal münasibətlərin qurulmasına qarşı müqavimət mütləq olacaq:

 

“Rusiya Azərbaycan və Ermənistan arasında normal münasibətlər olmasına ümumiyyətlə maraqlı deyil. Çünki münasibətlərin gərgin olmasından Rusiya daim istifadə edib, faydalanmağa çalışıb. İranın Zəngəzur dəhlizinə qarşı olduğu açıq şəkildə ali dini liderin müşaviri Ələkbər Vilayəti tərəfindən dilə gətirildi. O, Zəngəzur dəhlizinə ehtiyac olmadığını, "Azərbaycan İrandan keçib Naxçıvanla əlaqə yarada bilər" dedi. Bizə haradan keçib getməyi də öyrətməyə çalışırlar. Çox təəssüf ki, bu cür qonşularla yanaşı yaşamaq məcburiyyətindəyik. Həm İran, həm də Rusiya bu düşüncənin daşıyıcılarıdır. Azərbaycan və Ermənistana münasibətlərin normal qurulmasına qarşı əllərindən gələn maneələri törətməyə çalışacaqlar. Qarşıda bu iki dövləti çox gərgin mübarizə gözləyir. Bu müqaviməti dəf etmək, imzalanan sənədlərə sadiq qalmaq və onların reallaşmasına çalışmaq asan olmayacaq. Xüsusilə, Ermənistana təzyiqlər daha çox olacaq. Paşinyanın göstərəcəyi liderlikdən çox şey asılı olacaq".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə mövzunun aktuallığı nəzərə alınaraq növbəti dəfə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd

 

Tarix: 16 Avqust 2025, 15:21   
Избранный
21
1
pravda.az

2Источники