Referans Musavat.com-a istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın “Azov” briqadasının tərkibində döyüşən azərbaycanlı Azazadə (Ağazadə də ola bilər) Asim Mahiroğlunu əsir götürdüyünü elan edib. Rusiya mediası dərhal onun fotolarını yayımlayaraq, gənci “xaçlarla bəzədilmiş narsist” adlandırıb. Əsir götürülən soydaşımızın çiyinlərində “ulduz”, sinəsində isə xaç təsvirli döymələrə xüsusi diqqət çəkən Rusiya KİV-ləri bununla növbəti dəfə “Azov”u guya “neo-nasist dəstəsi” kimi təqdim etmək üçün fürsətdən yararlanıblar.
Rus mediasının yazdığına görə, Asim Mahiroğlu Ukraynada “Azov”un əsaslandığı 3-cü hücum briqadasının tərkibində xidmət edib və Petrovskoye yaxınlığında əsir düşüb. Onun ifadəsi kimi təqdim edilən sitatlarda Asimin “silah işlətmədiyini, dərhal təslim olduğunu” dediyi qeyd olunur. Bundan əlavə, rus KİV-ləri iddia edir ki, Bakıda doğulmuş Asim Kiyevə “beynəlxalq biznes” ixtisası üzrə təhsil almaq üçün gəlibmiş, lakin daha sonra müxtəlif cinayət hadisələrinə görə saxlanılıb.
Bütün bu detalları qabardan Rusiya mediası faktiki olaraq soydaşımızı gözdən salmaq və bütün “Azov” döyüşçülərini kriminal, radikal obrazda təqdim etmək məqsədi güdür. Halbuki, bu “ifadələr”in əsir şəraitində, təzyiq altında alındığı da şübhəsizdir.
Məlum olduğu kimi, Ukrayna ordusunda yüzlərlə azərbaycanlı könüllü kimi döyüşür, onların arasında şəhid olanlar da var. Azərbaycan ictimaiyyətində Ukrayna tərəfində vuruşanlar qəhrəman, həlak olanlar şəhid kimi dəyərləndirilir. Eyni zamanda, Rusiyanın tərəfində döyüşən azərbaycanlılar da mövcuddur, lakin onların çoxu məcburiyyətdən və ya maddi maraq naminə bu addımı atır. Məsələn, Rusiya ordusunda muzdlu döyüşənlərə ayda təxminən 4000 manat ekvivalentində maaş vəd olunur. Amma təcrübə göstərir ki, soydaşlarımız bu məbləği yalnız təlim müddətində ala bilirlər; ön xəttə göndərildikdən sonra isə çox vaxt qısa müddətdə həlak olurlar.
Müşahidəçilərin fikrincə, Asim Mahiroğlunun əsir kimi təqdim olunması və onun üzərində qurulan “narsist, xaçlı, kriminal keçmişi olan” obrazı Rusiyanın uzun illərdir həyata keçirdiyi təbliğat xəttinin tərkib hissəsidir. Moskva “Azov” batalyonunu bütünlüklə “neo-nasist” damğası ilə gözdən salmaq istəyir. Bununla həm Ukraynanı, həm də Ukrayna uğrunda döyüşən digər millətlərdən olan könüllüləri ictimai rəydə ləkələməyə çalışır.
Əslində isə müstəqil mənbələr, beynəlxalq media və hüquq-müdafiə təşkilatları bildirir ki, “Azov” haqqında Rusiyanın yaydığı “nasizm” ittihamları şişirdilmiş, təhrif olunmuş və Kremlin informasiya müharibəsinin bir alətidir. Ukraynanın azadlığı uğrunda döyüşən könüllülər arasında azərbaycanlıların da olması, onların ailələrinin, yaxınlarının isə vətəndə “şəhid” kimi qəbul olunması bu faktı təsdiqləyir.
Asim Mahiroğlunun Azazadə (rus və ingilisdilli saytlarda soyadı məhz belə gedir - Musavat) əsir götürülməsi faktı Azərbaycanın bir daha necə çətin bir geosiyasi zolaqda yerləşdiyini göstərir. Soydaşlarımız həm Ukrayna tərəfində, həm də Rusiya tərəfində döyüşlərdə iştirak edir. Lakin Rusiya bu hadisəni təbliğat məqsədilə qabardır və əsir düşən bir azərbaycanlının üzərindən siyasi şou qurur. Azərbaycan ictimaiyyəti üçün isə həqiqət aydındır: rus təbliğatı heç vaxt etibarlı mənbə deyil və Moskvadan yayılan bu cür məlumatlar sadəcə olaraq Kreml rejiminin informasiya savaşının davamıdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта