Amerika kinosunun uğurları barədə indiyədək yüzlərlə yazı yazılıb, sənədli filmlər çəkilib. Texniki nailiyyətlər, aktyor ustalığı, texnologiyanın hələ buralara çatmadığı illərdə belə atılmış böyük addımlar… Bütün bunlarla bağlı ilk ağla gələn anlayış isə Hollivud dünyasıdır. Bu dünyanın içində yaddaşımıza həkk olunmuş yüzlərlə uğurlu aktyor və aktrisa var. Onlardan biri də özünəməxsus səsi ilə tanınan, yaddaşlara həkk olunmuş aktyor Morqan Frimandır.
Ölkə.az bu dəfə Morqan Frimanın həyatı haqqında maraqlı faktları təqdim edir.
O, 1 iyun 1937-ci ildə ABŞ-nin Tennessi ştatının Memfis şəhərində anadan olub. Atası Morqan Porterfild Friman bərbər, anası Meym Edna isə müəllim idi. Aktyorun DNT analizinə görə, onun əcdadlarının bir hissəsi Niger xalqına mənsub olub. Uşaq ikən o, Missisipidə, Çarlstonda yaşayan nənəsinin yanına göndərilib. İlk aktyorluq təcrübəsini 9 yaşında məktəbdə bir tamaşada səhnəyə çıxaraq yaşayıb. 12 yaşında isə ştat üzrə keçirilən dram yarışmasında qalib gəlib.
Onun arzusu pilot olmaq olur. Buna görə teatr təhsili üçün verilən təqaüddən imtina edərək ABŞ Hava Qüvvələrinə qatılır. Ancaq bu sənətin xəyalındakı kimi olmadığını görəndən sonra ordudan ayrılır. Sonra aktyor olmaq üçün Hollivuda köçən Morqan Friman maddi çətinliklər səbəbindən buranı tərk edib Nyu-Yorka gedir və burada “The Pawnbroker” filmində oynayaraq kino karyerasına başlayır.
Məşhur aktyor “The Human Factor” filmində Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanı canlandırır və bununla fəxr etdiyini bildirir. Film qaradərililər və ağdərililər arasındakı münaqişədən bəhs edir. Eyni zamanda, onun “Bruce Almighty” filmində Tanrı rolunda çıxış etməsi mübahisələrə səbəb olub və film bəzi ölkələrdə qadağan edilib.
İndiyə kimi bir çox filmdə rol alan aktyor 4 dəfə “Oskar” mükafatına namizəd göstərilib. Lakin yalnız bir dəfə, 2005-ci ildə Klint İstvudun "Million Dollar Baby" filmindəki roluna görə “Ən Yaxşı Köməkçi Aktyor” kateqoriyasında Oskar mükafatı qazanıb.
Müsahibələrindən birində heç vaxt qulağından çıxarmadığı sırğalarından danışarkən bildirib ki, tanımadığı yerdə ölsə, bu sırğalar ona tabut alacaq qədər qiymətlidir. Ona görə də dənizçilər sırğa taxırdılar və o, bu ənənəni davam etdirir.
Morqan Friman 12 il Cənet Edair Bradşou ilə evli olub. Bu boşanmadan beş il sonra Mirna Kolli-Li ilə evlənib. Cütlük Frimanın ilk həyat yoldaşından olan qızı Haynsı övladlığa götürüb. Təəssüf ki, 16 avqust 2015-ci ildə 33 yaşlı Hayns Nyu Yorkda öldürülür. Onların həmçinin Alfonso, Dina, Morgana və Sayfulaye adlı dörd uşaqları olub. Bu evlilik də 2007-ci ildə boşanma ilə başa çatıb.
Aktyor 3 avqust 2008-ci ildə böyük bir avtomobil qəzası keçirir. Qəza Missisipi ştatının Ruleville yaxınlığında baş verir və avtomobil bir neçə dəfə aşır. Qəza zamanı yanında onun dostu Demaris Meyer olur. Aktyorun çiyni, qolu və dirsəyi sınır. Dörd saatlıq əməliyyatdan sonra sinir hüceyrələrinə dəymiş zərər aradan qaldırılır və uzun bir müddət müalicə alır. Qəza zamanı yanında olan dostu Meyer isə aktyorun qəza anında spirtli içki qəbul etdiyini bildirərək onu məhkəməyə verir.
Morqan Friman 2016-cı ilin oktyabr ayında Londonda keçirilən İmam Hüseyn (ə) əza mərasimində iştirak edib. O, Əl-Xoeyi Fondu məscidində keçirilən bu mərasimdə iştirak edərək, orada oturub, iştirakçılarla birlikdə dua edib. Bu, onun "National Geographic" kanalında yayımlanan “Morqan Friman ilə Allahın dastanı” adlı sənədli serialının bir hissəsi idi. Serialda o, müxtəlif dinlər və inanclar haqqında məlumat toplamaq məqsədilə dünyanın müxtəlif yerlərinə səyahət edib.
Friman hazırda həyatını Mississippi və Nyu Yorkda davam etdirir. O, həmçinin rəhbərlik etdiyi və ortağı olduğu "Madidi" adlı bir restorana sahibdir.
Həmidə İbrahimova