RU

Qurban Qurbanov: "Ferensvaroş" bizə uyğun olmayan bir rəqibdir

"Ferensvaroş bizə bir qədər uyğun olmayan bir rəqibdir".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstan səfəri öncəsi Heydər Əliyev adına hava limanında "CBC Sport"un suallarını cavablandırarkən deyib.

O, Macarıstan təmsilçisinə qarşı keçirəcəkləri oyunun hazırlığından danışıb:

“Hazırlığımız ümumən pis deyil. Demək olar ki, bir neçə gün ərzində yaxşı məşqlər keçdik. Sadəcə olaraq rəqibi tam yaxından tanımırıq. Amma özümüz demək olar ki, istədiyimiz qaydada hazırlaşa bildik. Ümumi hazırlıq yaxşı səviyyədədir”.

Təcrübəli mütəxəssis rəqibin "Qarabağ"ın oyun stilinə uyğun olmadığı qənaətindədir:

“Ferensvaroş" tamamilə fərqli bir komandadır. Onlar fərqli sistemdə oynayırlar. Oyunda çox fiziki güc sərf etməli olacağıq. Çünki həddindən artıq tez hücuma keçir və demək olar ki, uzun toplardan çox istifadə edirlər. Standart vəziyyətlərdən ciddi yararlanırlar. Hətta bir qədər sərt futbol oynayırlar. Çox güclü komandadırlar. Ola bilsin ki, bizə bir qədər uyğun olmayan rəqibdir. Hər top itkisi sonrası öz oyunumuzu meydanda tətbiq edə bilmək üçün xeyli vaxt və güc sərf etməli olacağıq. Hər bir halda buna da hazır olmalıyıq. Dediyim kimi, fərqli heyətə və sistemə malikdirlər. Futbolçularının təcrübəsi var. Bu üslubda oynayan rəqiblərə qarşı az oyun keçirməyiblər. Məncə, oyunun başlanğıcında müəyyən çətinliklər ola bilər, amma ümid edirəm ki, oyunu ələ almaq üçün düzgün qərarlar verəcəyik”.

Qurban Qurbanov komandasının şanslarını da dəyərləndirib:

“Şansımız var və biz hər bir fürsətdən maksimum yararlanmaq istəyirik. Rəqib də eyni düşüncədədir. Ümumiyyətlə, belə oyunlar bəzən baxımsız alınır. Əksinə, rəqiblər nəticəyə oynamağa üstünlük verirlər. Hər halda şansımız varsa, bundan istifadə etməyə çalışacağıq. Belə oyunlarda şansları 50/50 qiymətləndirirəm. Amma istəyimiz çox böyükdür”.

Qeyd edək ki, “Ferensvaroş” ilə “Qarabağ” arasında ilk oyun avqustun 19-da saat 23:00-da start götürəcək.

Избранный
23
9
operativmedia.az

10Источники