RU

Mağazaların Qara Cümə fırıldaqları

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Qara Cümə (Black Friday) dünyanın bir çox ölkəsində böyük maraqla qarşılanır və ən böyük alış-veriş günləri kimi tanınır. ABŞ-da Şükranlıq günündən sonra ilk cümə günündə qeyd olunan bu gün, artıq bir çox ölkədə, o cümlədən Azərbaycanda da müxtəlif kampaniyalarla müşahidə olunur.

"Black Friday" ifadəsi ilk dəfə 1960-cı illərdə Filadelfiyada istifadə olunub. O dövrdə Şükranlıq günündən sonrakı gün şəhərdə tıxaclar və izdiham səbəbindən polislər bu termini işlədirmişdilər. Lakin zamanla bu termin marketinq məqsədilə dəyişdirilərək müsbət mənada - yəni mağazaların satışdan "qara rənglə", yəni gəlirlə çıxması mənasında istifadə olunmağa başlandı. Qara Cümə günündə bəzi mağazalar və onlayn platformalar məhsullara 20 faizdən 80 faizə qədər endirim təklif edir. Lakin müştərilər bu kampaniyalara aldanmadan öncə məhsulun əvvəlki qiymətini, real bazar dəyərini və endirimdən əvvəlki tarixdə olan qiymətləri müqayisə etməlidirlər. Bəzən "endirim" sadəcə qiymətin süni şəkildə qaldırılıb sonra azaldılması ilə yaradılan bir illüziya ola bilər.

Qara Cümə endirimləri düzgün planlaşdırıldıqda müştərilərə həm büdcəyə qənaət etmək, həm də keyfiyyətli məhsulları daha sərfəli qiymətə almaq üçün gözəl fürsət yaradır.

Qara Cümə bütün dünyada milyonlarla insanın səbirsizliklə gözlədiyi və illik alış-veriş planlarını buna uyğun qurduğu günlərdəndir. Ancaq Azərbaycanda bu günün tətbiqi və təqdimatı bir çox hallarda beynəlxalq standartlardan uzaq olur və bir sıra haqlı tənqidlərə yol açır. Bəs buna səbəb nədir? Niyə ölkəmizdə Qara Cümə endirimləri əsl fürsət yox, çox zaman aldatma effekti yaradır?

Ən böyük problem "endirimdən əvvəl qiymət artırılıb, sonra guya endirim edilməsi"dir. Bu taktika ilə müştəriyə məhsul guya endirimlə təklif olunur, amma əslində endirim reallığı əks etdirmir. Məsələn, 100 manat olan bir məhsul əvvəlcə 130 manata qaldırılır, sonra isə 99 manata endirilir - bu, real endirim deyil, manipulyasiyadır.

Bir çox mağaza Qara Cümə kampaniyasını böyük vədi ilə elan edir, amma endirim yalnız bir neçə məhsula və ya stokda az miqdarda olan mallara tətbiq olunur. Bu isə müştərilərdə narazılıq və aldanmışlıq hissi yaradır. Reklamlar çox iddialı olur: "70 faizə qədər endirim!", "Şok qiymətlər!" - amma real alış-veriş zamanı müştərilər ya bu qiymətləri görmür, ya da çox məhdud məhsullar üçün keçərli olduğunu öyrənirlər. Belə olduqda, Qara Cümə kampaniyası inamsızlıq və güvənsizliklə nəticələnir.

Bir çox ölkədə dövlət qurumları və ya müstəqil təşkilatlar Qara Cümə endirimlərini monitorinq edir, süni qiymət artımı və aldatıcı reklamlarla bağlı ciddi cərimələr tətbiq olunur. Azərbaycanda isə belə bir nəzarət çox zəif və ya qeyri-kafi səviyyədədir. Bu isə bəzi sahibkarların sui-istifadə etməsinə şərait yaradır.

İstehlakçılar bəzən öz hüquqlarını bilmir, qiymət dəyişikliklərini izləmədən alış edir və ya şikayət prosedurlarından xəbərsiz olurlar. Bu isə müəssisələrin məsuliyyətsiz davranışlarını daha da artırır. Halbuki inkişaf etmiş ölkələrdə alıcılar aktiv şəkildə hüquqlarını müdafiə edir və ictimai qınaq güclü rol oynayır.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Qara Cümə əslində müştəri ilə brend arasında güvənin qurulması üçün nadir bir fürsətdir. Lakin Azərbaycanda bu fürsət çox zaman ticarət hiylələrinə qurban gedir. Əgər mağazalar və platformalar müştəriyə real dəyər təqdim etsə, bu gün uzunmüddətli müştəri loyallığını yaratmaq üçün ideal fürsət ola bilər: "Azərbaycanda Qara Cümə endirimlərinin düzgün tətbiq olunmamasının əsas səbəbi bazarda şəffaf rəqabət mühitinin tam formalaşmamasıdır. Qərb ölkələrində bu cür kampaniyalar real iqtisadi prinsiplərə əsaslanır - tələbin artması, stokların yenilənməsi və alıcılara dəyər təklifi. Bizdə isə bir çox hallarda bu gün sadəcə reklam məqsədilə istifadə olunur və qiymətlər üzərində manipulyasiyalar edilir. Məhsulun qiymətini süni şəkildə artırıb, sonra "endirimli" kimi təqdim etmək iqtisadi baxımdan qeyri-etikdir və bazarın sağlam inkişafına ziddir. Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində nəzarət mexanizmləri zəifdir. Nəticədə alıcı bazarda real endirimlərlə manipulyativ kampaniyaları ayırd etməkdə çətinlik çəkir. Bu isə həm alıcının, həm də bazarın etimadını sarsıdır".

