RU

Vaşinqton görüşü həm fürsət, həm də risk mənbəyidir- ŞƏRH

Bu gün Vaşinqtonda keçirilən Tramp–Zelenski–Avropa liderləri görüşü Ukrayna müharibəsinin gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ekspertlər toplantını müharibənin diplomatik həllinə yönəlmiş ən genişmiqyaslı təşəbbüs kimi qiymətləndirirlər. Politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, görüşün nəticələri təkcə Ukrayna üçün deyil, həm də regional təhlükəsizlik, o cümlədən Azərbaycanın geosiyasi mövqeyi baxımından strateji siqnallar daşıyır:

“Vaşinqton görüşünün əsas məqsədi Ukrayna müharibəsinin tezliklə sona çatdırılmasıdır. Lakin tərəflərin mövqeləri arasındakı fundamental ziddiyyətlər prosesin mürəkkəbliyini artırır. ABŞ və Avropa liderləri Ukraynanın ərazi bütövlüyünü dəstəkləsələr də, Rusiyanın təzyiqləri fonunda müəyyən kompromislərə meyilli ola bilərlər.

Zelenski üçün sülh müqaviləsi həm qələbə, həm də siyasi risk deməkdir. Trampın iştirakı isə ABŞ-ın vasitəçilik rolu və regiondakı nüfuzunun göstəricisidir”.

T. İsmayılov onu da qeyd edib ki, bu görüşün nəticələri yalnız Ukrayna ilə məhdudlaşmır:

“Cənubi Qafqaz üçün də mühüm təhlükəsizlik siqnalları mövcuddur. Azərbaycan xüsusilə enerji infrastrukturu baxımından diqqət mərkəzindədir. Rusiya, Ukrayna istiqamətində təzyiqlərini davam etdirdikcə, bu, Bakıya da dolayı hədələr yarada bilər.

Vaşinqton görüşü Azərbaycanın strateji planlarına, həm diplomatik, həm də hərbi aspektdə təsir göstərə bilər. Bir tərəfdən Qərb və ABŞ dəstəyi Azərbaycanın mövqeyini gücləndirə bilər, digər tərəfdən isə Rusiyanın reaksiyası regionda yeni gərginliklər doğura bilər.

Azərbaycanın cavab tədbirləri, hərbi hazırlığı və diplomatik çevikliyi bu balansı qorumaqda həlledici olacaq. Bu səbəbdən Vaşinqton görüşü yalnız sülh perspektivi yaratmır, həm də geosiyasi mesajlar verir. Nəticə etibarilə, görüş həm fürsət, həm də risk mənbəyi kimi qiymətləndirilməlidir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
64
50
editor.az

10Источники