RU

Diplom problemi: Hər il yüzlərlə gənc niyə “tanınmayan təhsil”lə üz-üzə qalır? 

Bu il 4998 gənc diplomunun tanınması üçün müraciət edib. Onlardan 921 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır. Hər halda 921 say az deyil. Niyə hələ də bu problem var və nə qədər maarifləndirci çağırışlar olsa da, hər il xeyli sayda diplom tanınmır?

Bir çox gənc, təəssüf ki, xaricdə aşağı reytinqli, bəzən isə ümumiyyətlə akkreditasiyası olmayan universitetlərdə təhsil alır.Belə universitetlərin diplomları Azərbaycan tərəfi tərəfindən tanınmır. Qanunvericiliyə əsasən, bir çox sahələrdə qiyabi və distant formada alınmış diplomlar qəbul edilmir. Xüsusilə tibb, hüquq və pedaqogika sahələrində bu problem daha qabarıqdır.

Xaricdəki təhsil proqramı ilə Azərbaycanın dövlət standartları arasında ciddi fərqlər olduqda, diplomun tanınması çətinləşir. Bu halda namizədlərdən əlavə imtahan vermələri tələb olunur.

Ekspertlər qeyd edir ki, bəzi hallarda üraciət zamanı təqdim olunan sənədlərdə uyğunsuzluqlar, saxta diplom cəhdləri, təhsil müddətinin sübut olunmaması halları olur. Bu da mənfi qərara səbəb olur.

Elm və Təhsil Nazirliyi və Agentlik tərəfindən dəfələrlə çağırışlar edilsə də, bir çox gənc təhsil almaq istədiyi universiteti seçərkən diplomun gələcəkdə tanınıb-tanınmayacağı barədə əvvəlcədən maraqlanmır. Bu isə sonradan “təəssüf ki, diplom tanınmır” problemi ilə üz-üzə qoyur.

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Musavat.com-a danışıb:

"Diplomların tanınması dediyimiz – xaricdə verilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması qaydaları 2023-cü ildə ölkə prezidenti tərəfindən təsdiq olunub. Hazırkı qaydalar əvvəlki nostrifikasiya qaydalarından daha çox əlçatandır. Məlum olduğu kimi, bu işlə Elm və Təhsil Nazirliyi məşğul olur, sənədlər orada baxıldıqdan sonra Keyfiyyət Təminatı Agentliyinə yönləndirilir. Əgər şəxs xaricdə təhsilini bitirib gəlirsə, onunla bağlı Dövlət İmtahan Mərkəzində müvafiq ixtisas üzrə imtahan verməlidir. Göründüyü kimi, müraciət edən hər 5-6 nəfərdən yalnız birinin mənfi cavab alması, fikrimcə, böyük rəqəm deyil. Belə ki, 5 minə qədər şəxs müraciət edib və onların 921 nəfərinə mənfi cavab verilib. Bu isə o deməkdir ki, təxminən 4 min şəxs müsbət cavab alıb.

İstənilən halda qanunvericilik bir daha göstərir ki, əgər şəxs hər hansı dövlət institutunun cavabından narazıdırsa, məhkəməyə müraciət edə bilər. Xaricdə verilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması ilə bağlı müraciət edən 921 nəfərdən hər hansı biri verilmiş qərarı haqsız sayırsa, məhkəməyə müraciət edib, məhkəmə qaydasında öz hüququnu təmin edə bilər. Amma bir daha qeyd edirəm ki, bu, böyük rəqəm deyil. Yəni, 5 nəfərdən 4-ü keçib, yalnız 1 nəfər mənfi cavab alıb".



Избранный
35
referans.az

1Источники