Ekspert əlavə edib ki, Qara Cümə kimi kampaniyaların effektiv və dürüst təşkili üçün həm dövlət nəzarəti gücləndirilməli, həm də alıcılar maarifləndirilməlidir. Real rəqabət və şəffaflıq mühiti yaradılmasa, bu cür kampaniyalar sadəcə illik bir aldatma vasitəsinə çevriləcək.

Marketoloq Rüfət Kərimov deyir ki, müxtəlif ölkələrdə 70-80-90 faizlik böyük endirimlər, həqiqətən də olur, lakin Azərbaycanda belə deyil: "Azərbaycandakı "Qara Cümə"də 20-30, maksimum 40 faizlik endirimlər ola bilər. 70-80-90 faizlik endirimlərin mümkün olmasını düşünmürəm. Çünki bizim ölkədə satılan idxal malları, əsasən, başqa ölkələrdən gətirilir, yerli istehsal deyil. Burada gömrük rüsumu, daşınma xərcləri, icarə qiymətlərinin yüksək olması, işçi xərcləri və s. var. Bu da məhsulların qiymətinin yüksək olmasına gətirib çıxarır. Ona görə Azərbaycanda qiymətləri süni şəkildə qaldırıb, daha sonra əvvəlki qiymətinə endirib, fürsət adı ilə müştərilərə təqdim edirlər".

O vurğulayıb ki, əvvəllər mağazalar insanları aldatsa da, hazırda belə hallar azdır: "Bir neçə il bundan öncə feyk fəaliyyət göstərən şirkətlər, mağazalar qiymətləri qaldırıb, sonra satış qiymətinə salırdılar. Bazarımızda da getdikcə markalaşma formalaşdığına, real, şəffaf fəaliyyət göstərən şirkətlər artdığına görə bu tipli fəaliyyətlər artıq yığışdırılıb. Ola bilər ki, çox cüzi qalar".

Ekspertin sözlərinə əsasən, məhsullarda endirim maksimum 70 faiz ola bilər: "70 faiz endirim edildikdə bu, maya dəyərinin özü olur. 70 faizdən yuxarı endirim malın maya dəyərindən də aşağı qiymət formalaşdırır. Təbii ki, hər hansı malın maya dəyərindən aşağı qiymət formalaşırsa, bu, sahibkarı kifayət qədər ziyana aparır. 70 faiz endirimi 2-3, hətta 4 mövsüm əvvəldən anbarlarda qalan, trenddən düşən, müştərilərin almadığı, bəyənmədiyi məhsullara tətbiq edib, satılmayan məhsulların hamısını əldən çıxarırlar".

O bildirib ki, sahibkarlar hazırda trend olan yeni kolleksiyalardansa, alınmayan məhsulları satmağa daha çox üstünlük verirlər: "Çünki yüksək endirimləri daha çox köhnə məhsullara tətbiq edirlər. Yeni mövsüm məhsullarında endirimlər maksimum 30-35 faiz ola bilər. Çünki yeni kolleksiyalara çəkilən xərci, vergi və rüsumları geri qaytarmadan məhsulları yüksək endirimlə satmaq sahibkarlara sərf etmir".  

Mütəxəssis qeyd edib ki, insanlar özləri də mağazalarda monitorinq apara bilərlər: "Müştərilər sevdikləri mağazalardakı qiymətləri əvvəldən özləri üçün qeyd edib, festival zamanı yenidən yaxınlaşıb baxa bilərlər ki, tətbiq olunan endirimlər realdır, ya yox? Real deyilsə, aidiyyəti qurumlara şikayət edib, sahibkarların düzgün qiymət təyin etməsinə nail ola bilərlər".

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə,  məhsullarda birdən-birə bu qədər böyük endirimlər şübhələr yaradır: "Mağazanın qarşısından keçəndə görürük ki, 50-70 faiz endirim yazılıb. Faiz yerinə elə rəqəmlər qeyd edilir ki, istehlakçı üçün sual yaranmalıdır. Bu qədər məhsulun birdən-birə 50-70 faiz endirimi nə deməkdir? Bəs onun maya, istehsal dəyəri, ticarət xərcləri? Əgər mağaza müflis olub, bağlanmaq üzrədirsə, bu, başqa məsələ. Mağaza məhsulun qiymətinə bu qədər dəyişiklik edirsə, deməli, burada "sabun köpüyü" elementi, yəni şişirtmə var. Müəyyən brend məhsullar üzrə ölkəmizdə satış məntəqələrində qiymətlərin şişirdilməsi amili mövcuddur. Ümumiyyətlə, istehlak bazarımızda qiymətlərin formalaşması prosesində "sabun köpüyü" elementinin rolu böyükdür".

Azərbaycanda Qara Cümə endirimləri adətən daha çox kommersiya məqsədi daşıyan kampaniyalar kimi təqdim olunur. Təəssüf ki, bu prosesdə beynəlxalq təcrübələrə əsaslanan şəffaflıq və real dəyər təklifi çox vaxt müşahidə olunmur. Çox hallarda mağazalar endirim başlamamışdan əvvəl məhsulun qiymətini süni şəkildə qaldırır, sonra isə "guya" endirim edərək müştəridə aldatıcı təəssürat yaradır. Bu, həm etibarı zədələyir, həm də istehlakçının hüquqlarını pozur.

Qara Cümə təkcə endirim günü deyil, həm də markaların müştəri ilə uzunmüddətli münasibət qurması üçün bir fürsətdir. Əgər bu fürsət düzgün istifadə olunmazsa, alıcının inamı itir və nəticədə şirkətlər uzunmüddətli ziyanla qarşılaşırlar. Məncə, bu sahədə dövlət nəzarəti gücləndirilməli, eyni zamanda maarifləndirmə işləri də aparılmalıdır.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
50
525.az

10Источники