Müharibədən qaçan ukraynalılar ABŞ-da qalmaq üçün qanuni hüquqlarını itirirlər.
Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, Tramp administrasiyası hərəkətə keçməsə, ukraynalı mühacirlərə verilən humanitar müdafiə statusu sona çatacaq.
2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan sonra ümumilikdə 250 minə yaxın ukraynalı ABŞ-a qaçıb.
ABŞ-ın keçmiş prezidenti Co Bayden miqrantların ölkədə qalmasını təmin etmək üçün “Ukrayna naminə birləşmə” proqramını işə salıb. Bu proqrama əsasən, ABŞ-da sponsor tapan ukraynalılara iki illik qalmaq hüququ verilirdi. Lakin Tramp vəzifəyə gəldikdən sonra proqramı dondurub və iş icazələrini yeniləmək istəyən ukraynalıların müraciətlərini dayandırıb.
2023-cü il avqustun 16-dan əvvəl ABŞ-a gələn ukraynalılar hələ də müvəqqəti qorunan statusa malikdirlər. Bununla belə, həmin tarixdə və ya ondan sonra ABŞ-a daxil olan təxminən 120 min ukraynalı bu gündən etibarən ölkədə qeyri-qanuni olacaq.
Ukraynalılara yardım edən qeyri-kommersiya təşkilatı olan “Nova Ukraine”nin könüllü hüquqşünası Vera Serova statusunu itirmiş mühacirlərin vəziyyətini belə təsvir edir: “Onların gedəcək yerləri qalmayıb, yeni ölkədə gedib yeni həyata başlamaq üçün kifayət qədər pulları yoxdur”.
Ukraynalı mühacir Miroslava Voitsex deyir ki, o, oğlu Oleksandrla 2023-cü ilin sentyabrında ABŞ-a gəlib. Onun indi 4 yaşı var və onların hüquqları sentyabrın 2-də başa çatır. “Hara gediriksə, qorxu içində yaşayırıq, gələcəyimizdə ancaq qorxu var” 44 yaşlı ana deyir.
Tramp Bayden dövründən qalma Ukrayna proqramını dayandırdıqdan və yeni müraciətləri dayandırdıqdan sonra immiqrantların deportasiya ediləcəyi ilə bağlı narahatlıqlar ortaya çıxdı. Lakin Ağ Ev hələlik bu məsələ ilə bağlı siyasətini aydınlaşdırmayıb.