RU

Şəkidə Bəxtiyar ocağı

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bəxtiyar Vahabzadə – 100

Türk dünyasının dahi şairi Bəxtiyar Vahabzadə Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkinin tarixi mərkəzində - “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində anadan olub. Ömrünün ilk uşaqlıq illərini Şəkidə keçirdikdən sonra 9 yaşında ailəsi ilə birlikdə Bakıya köçən Vahabzadə sonralar yazdığı “Ata yurdu” adlı şeirində həmin evi belə təsvir edib:

Şəkidə məhlə var nə qədər desən,Gəldim bu dünyaya “Yuxarı baş”da.Bir göz evimizdə nə desən vardı,Taxça aşağıda, buxarı başda.

B.Vahabzadənin anadan olduğu ev Şəki şəhəri, 1-ci rayon, Ə.Haqverdiyev küçəsində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci il tarixli, 338 nömrəli qərarı ilə yerli əhəmiyyətli abidə statusu (inv№ 4996-30) almış ev Şəkinin ənənəvi xalq memarlığı üslubunda inşa edilib. Çay daşı və kərpic kombinasiyası ilə tikilmiş evin damı kirəmitlə örtülüb. Dahi şair hələ 1948-ci ildə həmin evi uşaq bağçasına bağışlamışdı. Onun 90 illiyi münasibətilə Azərbaycan Prezidenti “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” 27 oktyabr 2015-ci il tarixində sərəncam imzalayıb. Bu məqsədlə uşaq bağçası üçün evin yaxınlığında yeni bir bina tikilib və şairin ata yurdunda onun xatirə muzeyi yaradılıb.

2018-ci ilin avqustunda fəaliyyətə başlamış muzey 3 ekspozisiya zalından ibarətdir. Bu muzeydə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən 700-dən çox eksponat – şəxsi əşyalar, sənədlər, kitablar, əlyazmaları və fotolar, xatirə hədiyyələri sərgilənir. Eyni zamanda, şairin doğulduğu ev yerli əhəmiyyətli abidə kimi də ziyarətçilərin diqqətini cəlb edir. Çünki bu evdə dahi bir şəxsiyyətin milli kimlik, azadlıq ideallarının ilk rüşeymləri formalaşıb. “Gülüstan” poemasını yazmaq üçün ona ilham verən vətənpərvərlik, mübarizlik ruhu bu evdən pərvazlanıb.

Vətənpərvər şair Bəxtiyar Vahabzadə üçün Vətən məhz “Yuxarı Baş”dakı bu evdən, kiçik bir həyətdən başlayıb. Doğulduğu ev, həyətdəki ağaclar, bu məhəllə, ətraf mənzərə, Şəki şəhəri, onun tarixi və yetirdiyi böyük şəxsiyyətlər poeziyamızın Bəxtiyarına ilham verib, ona dərin düşünməyi, ürəkdən duymağı öyrədib. Nəticədə Şəkidən başlanğıcını götürən Bəxtiyar Vahabzadə yaradıcılığının böyük ideyaları –vətənpərvərlik, insanlıq, milli kimlik, dil, din, fəlsəfə sərhədləri aşaraq, bütöv Azərbaycanın, ümumi Türk dünyasının düşüncəsinə, amalına çevrilib. Türk telekanallarından birinə müsahibəsində böyük şair özü də bunu etiraf edib:

“Şəki deyəndə atamın, babamın siması gəlir gözümün qabağına. Dünyanı birinci dəfə orda anlamağa başlamışam. O qoxular gəlir burnuma, güllərin-çiçəklərin ətrini hiss edirəm...”.

Bu gün muzey Xalq şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. Onu da xatırladaq ki, Şəki şəhərindəki 1 nömrəli tam orta məktəbə və küçələrdən birinə Bəxtiyar Vahabzadənin adı verilib, şəhərin mərkəzində yerləşən parkda onun büstü qoyulub.

Zəminə RƏSULOVA,Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
15
xalqqazeti.az

10Источники