RU

Dördüncü Sənaye İnqilabı: Azərbaycanın rəqəmsal gələcəyi

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

XXI əsrin ən mühüm çağırışlarından biri rəqəmsal texnologiyaların sürətli inkişafı və onların iqtisadiyyat, idarəetmə, sosial həyat, eləcə də təhsil və səhiyyə kimi sahələrdə geniş tətbiqi ilə bağlıdır. Bu gün dünyada baş verən qlobal dəyişikliklər yeni iqtisadi modelin formalaşmasına, istehsal və idarəetmə sistemlərinin köklü transformasiyasına gətirib çıxarır. Məhz buna görə də “Dördüncü Sənaye İnqilabı” anlayışı müasir dövrün əsas istiqamətlərindən biri olaraq ön plana çıxır.

Azərbaycan da bu proseslərdən kənarda qalmır. Ölkəmizdə rəqəmsal texnologiyaların inkişafı, müasir innovativ həllərin tətbiqi, yeni texnoloji imkanların iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan regionda rəqəmsal transformasiya sahəsində öncül mövqelərini möhkəmləndirir.

Dördüncü Sənaye İnqilabı ənənəvi istehsal və idarəetmə mexanizmlərini köklü şəkildə dəyişdirən texnoloji yeniliklərin sintezi kimi diqqət çəkir. Burada süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap və digər innovativ həllər mühüm rol oynayır.

Bu texnologiyalar yalnız sənaye və istehsalatda deyil, həm də gündəlik həyatın bütün sahələrində tətbiq edilir. Məsələn, süni intellekt tibbdə diaqnostikanın dəqiqliyini artırır, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə kömək edir, logistika sahəsində isə yükdaşımaların optimallaşdırılmasına şərait yaradır. Eyni zamanda, əşyaların interneti sayəsində “ağıllı” evlər və “ağıllı” şəhərlər layihələri reallığa çevrilir.

Azərbaycanda rəqəmsal transformasiya siyasəti də diqqətdə saxlanılır, bu məqsədlə genişmiqyaslı proqramlar həyata keçirilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsaslanılaraq nəzərdə tutulan prioritet çərçivəsində ölkədə rəqəmsal xidmətlərin genişləndirilməsi, elektron hökumətin təkmilləşdirilməsi, innovasiya ekosisteminin inkişafı, startapların dəstəklənməsi və texnoloji parkların yaradılması reallaşdırılır.

Qeyd edək ki, rəqəmsal transformasiya iqtisadi şaxələndirməyə, qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bu, Azərbaycanın regionda rəqəmsal liderə çevrilməsi yolunda atdığı mühüm addımlardan biridir. Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) barədə isə onu deyə bilərik ki, adı çəkilən platforma ölkənin bu sahədə strateji məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayır.

Yeri gəlmişkən, 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (DİF) Prezident İlham Əliyev və DİF-in prezidenti Borge Brende arasında Forumun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb və bunun əsasında DİF-in Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzi yaradılıb. Bu, DİF-in MDB məkanında yaradılan ilk mərkəzidir. 4SİM 2021-ci il aprelin 1-dən tarixindən bu Mərkəzin də fəaliyyətini koordinasiya edir.

4SİM-də DİF-in digər mərkəzləri ilə, eləcə də süni intellekt, maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlığa üstünlük verilir. Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahələrində müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qurum 4Sİ texnologiyalarının tətbiqini təşviqini, təlim və maarifləndirmə proqramlarının gerçəkləşdirilməsini, sənaye və rəqəmsal transformasiya üzrə tədqiqatların aparılmasını, yeni texnologiyaların tətbiqinə dair araşdırmaların və müvafiq yol xəritələrinin hazırlanmasını reallaşdırır. Eyni zamanda, beynəlxalq təşkilatlar, akademik dairələr və biznes sektorları ilə əməkdaşlığa, təcrübə mübadiləsini aparılmasına böyük əhəmiyyət verir.

Mərkəzin əsas vəzifələri sırasında Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə bağlı milli siyasətin formalaşdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların təhlili, eləcə də qabaqcıl texnologiyaların ölkə iqtisadiyyatına inteqrasiyası ilə bağlı prioritetlər xüsusi yer tutur. 4SIM, eyni zamanda, Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq platformasıdır. Bu qurum BMT, Dünya İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, müxtəlif ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsi aparır.

Bu məsələdə qlobal əməkdaşlıq və Azərbaycanın mövqeyi də xüsusi diqqət çəkir. Çünki Dördüncü Sənaye İnqilabı təkcə milli inkişaf üçün deyil, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm önəm daşıyır. Azərbaycan bu sahədə bir sıra təşəbbüslərlə çıxış edir, regional əməkdaşlıq layihələrinə töhfə verir. Məsələn, ölkəmizin Dünya İqtisadi Forumu ilə birgə fəaliyyət çərçivəsində Dördüncü Sənaye İnqilabı üzrə Mərkəzlər Şəbəkəsinin fəal üzvü olması da bunun bariz ifadəsidir. Bu isə Azərbaycanın qlobal texnoloji xəritədə önəmli mövqe tutmasına imkan yaradır.

Rəqəmsal texnologiyaların böyük əhəmiyyət verilməsi isə respublikamızın iqtisadi inkişafına yeni nəfəs gətirir. Ümumiyyətlə, innovativ həllərin tətbiqi istehsalın səmərəliliyini artırır, biznes mühitini yaxşılaşdırır, sahibkarlar üçün yeni əlverişli imkanlar açır. Bundan əlavə, rəqəmsal texnologiyalar sosial sahələrdə də mühüm rol oynayır. Elektron təhsil platformaları, rəqəmsal səhiyyə xidmətləri, elektron hökumət portalları və “ASAN xidmət” kimi təşəbbüslər vətəndaşların gündəlik həyatını asanlaşdırır, dövlət xidmətlərinə çıxış imkanlarını genişləndirir.

Hazırda Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda “Sənaye 4.0 Hazırlıq” Proqramı həyata keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan bu layihənin məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətinin yüksəldilməsidir.

İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, daha sonra müəssisələrin mühüm ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır. Yol xəritələrinin icrası zamanı müəssisələrə maliyyə və peşəkar ekspert dəstəyi göstərilir.

Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması kimi üstünlüklər verir. Bu üstünlüklər müəssisələrin daha çevik, rəqabətqabiliyyətli və davamlı fəaliyyət göstərməsinə imkan yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
50
xalqqazeti.az

10Источники