RU

Dörd nəfərlik ailəyə bir ayda nə qədər pul lazımdır?

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1097 manat təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

Bu il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər olub, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,8 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 

Göstərilən rəqəmlərə əsasən, Azərbaycanda dörd nəfərlik ailənin normal yaşaması üçün nə qədər vəsaitin lazım olduğu tez-tez müzakirə edilən məsələlərdəndir.

Ərzaq, kommunal xərclər və uşaqların ehtiyacları nəzərə alındıqda, ailədə bir nəfərin çalışması, ailə ehtiyaclarının çox hissəsinin qarşılanmadığını göstərir. 

Azərbaycanda 4 nəfərlik ailənin rahat yaşaması üçün aylıq nə qədər gəlir lazımdır? 

“Cümhuriyət” qəzetinə mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırkı orta meyar ailə ehtiyaclarının ödənməsi üçün yetərli deyil: 

“Ölkəmizdə orta ehtiyac meyarı ortalama 270 manatdır. Uşaqlar, pensiyaçılar burada fərqləndirilirlər. Ümumiyyətlə, 270 manat Azərbaycan vətəndaşının yaşaması üçün bəs etmir.

Ən azı bu, iki dəfə çox olmalıdır. İnsanların normal yaşaması üçün hələ şənlik, toy məclisləri xaric orta aylıq məbləğ 500 manat olmalıdır. Dörd nəfərlik ailədə əgər bir nəfər işləyirsə, 1000-1100 manat maaş alırsa, bu məbləğlə ehtiyacları ödəmək mümkün deyil. Yəni 1100 manatla dörd nəfərlik ailənin normal yaşaması təmin edilmir”. 

Ekspert qeyd etdi ki, ailədə azı iki nəfər çalışırsa, ailənin dolanışığı normaya yaxın olur:

“Bu gün Azərbaycanda orta aylıq əməkhaqqı ən azı 2000 manat olmalıdır ki, ailədə bir nəfər işləyəndə ailə üzvlərinin ehtiyaclarını ödəyə bilsin.

Ailədə ata və ana hər ikisi işləyirsə, bu halda belə ailələrin təminatı normaya təxminən yaxın olur. Əgər ailədə tək ata işləyib 1110 manat alırsa, bu, ailənin dolanışığına çatmır. Ən azından ailənin ehtiyacının yarısı ödənmir. Bu da o deməkdir ki, bizim əhalinin böyük əksəriyyəti çətin yaşayır”. 

Избранный
64
50
cebheinfo.az

10Источники