Bakı. TurkicWorld
Ötən ilin dövlət büdcəsində "Ətraf mühitin mühafizəsi" sektoru üzrə 10 icraçı təşkilat tərəfindən 5 proqram üzrə 26 tədbirin həyata keçirilməsi üçün 376,9 milyon məbləğində vəsait (ötən illə müqayisədə 13,3 milyon manat və ya 3,7 faiz çox) proqnozlaşdırılıb, icraçı təşkilatların sifarişləri əsasında 361,9 milyon manat (96,0 faiz) və ya proqnozda nəzərdə tutulduğundan 15 milyon manat məbləğində az vəsait ayrılıb.
Bu barədə TurkicWorld Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, icraçı təşkilatlar tərəfindən təqdim edilən məlumatlara əsasən, ayrılan vəsaitdən tam həcmdə istifadə olunub.
Sektor üzrə vəsaitin 10,5 faizi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və strukturuna daxil olan qurumlar (Meşələrin İnkişafı Xidməti, Milli Hidrometeorologiya Xidməti və Bioloji Müxtəlifliyin Qorunması Xidməti), 69,1 faizi isə Yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunan tədbirlərin payına düşüb.
2024-cü ilin dövlət büdcəsinin "Ətraf mühitin mühafizəsi" üzrə ayrılan vəsaitlərə nəzər salsaq, iqlim dəyişikliyi ilə əlaqəli xərclər 339,7 milyon manata bərabər olub. Həmin vəsaitin 87,4 %-i, yəni 297 milyon manatı qarışıq yəni neytral xərclərə aid olub ki, bu xərclər müxtəlif ekoloji meyarlar üzrə həm müsbət, həm də mənfi təsirə malik xərclərdir. Eyni zamanda həmin xərclərin 12.6 %-i, yəni 42,7 milyon manatı isə yaşıl xərclər olub.
"Kənd təsərrüfatı" sektoru üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclərin məbləği 1075,2 milyon manat bərabər olub. Həmin xərclərin 100%-i qarışıq xərclərə aiddir. 2024-cü ildə "Ətraf mühitin mühafizəsi" və "Kənd təsərrüfatı" sektorları üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclər ümumilikdə 1414,9 milyon manata bərabər olub ki, həmin xərclərin 1395,2 milyon manatı adaptasiya, 19 milyon manatı isə mitiqasiya tədbirlərinə aid olub. 2024-cü ildə "Təhsil", "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" sektorları üzrə DİM ilə əlaqəli xərcləri 5773,4 milyon manata bərabər olub.