RU

"Neftçi" barədə ikili təəssüratlar - azarkeşlər məyusdur, amma...

Hazırlığı məmləkətdən çox uzaqlarda keçirən "Neftçi" hamı üçün "sirli qutu" idi. Həm rəqiblər üçün, həm də azarkeşlərçün. Dünən publika onları əyani şəkildə gördü. 

Doğma arenada "Şamaxı"yla bərabərlik azarkeşlərdə pərişanlıq yaratdı. Çünki qələbə gözləyirdilər, qələbəyə köklənmişdilər. Sosial şəbəkələrdəki reaksiyalardan belə görünür ki, azarkeşlər heç-heçədən sonra heç nə eşitmək, heç nəyə diqqət yetirmək istəmirlər... 

Amma bizim işimiz öz gördüyümüzü çatdırmaqdır. Bu baxış təbii ki, yalnız qələbə istəyən azarkeş emosionallığından uzaqdır. Birincisi, onu vurğulamaq lazımdır ki, açılış turunda keçirilən oyunlarda keyfiyyət, sürət aşağı olsa da, "Neftçi" - "Şamaxı" matçı bu mənada digərlərindən fərqlənirdi. 

Komandalar ideal formada olmasa da, intensivlik, hərəkətlilik mövcud idi oyunda. Heyəti xeyli dəyişikliklərə məruz qalan "Neftçi"də uyğunlaşmanın bir qədər vaxt alacağı əvvəlcədən də məlum idi. Yeni gələnlər arasında səviyyəli futbolçular var, zamanla heyət oturuşacaq və azarkeşlər fərqli "Neftçi" görəcəklər meydanda. 

Və ən əsas məsələ. Adama elə gəlir ki, "Şamaxı" "Neftçi" azarkeşlərindən layiq olduğu qiyməti almır. Büdcəsi aşağı, heyəti kasad ola bilər, amma "Şamaxı" nə "Karvan-Yevlax"dı, nə də "İmişli"... Ayxan Abbasov həmişə işlədiyi yerlərdə intizamlı komanda yaradıb. Onun kollektivi ötən mövsüm də demək olar bütün iddialıları büdrətməyə nail olub. 

"Şamaxı" dünən də özünəxas üslubda oyun sərgilədi. Standart vəziyyətlərdən bir qol, bir dirəkdən dönən zərbəylə yadda qalan qonaqlar ikinci hissədə tamamilə müdafiədə oturdular. Bu işdə ixtisaslaşmış sayılan komandanın müdafiəsini yarmaq asan məsələ deyil. Belədə artıq fərdi keyfiyyət mühüm rol oynayır. "Neftçi"də bu məsuliyyəti Cordan Rezabala üzərinə götürdü. İki dəfə qol vəziyyətinə girə bilən legionerin ilk zərbəsi dirəkdən qayıtdı, ikinci yandan keçdi. Dünən "Neftçi"yə ustalıqla qapanan müdafiəni yarmaq üçün keyfiyyət çatmadı. Hansı ki, həmin keyfiyyətə malik futbolçular "Neftçi"də çoxdur, sadəcə formaya düşmələri lazımdır. 

"Neftçi"də ən narahat edici məsələ hücumla bağlıdır. Bassalu Sambu pis futbolçu deyil, amma "Neftçi"ni çiyinlərində daşıyacaq forvard kimi gəlmir adama. Yəqin ki, Samir Abasov bununla bağlı dəftərçəsində qeydlər aparıb. 

Xülasə, "Neftçi" ikili təəssüratlar yaratdı. Bir tərəfdən xal itirdi, o biri tərəfdən xüsusən ikinci hissədə rəqibindən xeyli üstün göründü. Samir Abasovun komandası gələn tur "İmişli" ilə səfər matçına yollanır. Oradan 3 xalla qayıtsa, komanda get-gedə yuxarı pillələrdə yerini möhkəmləndirə biləcək. 

Həmid

saytlarin hazirlanmasi

Избранный
7
50
sportal.az

10Источники