ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:
Napoleon general olanda məktubların cavabını gecikdirməyi adət etmişdi. O, katibinə tapşırmışdı ki, məktublar gələndə üç həftə sonra açılsın. Nəhayət, məktubda nə yazıldığı öyrəndikdən sonra “mühüm” olduğu ehtimal edilən bir çox məsələlərin öz-özünə həll olunduğunu və artıq cavaba ehtiyac qalmadığını qeyd etməyi xoşlayardı.
Napoleon heç vaxt vəzifəsinə laqeyd yanaşmırdı, hökumət və əsgərlərlə əlaqəsini kəsmirdi. O, kuryerlərə tapşırmışdı ki, yaxşı xəbər gətirəndə onu yuxudan oyatmasınlar. Lakin pis xəbər olanda, məsələn, başlamaqda olan böhran və onun kampaniyasına neqativ təsir göstərəcək bir hadisə haqqında xəbər olanda, tez ona çatdırsınlar.
O, deyirdi: “Dərhal məni oyadın, o zaman bir dəqiqə belə itirilməz”.
Bizə çoxlu informasiyalar gəlir. Aydın düşünmək üçün hər birimizin mühüm olanı əhəmiyyətsizdən ayırmağımız vacibdir. Dərin düşüncələrə və ayıq təhlilə meyillənmək yetərli deyil; lider bunun üçün zaman və məkan yaratmalıdır.
Müasir dünyada bu, asan deyil. 1990-cı illərdə politoloqlar “CNN effekti” adlandırdıqları məsələni araşdırmağa başladılar. 24 saat fasiləsiz xəbər yayımı siyasətçiləri və rəhbər işçiləri onlara dərhal reaksiya verməyə məcbur edir və bu halda onların başqa məsələlərə reaksiyası zəifləyir. İnformasiya həddən artıq çoxdur, hər xırda məsələ mikroskop altında böyüdülür, fərziyyələr tüğyan edir – beyin həddindən artıq yüklənir.
CNN effekti indi təkcə prezidentlər və generallar üçün deyil, hər kəs üçün problemdir. İndi hər birimizin ağılla istifadə edə biləcəyimizdən daha artıq informasiyaya çıxışımız var. Biz özümüzə deyirik ki, bu, işimizin bir parçasıdır, “hər şeydən xəbərdar” olmalıyıq və beləliklə, qiymətli vaxtımızı xəbərlərə, məlumatlara, görüşlərə və digər reaksiya tələb edən məsələlərə sərf edirik. Hətta televizora yapışıb qalmasaq belə, bizi dedi-qodular, qalmaqallar və digər diqqət yayındıran hadisələr əhatə edir.
Biz bunları dayandıra bilirikmi? Napoleonun məktubların cavabını gecikdirməyi insanları kədərləndirsə də, onu hansısa dedi-qodudan xəbərsiz qoysa da, o bu vəziyyətlə barışmışdı. Çünki bu, əhəmiyyətsiz problemlərin onun iştirakı olmadan həll olunduğunu göstərirdi. Biz də özümüzdə belə bir yanaşmanı inkişaf etdirməliyik. Bir az zaman və məkan saxlayın, xəbərləri real vaxtda qəbul etməyin, son dəb və mədəni fenomendən bir-iki mövsüm geri qalın, məktub qutusunun həyatınızı idarə etməyinə imkan verməyin.
Müasir strateq yazıçı Rayan Holidey yazır: “Hər şeydən xəbərdar olmaq cəhdində eqoizm var. İstər məşhur teleşou olsun, hansısa sahə ilə bağlı son şayilər olsun, istərsə də Yaxın Şərqdə, Afrikada, Asiyada böhran, iqlim məsələləri, Dünya Bankı, NATO sammiti ilə bağlı şərhlər olsun – bu, sonsuzluğa qədər davam edəcək. Ən məlumatlı şəxs obrazı yaratmaqda, bütün dedi-qodulardan, hər kəsin həyatında baş verən ən adi hadisələrdən xəbərdar olmaqda eqoizm və anormallıq var.” (Mənbə: Rayan Holidey; Sakitlik açardır kitabı).
Hər şeyi bilmək cəhdi nəinki ağlımızın dincliyini pozur, eyni zamanda ciddi imkanları da əlimizdən alır. Katolik rahibə və sosial aktivist Doroti Dey 1942-ci ildə gündəliyində özünə məhz belə bir nəsihət verirdi: “Radionu söndür, gündəlik qəzetləri bir tərəfə qoy, hadisələrin icmalını oxu və vaxtını mütaliəyə sərf et.” O, mütaliə deyəndə kitab oxumağı nəzərdə tuturdu. Kitablar müdriklik mənbəyidir.
Massaçusets Texnologiya İnstitutunun professoru Şerri Törkl olduqca maraqlı bir anlayış işlədib: “Bizi daha təhlükəli sosial qorxu növü bürüyə bilər. FOMO – yaxud itirilmiş imkanlar sindromu. Bu, ümidsiz istəkdir: hər dəqiqə sosial şəbəkədə səhifəni yoxlayırsan ki, kim səni bəyənib, kimlər cavab yazıb, yaxud paylaşıb. FOMO – beyindən silinməyən və o qədər zəhlətökən xarakter alıb ki, artıq patalogiya qaçılmazdır. Artıq ailələr şam yeməyinə əyləşəndə də telefonla qurdalanırlar. Bu, kədərli mənzərədir. Gənclərlə vəziyyət isə daha acınacaqlıdır. Onların canlı ünsiyyətləri telefon ekranında baş verir.” (Mənbə: World Population Review).
Və ölkəmizdə kitab oxuyanların sayı çox azdır. İnsanlar 365 günün, yəni 8766 saatın cəmi orta hesabla 74 saatını kitab oxumağa ayırırlar. Bir ilə düşən orta hesabla kitab sayı isə 3,25-dir. 57 ölkə arasında 41-ci yerdəyik.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.