RU

Kəramətin xəyanət məntiqi: “Əvvəl sevirdim, indi yox...”

“İnsanda xəyanət potensialı var. Bu, əslində, dəyişməkdir. Dəyişmək insanın ən təbii halıdır. Biz hər an dəyişirik”.

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkə hesabında yazıçı Kəramət Böyükçöl yazıb.

O, qeyd edib ki, dəyişdiyimizi ən çox köhnə toy kassetlərinə baxanda görə bilərik: pizza

“Keçmiş statuslarımızı oxuyanda görə bilərik ki, biz nə qədər dəyişmişik. Hamımız dəyişirik, hər şey dəyişir. Sevdiyimiz adama da münasibətimiz dəyişir. İş yerimizə də. Partiyamıza da. Rəhbərimizə də. 

Sadəcə insan getdiyi yolun psixoloji əsirinə çevirilir deyə çoxları dəyişdiyini biruzə verə bilmir, dilə gətirə bilmir, deyə bilmir. Məsələn, 10 il bir yolla gedirsən. Bütün münasibətlər sistemin o yolda qurulur. Dost-tanış o yolda qazanılır. Hətta ailə də o yolda qurulur. Sonra adamlar bir-birini tutub o yolda saxlayır. 10 ildən sonra ayaqlarının mazoluna başa sala bilməzsən ki, sən bu yolu səhv gəlmisən. O yoldan çıxmağa xəyanət adı qoyurlar. 

Xəyanət sözünə də yekə bir şprislə iynə vurub böyüdürlər ki, hamı qorxsun. Əslində isə xəyanət nədir? Heç nə, dəyişmək. Mən onda səni sevirdim, indi sevmirəmdir xəyanət. Bu hissi dilə gətirməkdir xəyanət. 

Siyasətdə də belə bir məhkumluğun var, evdə, ailədə, iş yerində, dostluqda da. Bəzən içində iddialar yaranır. Bəzən iddialar yoxa çıxır. Bəzən əldə etdiklərinlə özünü ən xoşbəxt adam hesab edirsən. Bəzənsə düşünürsən ki, mən daha çox şeyə layiqəm, bunlar nədir ki... 

İnsanın içində fırtınalar baş verir. Ancaq içində baş verən bütün prosesləri gizlətməyə məcbursan. O hisslərin üstünü bəzən gülüşlərlə, bəzən susqunluqla, bəzən kədərlə, lap axırda torpaqla örtürsən”.

Yazıçının bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Onlar bildiriblər ki, xəyanəti “dəyişmək” adıyla romantikləşdirmək, onun gerçək mahiyyətini gözardı etmək düzgün deyil. “Bəli, insan dəyişir, bu doğrudur. Amma dəyişmək dürüst şəkildə, açıq danışaraq, qarşı tərəfi aldatmadan olur. Xəyanət isə gizli şəkildə, qarşı tərəfin etibarını sındıraraq edilən bir hərəkətdir”. 

“Xəyanət sadəcə “mən dəyişdim” deyib məsuliyyətdən qaçmaq deyil. Bu, qarşı tərəfin sənə verdiyi güvəni tapdalamaqdır. Əgər hər dəyişən “mən sadəcə dəyişdim” desə, o zaman etibarın, sədaqətin, məsuliyyətin nə mənası?”.

“Fırtına varsa - danış, ayrıl, uzaqlaş. Amma bunu arxadan, gizli-gizli, aldatmaqla edirsənsə, adı dəyişiklik yox, xəyanətdir”. 


Telegram kanalımız
Избранный
25
4
yenisabah.az

7Источники