Model Səmradan çağırış: "Bu sənətə maliyyə dəstəyi ayrılmalıdır"
""Miss Universe 2025" yarışması sadəcə gözəllik müsabiqəsi deyil. Daha əvvəl qeyd etdiyim kimi, burada milli mədəniyyətimizi, azadlığı, gözəlliyi və bizim atributlarımızı – məsələn, xalçalarımızı, milli geyimlərimizi, Xarı bülbülü təqdim edə bilərik".
Bu sözləri Demokrat.az-a açıqlamasında model Səmra Hüseynova deyib.
O, bildirib ki, biz bütün bunları Qarabağa, Azərbaycanın zəngin mədəniyyətinə aid simvollar kimi nümayiş etdirə bilərik:
"2022-ci ildə Ermənistanı təmsil edən iştirakçı milli geyim və Qarabağ xalçasını atribut kimi təqdim etmişdi. Ona görə də mən istərdim ki, bu il bizə də qismət olsun və sponsor dəstəyi ilə xərclər qarşılanaraq, biz öz milli mədəniyyətimizi təqdim edə bilək. Çünki imkan verməməliyik ki, bizim atributlarımız başqa ölkələr tərəfindən mənimsənilərək dünyaya təqdim olunsun".
Onun sözlərinə görə, biz sülh müqaviləsi bağlamış olsaq belə, ölkənin bu cür yarışlarda iştirak etməsi vacibdir:
"Azərbaycan xalqı uzun illər sülh içində yaşayacaq. Sadəcə istərdim ki, bu cür böyük rezonans doğuran yarışmalarda biz də iştirak edək. Xaricdən aktrisalar, modellər, futbolçular dəvət olunur, bu da çox gözəl addımdır. Amma eyni zamanda, biz özümüzü – Azərbaycan qadınının gözəlliyini, milli geyim dəyərlərimizi dünyaya göstərməliyik".
Model bildirib ki, idmançılara, balerinalara maliyyə dəstəyi ayrılır, lakin model sənətinə eyni diqqət göstərilmir:
"Model deyən kimi ilk ağıla çılpaqlıq gəlir. Halbuki balerinalar da səhnəyə alt geyimdə çıxır, kişi idmançıları – cüdoçular, karateçilər yarışlara idman geyimində qatılır. Onlara normal baxıldığı halda, model sənətinə bəzən yanlış yanaşılır. Halbuki burada məqsəd soyunmaq deyil, gözəlliyi və sənəti nümayiş etdirməkdir".
Səmra Hüseynova bildirib ki, "Miss Universe 2025" yarışması həqiqətən də böyük rezonans doğuran, bütün dünyada böyük maraqla izlənilən bir tədbirdir:
"Hətta iqtisadi böhran içində olan ölkələr belə iştirak etməyə çalışır, çünki bu, çox önəmli bir mədəniyyət və təqdimat platformasıdır".