RU

"İran Ermənistanla əlaqələri dərinləşdirərək Bakı–Ankara tandeminə öz aləmində balans yaratmaq istəyir" - ŞƏRH

"İran Ermənistanla əlaqələri dərinləşdirərək Bakı–Ankara tandeminə öz aləmində balans yaratmaq istəyir" - ŞƏRHİran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfərə gəlib.

Sonxeber.az xəbər verir ki, onun səfəri iki gün davam edəcək.

Bu, onun İran Prezidenti kimi Ermənistana ilk səfəridir.

Pezeşkianı paytaxtın "Zvartnots" hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb.

Əvvəllər məlumat verilmişdi ki, 19 avqustda onun İştirakı ilə Ermənistan-İran biznes forumu keçiriləcək.

O, Ermənistandan Belarusa gedəcək.

"İran Prezidenti Məsud Pezeşkianın Ermənistana ilk rəsmi səfəri təsadüfi deyil, həm də regional proseslərin gedişatında Tehranın öz mövqeyini nümayiş etdirmək cəhdidir"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Ermənistan üçün bu, iki mühüm aspekt daşıyır: birincisi, İranın regionda ənənəvi balanslaşdırıcı rolunu gücləndirmək, ikincisi isə iqtisadi əlaqələrin – xüsusən enerji, logistika və ticarət sahələrinin – genişləndirilməsi. Ermənistan-İran biznes forumu məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir, çünki Ermənistan həm Rusiyanın təzyiqlərindən, həm də Qərb istiqamətində dalana dirənən proseslərdən dolayı alternativ tərəfdaş axtarışındadır.

Tehranın maraqları daha "stratejidir". İran Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə "yolun açılması, amma İranın maraqlarının qorunması" prinsipindən çıxış edir. Bu baxımdan, Paşinyan hökuməti ilə yaxın təmaslarda olmaq Tehran üçün həm geosiyasi nəzarəti qorumaq, həm də gələcəkdə Azərbaycan–Ermənistan münasibətlərində iştirak yaratmaq imkanı deməkdir.

Səfərin Belarusa davam etməsi isə mesaj xarakteri daşıyır: Pezeşkian göstərir ki, İran postsovet məkanında həm Şimal–Cənub, həm də Şərq–Qərb xəttində diplomatik aktivliyini artırır. Yəni bu, sırf ikitərəfli səfərdən daha çox Tehranın regional təsirini yenidən bərpa etmək və Qərb–Rusiya qarşıdurmasında özünə "manevr zonası" açmaq cəhdidir.

Əsas gözləntilərdən biri odur ki, Ermənistan iqtisadi baxımdan İrana daha çox bağlansın. Bu, həm də Paşinyanın Qərbə tam inteqrasiyasına müəyyən qədər əngəl ola bilər. Azərbaycan üçünsə bu səfərin mesajı aydındır: İran Ermənistanla əlaqələri dərinləşdirərək Bakı–Ankara tandeminə öz aləmində balans yaratmaq istəyir.

Yekun olaraq, Pezeşkianın İrəvan səfəri simvolik deyil, praktiki nəticələrə hesablanıb – biznes forumu, tranzit müzakirələri və regional oyunçulara ünvanlanan "İran buradadır" mesajı bu səfərin əsas mahiyyətini təşkil edir".

Избранный
34
50
sonxeber.az

10Источники