Son günlər kirayə mənzil qiymətləri sürətlə qalxır və bu, xüsusilə tələbələr, gənc ailələr və şəhərə yeni köçən insanlar üçün ciddi problemə çevrilir.
Maraqlıdır, hansı amillər qiymət artımına daha çox təsir göstərir?
Mövzu ilə bağlı Ölkə.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu dövrlər mövsümi xarakter daşıyan bahalaşma prosesi baş verir.
Onun sözlərinə görə, çünki hər il 50 mindən çox abituriyent tələbə adını qazanır:
"Bundan sonra tələbələr avqust və sentyabrın ilk ongünlüyündə Azərbaycan Respublikasının Bakı şəhərində olan daşınmaz əmlak bazarına müraciət edir. Xüsusilə də kirayə seqmentinə və kirayə seqmentində mənzil və həyət evlərinin axtarışına start verilir. Bu da hər il qiymətlərdə artım prosesinin baş verməsinə əsas yaradır. Bundan əlavə onu da qeyd edim ki, hazırda daşınmaz əmlak növləri xüsusi biznes maraqları üçün çox cəlbedici olduğuna görə, builki bazar həm mövsümi bahalaşmanı özündə əks etdirir, həm də daşınmaz əmlakın son üç ildə daha da ciddi şəkildə özünü göstərən qiymət artımına təsadüf edir.
Bu da qiymətlərin artımına və eyni zamanda kirayə seqmentində mənzillərin və həyət evlərinin çatışmazlığını meydana gətirir. Son nəticədə tələbat yüksək olduğuna görə, sözügedən istiqamətdə qiymət artımı baş verir".
V.Oruc qeyd edib ki, kirayə mənzil bazarında stabillik sentyabrın ikinci ongünlüyündən sonra baş verəcək:
"Təbii ki, burada qiymətlərin geriyə doğru yenidən ucuzlaşmasını gözləmək sadəlövhlük olardı. Sadəcə müəyyən qədər ajiotaj aradan qalxacaq və qiymətlərin sürətlə artımı dayanacaq. Amma hazırda bu prosesin əksi baş verir. Yəni qiymətlər sürətlə artır və Bakı şəhərində daşınmaz əmlak bazarının kirayə seqmentində çox böyük qıtlıq meydana gəlib.
Bu vəziyyətdən yeganə çıxış yolu dövlət tərəfindən yataqxanaların tikilməsi ilə bağlı təşviq qərarlarının qəbulu, özəl sektor sahibkarlarının bu istiqamətə cəlb olunması və tədris müəssisələrin tələbə şəhərciyi formasında Bakıdan kənara çıxarılmasıdır. Yəni bu proseslər həll olunsa, hər il qarşılaşdığımız ajiotaj aradan qalxacaq. Daşınmaz əmlak bazarının kirayə seqmentində müəyyən stabilləşmə baş verəcək".
Həmidə İbrahimova