Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bolqarıstan və Xorvatiyanın bəzi vilayətlərindən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyub. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki,Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Qırcaəli vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqrad vilayətlərində və Mərakeş Krallığının Fes-Meknes regionunda, Xorvatiyanın Primorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorska bölgələrində isə blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərindən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.