RU

Kremldən İrəvana yeni təhdid (ŞƏRH)

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Moskva İrəvanı xəbərdar edir ki, prosesin gedişində Kremlin də iqtisadi, siyasi maraqları nəzərə alınmalı, Rusiya prosesdən kənarda qalmamalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Rusiya baş nazirinin müavini Aleksey Overçukun ölkəsinin Ermənistanın Azərbaycanla "Tramp yolu" adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəklədiyini barədə bəyanatını şərh edərkən deyib. 

Həmsöhbətimiz qeyd edir ki, Şərqdən Qərbə doğru uzanacaq bu kommunikasiya qovşağının açılmasında region ölkələrilə yanaşı, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və Çin də maraqlıdır:

"Bu fonda Rusiya da əslində dəhlizə qarşı ola bilməz. Kreml ona əngəl olacaq imkanlara da malik deyil. Çünki bölgəyə təsir imkanlarını itirib. Rusiya özünün iştirakı olmadan da dəhlizin reallaşmasının qarşısını almağın mümkünsüzlüyü fikrini artıq qəbul edib. Rusiya əvvəldən Zəngəzur dəhlizinin açılmasına qarşı olmayıb. 2020-ci il 10 noyabr bəyannaməsinin 9-cu bəndində Zəngəzur dəhlizi üzrə kommunikasiya qovşağının açılması məsələsinə münasibət bildirilib. Burada həmin dəhlizin təhlükəsizliyinə Rusiya Federal Xidmət orqanlarının təminat verəcəyi qeyd olunub. Amma sonradan Ermənistan Qərbin təsirilə məsələ ilə bağlı mövqeyini dəyişərək, dəhlizə nəzarətin Rusiyanın əlində olmasına qarşı çıxdı. Dəhlizin təhlükəsizliyinə nəzarət ABŞ şirkətinə verildi".

Deputatın fikrincə, indiki mərhələdə Rusiyanın məqsədi sadəcə olaraq, hansısa bir formada prosesdə özünün də iştirakını təmin etməkdən ibarətdir:

"Bir neçə gün əvvəl Rusiya XİN-in nümayəndəsi Fadeyev İrəvanın bu prosesdə Rusiya ilə strateji müttəfiq və Avrasiya İttifaqının üzvü olmasını və bölgədə rus hərbçilərinin mövcudluğunu nəzərə almalı olduğunu söyləyib. Rusiya baş nazirinin müavini Overçuk da Amerikanın nəzarəti altında dəhlizə qarşı olmadığını bildirir. Amma eyni zamanda vurğulayır ki, Ermənistan Moskva ilə strateji müttəfiqdir. Yəni sətiraltı olaraq təlqin edilir ki, Ermənistan prosesdə Rusiyanın mövcudluğunu da nəzərə almalıdır".

Arzuxan Əlizadə deyir ki, Rusiya bu kommunikasiya qovşağının açılmasından onsuz da kənarda qalmır:

"Onun özü də prosesdən divident əldə edəcək. Çünki bu həm də sovetlər dönəmində mövcud olan dəmir yolunun bərpasıdır ki, bundan Rusiya da faydalanacaq. Rusiya Azərbaycandan keçməklə Ermənistana dəmiryolu nəqliyyat qovşağı da əldə edir. Bunun üçün də Moskva Azərbaycanla münasibətləri normallaşdırmalıdır"ş.

Deputat düşünür ki, hansısa məqamda dəhlizlə bağlı Rusiyanın maraqlarına zidd proses gedəcəksə, Moskvanın fərqli və sərt mövqeyinə də şahidlik edəcəyik:

"İstisna etmirəm ki, sözügedən məsələ Alyaskada Trampla Putin arasındakı görüşdə də müzakirə olunub”. 

Qeyd edək ki, mətbuata açıqlamasında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk ölkəsinin Ermənistanın Azərbaycanla "Tramp yolu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəklədiyini bəyan edib.  Onun sözlərinə görə, Ermənistan Rusiyanın strateji müttəfiqidir və əgər İrəvan belə bir layihəni özləri üçün faydalı hesab edirsə, Moskva bu təşəbbüsü dəstəkləyəcək. 

Xatırladaq ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra birgə Bəyannamə imzalanıb. Tərəflər sülh sazişinin preampulasını imzalamaqla yanaşı, Amerika şirkətinin nəzarəti altında Zəngəzur dəhlizinin açılması məsələsində də razılığa gəliblər. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
50
qaynarinfo.az

10Источники