RU

“Məktəblər hazırdır, kadr və infrastruktur problemləri isə qalır” EKSPERT AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“15 sentyabrda məktəblərin açılması məsələsi gündəmin əsas mövzularından biridir və bu prosesə hazır olub-olmamağımız bir neçə amildən asılıdır. İlk növbədə, ölkədə yeni tədris ili üçün təhsil müəssisələrinin maddi-texniki bazasının vəziyyəti nəzərdən keçirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, son illərdə məktəblərdə müəyyən yeniliklər və təmir işləri aparılsa da, hələ də bəzi bölgələrdə sinif otaqlarının sayının kifayət qədər olmaması, laboratoriyaların azlığı və avadanlıqların köhnəlməsi kimi problemlər qalmaqdadır: "Digər tərəfdən, müəllim kadr çatışmazlığı mövcud reallıqlardan biridir. Xüsusən də bölgələrdə bəzi fənlər üzrə ixtisaslı müəllimlərin azlığı tədrisin keyfiyyətinə təsir göstərir. Müəllimlərin peşəkar inkişafı üçün keçirilən təlimlər və yeni metodikaların tətbiqi müsbət haldır, amma bununla yanaşı, praktiki bacarıqların artırılması üçün daha genişmiqyaslı proqramlara ehtiyac var. Məsələnin digər tərəfi isə şagirdlərin dərsə davamiyyətidir. Pandemiyadan sonrakı dövrdə şagirdlərin məktəbə adaptasiyası müəyyən çətinliklərlə müşahidə olundu. İndi əsas vəzifə onların motivasiyasını yüksəltmək və təhsilə maraqlarını artırmaqdır. Bunun üçün dərslərin interaktiv üsullarla keçirilməsi, yeni tədris resurslarından istifadənin genişləndirilməsi mühüm rol oynayır.

Valideyn amilini də unutmaq olmaz. Təhsil yalnız məktəbin deyil, ailənin də üzərinə düşən bir məsuliyyətdir. Valideynlərin məktəb həyatında daha aktiv iştirakı, şagirdlərin inkişafına dəstək verməsi təhsilin ümumi keyfiyyətinə müsbət təsir göstərəcək. Ümumilikdə, 15 sentyabr üçün təhsil müəssisələrinin açılışına hazırlıq prosesi müsbət qiymətləndirilə bilər. Amma qeyd etdiyim kimi, kadr çatışmazlığı, infrastruktur problemləri və tədris keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər hələ də qalmaqdadır. Bu məsələlər mərhələli şəkildə həll olunarsa, tədris ilinin daha səmərəli və uğurlu keçməsi mümkün olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
41
sia.az

10Источники