Gərgin iş rejimində çalışan qadınlar şəxsi baxımına vaxt ayırmaqda çətinlik çəkə bilər. Uzun iş saatları və digər məsuliyyətlər səbəbilə gözaltı torbaları, yorğun görünüş və baxımsız saçlar gündəlik probleminə çevrilə bilər. Lakin sadə və təsirli gündəlik vərdişlərlə həm özünüzə zaman ayıra, həm də təravətli və baxımlı qala bilərsiniz.
Pravda.az bildirir ki, gözaltı qaralmalara qarşı gecə yatmazdan əvvəl soyuq kompres və qidalandırıcı göz kremindən istifadə tövsiyə olunur. Saçları axşam yumaq, serum çəkmək və səliqəli formada bağlayaraq yatmaq, səhərlər daha canlı və səliqəli görünüş təmin edir. Çox yorğun olduğunuz günlərdə isə quru şampun praktik alternativ ola bilər.
İşdən evə gəldikdən sonra üzün təmizlənməsi də vacib addımdır. Dəriyə uyğun təmizləyici gel və toniklə gün ərzində yığılan kir və bakteriyaların təmizlənməsi dəri problemlərinin qarşısını alır. Gecə isə tonik, serum və nəmləndirici ilə sadə bir baxım rutini yaratmaq, səhərlər vaxt azlığını kompensasiya etmək üçün ideal üsuldur.
Əminə Bayramova