RU

“Carbon Monitor”: Karbon emissiyası Çində azalıb, ABŞ-da isə artıb  

ABŞ ilə Çin arasında enerji sektorunda iqlimin çirklənməsi göstəriciləri baxımından yerdəyişmə olub. AZƏRTAC “E&E News”a istinadla xəbər verir ki, “Carbon Monitor”un məlumatına görə, 2025-ci ilin birinci yarısında Çində karbon qazı emissiyaları 2,7 % azalıb, ABŞ-da isə bu rəqəm eyni dövrdə 4,2 % artıb.

Analitiklər hava və ticarət müharibələri kimi qısamüddətli amillərin builki rəqəmlərə təsir etdiyini qeyd edərək bildiriblər ki, davamlı tendensiya haqqında danışmaq üçün hələ tezdir. Buna baxmayaraq, dərc edilmiş məlumatlar planetdəki iqlim dəyişikliyinə təsir edən dünyanın ən böyük karbon emissiyasına malik iki ölkəsinin trayektoriyasını vurğulayır.

Aydındır ki, Çində günəş elektrik stansiyaları və elektrikli nəqliyyat vasitələrinin satışı artıb. Bu amil ölkə iqtisadiyyatını daha yaşıllaşdırmaq səylərini sürətləndirir. Həmin fonda artan elektrik tələbi və yüksək təbii qaz qiymətləri ABŞ-ın zəifləyən kömür sektorunun canlanmasına kömək edib, üstəlik, ABŞ Prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə bağlı genişmiqyaslı qaydaları və təmiz enerji subsidiyaları sistemini kəskin şəkildə dəyişdirib.

Qlobal emissiyalar son on il ərzində durmadan artır, çünki ABŞ və Avropadakı azalmalar Çin və Hindistandakı artımlarla kompensasiya edilir. 2025-ci ilin birinci yarısında ümumi qlobal emissiyalar 0,7% artıb. Avropa və Hindistan da bu məsələdə rollarını dəyişib. Hindistanın emissiyaları ilk altı ayda 2,2% azalıb, buna günəş enerjisinin artımı da kömək edir. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, 2025-ci ilin birinci yarısında bu ölkənin ümumi enerjisinin 14%-i külək və günəş enerjisi mənbələrindən əldə olunur.

Hindistanda Çinlə müqayisədə emissiyanın azalmasında hava şəraiti daha böyük amil olub. May və iyun aylarında baş verən erkən musson bölgədə soyuq hava temperaturu ilə nəticələnib və bu, kömürdən istifadəni azaldıb. Analitiklər Hindistanda kömür istehlakının bu ilin ikinci yarısında artacağını gözləyirlər.

Eyni zamanda, Avropada emissiyalar 4,6% artıb. Ancaq ən böyük dəyişiklik Çində baş verir. Son on ildə ölkə özünün yaxşı inkişaf etmiş kömür enerjisi sənayesi sayəsində qlobal emissiyaların artımının ən böyük sürücüsünə çevrilir. Mənbənin məlumatına görə, dünya kömür istehlakının yarıdan çoxu Çinin payına düşür. Bununla belə, BEA təxmin edir ki, elektrik enerjisinə tələbatın 5% artmasına baxmayaraq, ilin birinci yarısında Çində kömür istehlakı illik müqayisədə 2,6% azalıb.

Çinin kömür payının azalması xüsusilə nəzərə çarpır, çünki bu, ölkənin hidroelektrik potensialının çox hissəsini təşkil edən iki əyalətdəki quraqlıqla üst-üstə düşür. Günəş enerjisi istehsalı 2024-cü ilin birinci yarısı ilə müqayisədə 45% artıb. Kəskin sıçrayış Çinin may ayında 92 giqavatlıq günəş enerjisini istifadəyə verməsindən sonra baş verib və hazırda ölkənin ümumi analoji enerji tutumu 1 teravatdan çoxdur. Müqayisə üçün qeyd edək ki, həmin vaxt ABŞ-da ümumi günəş enerjisinin gücü təxminən 134 giqavat idi. Bu fonda bəzi analitiklər Çinin öz karbon emissiyalarını pik həddinə çatdıra biləcəyini bildirirlər.

Избранный
40
50
azerbaijan-news.az

10Источники