Avropa və ABŞ alimlərinin birgə apardığı yeni tədqiqat göstərir ki, balanslı və təbii qidalanma insan immun sistemini əhəmiyyətli dərəcədə gücləndirir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Araşdırmaya 10 ölkədən 6 min iştirakçı daxil edilib və onların qida vərdişləri ilə immunitet göstəriciləri müqayisə olunub. Nəticələr göstərir ki, tərkibində antioksidant və vitaminlər yüksək olan meyvə, tərəvəz, zeytun yağı və tam taxıllı məhsullar immun hüceyrələrin fəaliyyətini artırır və xəstəliklərə qarşı müqaviməti gücləndirir.
Tədqiqatın müəlliflərindən biri, Londondakı Qida və Sağlamlıq İnstitutunun professoru Emma Rayan qeyd edib: “Düzgün qidalanma, yalnız fiziki sağlamlıq üçün deyil, həm də immun sistemin səmərəli işləməsi üçün vacibdir. Meyvə-tərəvəz və təbii yağların gündəlik pəhrizə daxil edilməsi infeksiyalara qarşı müdafiəni gücləndirir”.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, sürətli qidalanma, çox şəkərli və emal olunmuş məhsullar immun sistemin zəifləməsinə səbəb ola bilər. Buna görə, sağlam və təbii qidalar immunitetin qorunmasında əsas rol oynayır.
Nuriyyə NATİQQIZI