RU

Pezeşkianın Ermənistana səfəri: siyasət və ikili standartların təzahürü

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri Vaşinqton görüşündən sonra yaranan yeni regional şərtlərin fonunda baş tutur.

ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan prinsipial razılıqlar, xüsusilə də “Zəngəzur dəhlizi” mövzusunun gündəmə gəlməsi və onun “Tramp yolu” adlandırılması ehtimalı Tehranda kəskin reaksiya doğurdu. SEPAH nümayəndələrinin sərt bəyanatları və “qəbiristanlıq” ritorikası əslində emosional addım idi və Pezeşkianın mötədil xətti bu gərginliyi müəyyən qədər yumşaltmağa xidmət etdi.

Səfərin əsas məqsədləri iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət və sənaye sahələrində razılaşmaların imzalanması, eləcə də biznes forumunda iştirakla bağlıdır. İran tərəfi bunu “regional maraqların yaxınlaşması” ilə əsaslandırır. Bu anlayış əslində iki ölkənin Azərbaycan məsələsində uzun illərdir ortaq mövqedən çıxış etməsinin davamıdır. Ermənistan isə İranı özünün blokadadan çıxış qapısı, Tehran isə Ermənistanı Qərb sanksiyalarına qarşı alternativ tərəfdaş kimi görür.

“Zəngəzur dəhlizi” məsələsində Tehranın mövqeyi ikili yanaşmanın bariz nümunəsidir. Əgər təşəbbüs Ermənistan tərəfindən irəli sürülsəydi, İran bunu dəstəkləyəcəkdi. Lakin layihə Azərbaycan və Türkiyənin maraqları ilə uzlaşdığı üçün sərt bəyanatlar səsləndirildi. Nəticədə radikal ritorikanın sürətlə yumşaldılması göstərdi ki, Tehran Ermənistanın maraqlarına uyğun mövqedə kompromisə getməyə meyllidir.

Ermənistanın Qərblə, xüsusilə də ABŞ ilə yaxınlaşması isə münasibətlərdə başqa gərginlik mənbəyi kimi qalır. İrəvan həm İranı strateji tərəfdaş kimi təqdim edir, həm də ABŞ-dən təhlükəsizlik təminatı və sərmayələr gözləyir. Bu isə Tehranın narahatlığını artırır, çünki “Tramp yolu” Ermənistanı Qərbin Cənubi Qafqazdakı dayaq nöqtəsinə çevirə bilər. Buna baxmayaraq, İran İrəvanı açıq seçim qarşısında qoymaq istəmir.

Məsud Pezeşkianın Ermənistana səfəri İran siyasətindəki iki paralel xəttin - dini liderlər və SEPAH-ın radikal mövqeyi ilə prezidentin mötədil xəttinin - müvəqqəti uzlaşmasını nümayiş etdirir. Ermənistan istiqamətində bu balans saxlanılır, lakin Azərbaycana münasibətdə eyni yumşaqlıqdan söhbət getmir. Bu da regiondakı gələcək dinamikanın hələ tam formalaşmadığını göstərir.

Ruslan Zəngəzur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
50
bakivaxti.az

10Источники